Bakı Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən Tünzalə Vəliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
O, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyini deyib.
Prokuror T.Vəliyevanın 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkilin müdafiə çıxışı üçün vaxt verilib.
Proses fevralın 28-də davam etdiriləcək.
İttihama görə, 2017-ci il noyabrın 7-də Sabunçu rayonunda yaşayan Tünzalə Vəliyeva həyat yoldaşı 29 yaşlı Nazim Vəliyevi öldürüb. O, istintaqa ilkin ifadəsində özünü müdafiə etmək üçün ərinə zərbə endirdiyini deyib.
İki uşaq anası olan Tünzalə Vəliyeva ərinin onu hər gün döydüyünü bildirib:
“Nazimin evə çox vaxt içkili gəlməsindən bezmişdim, məni hər gün döyürdü, təhqir edirdi. Həmin gün də döyməyə başladı, masanın üstündəki meyvə qabını başına vurdum, yerə yıxıldı. Qorxdum ki, durub məni öldürəcək, özümdən asılı olmayaraq, qaz balonu ilə başına vurmağa başladım”.
T.Vəliyeva saxlanılarkən məlum olub ki, əri onu stulla döydüyü üçün bir qolu sınıb və gipsdə imiş. Onun başının bəzi hissələrində, xüsusi ilə çənə nahiyəsində də əzik xəsarətləri olub.