Suriya prezidenti Bəşər Əsəd SANA agentliyinin jurnalistləri ilə birgə avtomobillə qaynar nöqtələrdən sayılan Şərqi Quta rayonuna yollanıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Adı çəkilən rayonun böyük hissəsi artıq Əsədə sadiq qüvvələrin nəzarətinə keçib.
Son bir həftə ərzində Suriya ordusu Cisrin, Hamuriyə, Kəfr Bətnə və Səkbə qəsəbələrini geri qaytarıb.
Suriya lideri Bəşər Əsəd 2013-cü ildən bəri ilk dəfədir ki, bu ərazilərə baş çəkir.
Hazırda üsyançı qüvvələrlə Suriya ordusu arasında Duma şəhərinin girişində amansız döyüşlər gedir.
Əsəd hərbiçilərlə görüşərək, göstərdikləri xidmətə görə onlara təşəkkür edib.
Suriya prezidenti Şərqi Qutanı “oksigen axını” ilə müqayisə edərək, düşmənlərin onu “kəsməklə” Dəməşqi “boğmağa” çalışdıqlarını bildirib.
Humanitar dəhlizin açılması ilə on minlərlə dinc sakin uzun müddət mühasirədə olmuş anklavı tərk edir.
“Suriya İnsan Haqları Müşahidə” qrupunun məlumatına görə təkcə bazar ertəsi, hökumət qüvvələrinə aid qırıcılardan endirilən raket zərbələri nəticəsində azı 20 nəfər həlak olub.