1cd89032-b31e-4906-8c26-e553818a021a..jpg

Əvəz Zeynallı kimlərdən nə qədər pul alıb? – ŞOK FAKTLAR + SİYAHI

Baxış sayı: 936 dəfə baxılıb.

Əvəz Zeynallı kimlərdən nə qədər pul alıb? – ŞOK FAKTLAR + SİYAHI

“Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və “Səda TV”
MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun cinayət işi üzrə ittihamlar
məlum olub.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Əvəz Zeynallı Elnur Şükürov və
Teymur Rəhimov ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında güman edilən
təsir imkanlarından istifadə edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (köhnə adı “Azəryolservis” ASC)
tərəfindən 2010-2015-ci illər ərzində həyata keçirilən “Kürdəmir-Ucar-Yevlax
avtomobil yolunun tikintisi” layihəsi ilə əlaqədar Nağı İsmayılov ona məxsus
əmlakın Yevlax rayonunun Aşağı Qarxun kəndinin inzibati ərazisində yolun
tikinti sahəsinə düşən hissəsinə görə hesablanmış 3500 manat məbləğində
kompensasiya ilə razılaşmayıb və kompensasiyanı almaqdan imtina edib.

O, yanacaq doldurma məntəqəsinin başqa əraziyə köçürülməsi, əldən çıxmış
gəlirin hesablanmasına dair iddia tələbi ilə əvvəlcə Şəki İnzibati Məhkəməsinə,
daha sonra Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına müraciət edib,
Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarından narazı
qaldıqda 2021-ci ilin iyun ayının əvvəllərində Əvəz Zeynallıya müraciət edib.

Qeyd edilən mülki mübahisənin ictimailəşdirilməklə xeyrinə həll olunmasına
köməklik göstərməsini xahiş edib.

Əvəz Zeynallı Nağı İsmayılovu özünün baş redaktoru və rəhbəri olduğu “Xural
TV” adlı kanalın redaksiyasında təşkil edəcəyi canlı yayıma dəvət edib,
şikayəti ilə bağlı orada danışacağını bildirib. Razılaşmanın nəticəsi olaraq o,
“Youtube” sosial şəbəkəsində olan Xural TV-də 16 iyun 2021-ci ildə Nağı
İsmayılovu həmin verilişinə qonaq qismində dəvət edib, mülki qaydada məhkəmədə
baxılmış müraciətini ictimailəşdirib, “Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyi” publik hüquqi şəxsinin rəhbər vəzifəli şəxslərinin qanunsuz
hərəkətlərə yol vermələri ilə bağlı tənqidi fikirlər səsləndirib, bunu geniş
internet istifadəçiləri arasında yayıb.

Bundan sonra “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi
şəxsinin inzibati binasına gəlib, orada Nağı İsmayılovun məhkəmə işi ilə
əlaqədar agentliyin rəhbər vəzifəli şəxsləri ilə görüşmək istədiyini bildirib.
Müraciətin nədən ibarət olmasını öyrənmək məqsədi ilə Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyinin Hüquqi Təminat və İnsan Resursları İdarəsinin rəisi
Şahbaz Qasımov onu agentliyin inzibati binasında olan xidməti otağında qəbul
edib. Əvəz Zeynallı özünü nüfuzlu jurnalist olmaqla geniş oxucu kütləsinə malik
şəxs kimi təqdim edib.

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsi barədə
dəfələrlə veriliş aparması, sonuncu verilişlərinin Nağı İsmayılovun iştirakı
ilə apardığını və geniş izləyici kütləsinin narazılığına səbəb olduğunu
bildirib, Şahbaz Qasımova gələcəkdə də, eyni məzmunlu verilişlər hazırlamaqla
Dövlət Agentliyindən narazı olan bütün şəxsləri efirə çıxaracağını, Şahbaz
Qasımovu və Dövlət Agentliyinin bütün vəzifəli şəxsləri, habelə hüquqi şəxs
qismində Dövlət Agentliyinin özünün işgüzar nüfuzunu ləkələyəcəyini,
barələrində rüsvayedici məlumatlar yaymaqla ictimaiyyətdə onların fəaliyyəti
ilə bağlı mənfi rəy formalaşdıracağını deyib.

Şahbaz Qasımova 8 000 manat məbləğində pul vəsaitinin ona verildiyi halda
rəhbərlik etdiyi internet xəbər portalında xidməti vəzifəsinin icrası ilə
əlaqədar onun və Dövlət Agentliyinin digər vəzifəli şəxslərinin xeyrinə edəcəyi
hərəkətə görə, yəni Nağı İsmayılovun şikayəti ilə əlaqəli hər hansı verilişlər
hazırlamayacağını, habelə bu mövzuda agentliyin vəzifəli şəxslərinin barəsində
çıxışlar etməyəcəyinin, eləcə də, Şahbaz Qasımovun özü barədə rəhbərlik etdiyi
redaksiyaya daxil olmuş çoxsaylı şikayət xarakterli məlumatları xəbər
portalında yaymayacağını bildirib.

Hədə-qorxunu real qəbul edən Şahbaz Qasımov onunla razılaşıb və 25 iyun
2021-ci ildə saat 17 radələrində “Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyi” publik hüquqi şəxsinin inzibati binasında yerləşən xidməti otağında
8 000 manat məbləğində pulu Əvəz Zeynallıya təqdim edib.

Bundan başqa, Əvəz Zeynallı dostluq münasibətində olduğu Elnur Şükürovla əlaqə
saxlayıb. Elnur Şükürov ona 2022-ci ilin yanvarında tanışı Teymur Rəhimovun
qohumu Nəzakət Cəfərovanın yaşadığı Sumqayıt şəhəri, 29-cu məhəllədəki mənzilin
arxa tərəfində olan boş torpaq sahəsinin onun xeyrinə özəlləşdirilərək orada
iaşə obyekti – mağaza tikilməsi üçün Sumqayıt şəhəri icra hakimiyyətindən
müvafiq icazənin alınmasına kömək göstərməsi ilə bağlı xahişini çatdırıb.

Teymur Rəhimov tərəfindən Nəzakət Cəfərovadan 9 noyabr 2021-ci ildə alınmış 7
000 manat, 11 noyabr 2021-ci ildə alınmış 70 manatı həmin məsələnin həll
olunması müqabilində aralarında böləcəklərini vəd edib.

O, Elnur Şükürova “Youtube” internet platformasında qeydiyyatdan keçirdiyi
Xural TV kanalı ilə etdiyi tənqidi çıxışlarına görə çoxsaylı rəhbər şəxsin onun
sözünü eşitdiyini, bu əsasla da təsir imkanından istifadə edəcəyini deyib.

Əvəz Zeynallının Elnur Şükürova verdiyi tapşırığı əsasında Teymur Rəhimov
vasitəsilə 2022-ci ilin fevral ayının istintaqla müəyyən edilməyən günündə
Nəzakət Cəfərovadan əlavə olaraq 4 000 manat məbləğində pul alıb, eyni zamanda
əldə edilmiş pulun məbləği ilə bağlı Elnur Şükürov onu məlumatlandırıb.

Əvəz Zeynalov sosial şəbəkədə yayımlanan Səda TV və Xural TV internet
kanallarının adından, habelə özlərinin güman edilən təsir imkanlarından
yararlanmaqla 2022-ci ilin fevral-mart aylarında istintaqla müəyyən edilməyən
gündə cinayətdən xəbərsiz özünün tanışı olan vəzifəli şəxs vasitəsilə Sumqayıt
Şəhər İcra Hakimiyyətinin başçısı ilə əlaqə yaradıblar.

Onlar Nəzakət Cəfərovaya boş torpaq sahəsinin özəlləşdirilərək iaşə obyekti
tikilməsinə dair icazə verilməsini xahiş ediblər və bu barədə qərarın qəbul
edilməsinə qanunsuz təsir göstəriblər. Elnur Şükürov vasitəsilə Nəzakət
Cəfərovaya qərarın icrası ilə bağlı tələb olunan həmin sənədlərin hazır
olduğunu, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsindən
götürməsini bildirib.

Nəzakət Cəfərova isə 2022-ci ilin martında Sumqayıt Şəhər İcra Hakimiyyətinin
Memarlıq və Şəhərsalma idarəsinə gedərək idarədə kargüzar işləyən Gülşən
Zamanovadan qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı 17 mart 2022-ci il
tarixli 124 nömrəli sərəncamı və layihə sənədlərini əldə edib.

Bundan başqa, Elnur Şükürov Əvəz Zeynallıya 2022-ci il fevralın əvvəllərində
dostu Ruslan Vəliyevin Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yerləşən
evinin qarşısında iaşə obyekti – mağaza tikmək üçün Sabunçu Rayon İcra
Hakimiyyətindən icazənin alınmasında köməklik göstərməsi ilə bağlı xahişini
çatdırıb.

Eləcə də, həmin il fevral ayının 11-də tikinti aparılacaq ərazinin
fotoşəkilini, habelə Telman Vəliyev haqqında məlumatları “WhatsApp” mobil
telefon tətbiqi vasitəsilə ona göndərib, icra hakimiyyətinin başçısından bu
məsələnin həll olunmasına dair köməklik göstərilməsi üçün müraciət etməsini
xahiş edib.

Əvəz Zeynallı Elnur Şükürova “Youtube” internet platformasında qeydiyyatdan
keçirdiyi Xural TV adlı kanalı və xəbər saytı vasitəsilə etdiyi tənqidi
çıxışlarına görə çoxsaylı rəhbər şəxslərin onun sözünü eşitdiyini, bu əsasla da
istədikləri razılığı ala biləcəyini qeyd edib.

Əvəz Zeynallı qulluq mövqeyindən istifadə etməklə və aldatma yolu ilə özgənin
əmlakını ələ keçirmək məqsədi ilə guya tikintinin aparılmasına icazənin
verilməsi qarşılığında Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə
xidməti vəzifəsinin icrası ilə əlaqədar Ruslan Vəliyevin xeyrinə bilə-bilə
qanunsuz qərarın qəbul edilməsi məqsədi ilə 7 000 manat məbləğində pul
vəsaitinin verilməli olduğunu ona bildirib, Elnur Şükürova tapşıraraq onunla
qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib.

Elnur Şükürov Əvəz Zeynallının tapşırığı əsasında 2022-ci ilin fevral ayının
ortalarında tanışı Ruslan Vəliyevlə əlaqə saxlayıb və Sabunçu qəsəbəsi Elşən
Mehdiyev küçəsində yerləşən evinin qarşısında iaşə obyekti – mağaza tikmək üçün
Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevdən razılıq
alındığını, bunun üçün vəzifəli şəxslərə 7 000 manat məbləğində pul vəsaitinin
verilməli olduğunu bildirib. Ruslan Vəliyev isə bununla razılaşıb.

Bundan sonra Əvəz Zeynallı dələduzluq yolu ilə ələ keçirmək istədikləri pul
vəsaitindən Adil Vəliyevə vermək niyyəti olmadan tanışlıq münasibətlərindən
istifadə edib və 2022-ci ilin fevral ayının əvvəllərində Sabunçu Rayon İcra
Hakimiyyətinin başçısının istifadəsində olan mobil telefon nömrəsinə zəng edib.

O, Telman Vəliyevin onun qohumu olmasını və ona Sabunçu qəsəbəsi Elşən
Mehdiyev küçəsində yerləşən evinin qarşısında iaşə obyekti – mağaza
tikintisinin aparılması üçün hər hansı sənədləşmə aparılmadan qanunsuz icazə
verməsini xahiş edib.

Daha sonra Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yerləşən torpaq sahəsində
iaşə obyekti – mağazanın tikintisinə maneə olunmamasına dair Sabunçu qəsəbəsi
inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüsal Hüseynova tapşırığın verilməsinə
və nəticədə tikintinin 2022-ci ilin fevral ayının sonunda başa çatdırılmasına
nail olub. Həmin ərəfədə Elnur Şükürov Ruslan Vəliyevlə görüşüb və ondan 7 000
manat məbləğində pul alıb.

Bundan başqa, Əvəz Zeynallı Elnur Şükürovla telefon vasitəsilə əlaqə
saxlayarkən ona daşınmaz əmlak alqı-satqısında vasitəçi xidməti göstərən tanışı
Salman Nəsrullayevin Hövsan qəsəbəsində İlqar Əhlimanov və Elman Qasımov
küçələrinin kəsişməsində yerləşən Bakı Şəhər İcra Hakimiyyəti başçısının 18
dekabr 2017-ci il tarixli 603 nömrəli sərəncamı ilə İdman-Sağlamlıq
tikintisinin lahiyələndirilməsi üçün “Yaşıl Mənzərə” MMC-nin istifadəsinə
ayrılmış 1,62 hektar torpaq sahəsinin icarə hüququnun satılmasına vasitəçilik
etdiyini, lakin ayrılan ərazinin faktiki olaraq 1,5 hektar olduğu və həmin
torpaq sahəsinin 5768,4 kvadratmetr hissəsinin və içərisində 168 kvadratmetr
ölçüdə tikilinin Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfat
Departamentinin Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında
olmasını, qeyd olunan daşınmaz əmlakın özəlləşdirmə prosesinə etirazının
olmaması barədə icazənin alınmasında köməklik göstərməsi ilə bağlı xahişini
çatdırıb.

Əvəz Zeynallı isə Elnur Şükürova Xural TV adlı kanalı və xəbər saytı
vasitəsilə etdiyi tənqidi çıxışlarına görə çoxsaylı rəhbər şəxslərin onun
sözünü eşitdiyini, bu əsasla da həmin güman edilən təsir imkanından istifadə
edib, həmin sənədin alınmasını ona pul vəsaiti verilməsi müqabilində təşkil edə
biləcəyini bildirib. Hazırladıqları cinayətkar sövdələşməyə və Elnur Şükürova
verdiyi tapşırığa uyğun olaraq, sonuncu 2022-ci ilin may ayında tanışı Salman
Nəsrullayevə zəng edib, qeyd olunan torpaq sahəsinin içərisində olan tikili ilə
birlikdə özəlləşdirilməsinə etirazın olmaması ilə bağlı rəsmi sənədin Suraxanı
Rayon İcra Hakimiyyətində işləyən səlahiyyətli şəxs olan tanışlarından xahiş
edərək alınmasının mümkün olacağını, bunun müqabilində 120 000 manat pul
verməli olduğunu bildirib.

Salman Nəsrullayev isə 120 000 manat pulun çox olduğunu, 50 000 manat pulun
müvafiq razılıq məktubu alınan zaman 40 000 manat pulun isə torpağın satışından
sonra olmaqla, cəmi 90 000 manat pul verə biləcəyini bildirib.

Planın davamı olaraq Elnur Şükürov Əvəz Zeynallının tapşırığı əsasında 6 iyun
2022-ci ildə, səhər saatlarında tələb edilən sənədin hazırlanması məqsədi ilə
Suraxanı Rayon İcra Hakimiyyətinin rəhbər vəzifəli şəxsi ilə görüşüb. O, Əvəz
Zeynallının və özünün adından Suraxanı rayonu ərazisində yerləşən 5768,4
kvadratmetr və içərisində 168 kvadratmetr ölçüdə tikilinin özəlləşdirilməsinə
etirazın olmaması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidmətinə ünvanlanmalı olan məktubun hazırlanması ilə bağlı müvafiq
götərişin verilməsini xahiş edib.

Bu barədə həmin rəhbər vəzifəli şəxs tərəfindən Suraxanı Rayon Mənzil Kommunal
Təsərrüfatı birliyinin rəisi Mais Məmmədova müvafiq göstərişin verilməsinə nail
olub.

Daha sonra Əvəz Zeynallının tapşırığı əsasında Elnur Şükürov 6 iyun 2022-ci
ildə, saat 10-11 radələrində Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı
birliyinin inzibati binasına gedib, Səda TV və Xural TV internet kanallarının
adından, habelə özlərinin güman edilən təsir imkanlarından yararlanıb birliyin
rəisi Mais Məmmədova qeyd olunan məktubun hazırlanmasını xahiş edib, bu barədə
qərarın qəbul edilməsinə qanunsuz təsir göstərib.

Plana uyğun olaraq Elnur Şükürov həmin gün saat 12 radələrində “Neftçilər”
parkının yaxınlığında Salman Nəsrullayevlə görüşüb, ondan 50 000 manatı alıb və
yenidən Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə qayıdıb. O, Mais
Məmmədovun adından tərtib edilən, imza və möhürü ilə təsdiq olunmuş
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış,
“Yaşıl Mənzərə” MMC-nin istifadəsində olan torpaq sahəsinin 5768,4 kvadratmetr
sahəsinin və 168 kvadratmetr ölçüdə inşa edilmiş tikilinin özəlləşdirilməsinə
etirazın olmamasına dair 6 iyun 2022-ci il tarixli məktubu götürüb.

Daha sonra həmin məktubu Salman Nəsrullayevə çatdırıb. Əldə etdikləri pulu isə
aralarında bölüblər.

Qeyd edək ki, “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı
və “Səda TV” MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun cinayət işi üzrə
məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir.

Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (təkrar rüşvət alma),
311.3.3-cü (külli miqdarda rüşvət alma), 311.3.4-cü (hədə-qorxu tətbiq
olunmaqla rüşvət alma), 32.4, 312.2-ci (Rüşvət vermə, yəni xidməti vəzifəsinin
(səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə
hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və
ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən
istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd
edilməsi və ya verilməsində iştirakçılıq) və 312-1.1-ci (vəzifəli şəxsin
qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham verilib.

Digər təqsirləndirilən Elnur Şükürova isə Cinayət Məcəlləsinin 178.2.1, 32.4,
312.2 və 312-1.1-ci maddələri ilə ittiham elan edilib.

İş üzrə zərərçəkmiş qismində Vəliyev Ruslan Telman oğlu tanınır.

Source link