Əzilmiş FETÖ zəlisinin qopmayan dişləri – VİDEO

Baxış sayı: 566 dəfə baxılıb.

Əzilmiş FETÖ zəlisinin qopmayan dişləri – VİDEO

2016-cı ildə Türkiyədə dövlət çevrilişi cəhdindən sonra bir çox qaranlıq
məqamlara aydınlıq gəldi. Belə ki, cəmiyyətdə söz, status sahibi olanların
vətənlərinə nə qədər “bağlı” olduqları ortaya çıxdı. Dövlət içində dövlət
quranlar şəxsi ambisiyalarını ölkənin konstitusiyasından üstün tutaraq
hakimiyyəti devirməyə cəhd etdilər. Qanlı hadisədə “alternativ dövlət”
piramidasının başında duran Fətullah Gülən isə okeanın o tayından
marionetlərinin təşkil etdiyi tamaşaya baxaraq hadisələrin gedişatını təxmin
etməyə çalışırdı. O dövrdən sonra rəsmən terror təşkilatı kimi tanınan FETÖ
ifşa edildi və yaxın coğrafiyada metastaz verdiyi bütün yerlərdə üzvləri
özlərini ələ verdilər. Din adı altında pərdələnən “hoca”ların, əslində, siyasi
fəaliyyətlə məşğul olduğu, destruktiv mövqe sərgilədiyi və gəncləri elm adı
altında ətrafına toplayaraq öz çirkin məqsədləri üçün istifadə etdiyi gün üzünə
çıxdı. Bundan sonra isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılan
“dindar”ların məhkəmələrinin ardı-arası kəsilmədi.

2020-ci ildə Türkiyədə FETÖ ilə əlaqəli məhkəmələrdən birində təqsirləndirilən
şəxs qismində cəlb edilən Mübariz Mənsimov var idi. Həbs etdilər, çirkli
əməllərinə görə qanuni cəzasını aldı, azadlıqdan məhrum etdilər. Amma Mübariz
var, Mübariz var! Biri təkbaşına şərti sərhədi keçərək onlarla erməni öldürür,
biri də xeyriyyəçi libasına bürünüb terror təşkilatına üzv olur. Birinci Milli
Qəhrəman, ikinci isə mini qəhrəmandır. Azından özünü belə təqdim etməyi,
cəmiyyətə bu obrazı yedirtməyi bacarıb. Bu da bir bacarıqdır. Əl altdan terror
təşkilatına üzv ol. Bununla da kifayətlənməyib həmin quruluşun ən ali
səviyyəsində təmsil olun. FETÖ-nun fəaliyyətinin hüquqi müstəvidə
qiymətlədirilməsi aparıldıqda anlayırsan ki, İstanbul Regional Ədliyyə
Məhkəməsi 3-cü Cəza Dairəsinin Mübariz Mənsimova verdiyi Fətullahçı Terror
Təşkilatı çərçivəsində “iyerarxik struktura daxil olmamaqla təşkilata qəsdən
yardım etmək” cinayətinə görə beş illik cəza onun üçün amnistiya olub.
Proseslərin hüquq çərçivəsində dəyərləndirilməsini başa düşdük, bəs mənəvi
prizmadan baxanda mənzərə necə görünür? Məncə heç də ürəkaçan deyil. Milyardlıq
imperiyanın kökünün çürük mənəviyyata dirənməsi, təbii ki, xoşagələn məqam
deyil. Niyə? Çünki ortada özünə azərbaycanlı deyən birindən bəhs edirik. O
azərbaycanlıdan ki, danışanda milli mənəvi dəyərlərdən dəm vurur, söhbət pul və
biznesdən gedəndə isə erməniyə dayı deyir. Sözgəlişi yox, elə hərfi mənada.
Məlumat üçün deyim ki, əslən erməni olan Levon Termendzhyan adlı şəxslə
Mənsimovun çox sıx əlaqələri olub. Bu barədə bir az sonra. İndi həmin bu
Levonun ABŞ tarixinə düşməsi barədə qısa annotasiya:

O, ABŞ Federal büdcəsindən aldığı pulu saxta sənədlərlə hesabına keçirib.
Ortaqları ilə birlikdə cinayətkar şəbəkə quran erməni mafiya başçısı ölkə
tarixinin ən böyük vergi fırıldaqçılıqlarından birini həyata keçirib. ABŞ-nin
Ədliyyə Nazirliyinin məlumatına görə, Termendzhyan 2010-cu ildən 2018-ci ilə
qədər Kinqston ailəsi ilə birlikdə fırıldaqçılıqla ABŞ-yə bir milyard dollardan
çox zərər vurub. Termendzhyan çirkli pulların yuyulması və fırıldaqçılıq
ittihamı ilə 40 il azadlıqdan məhrum edilib.

İndi isə qayıdaq bizim vətənpərvər Mənsimov cənablarına. Termendzhyanın oğlu
Georq Termendzhyan Solt Leyk Şəhər Federal Məhkəməsində baxılan prosesdə
FETÖ-çu Mənsimovla ortaq şirkət qurduqlarını deyib. Ortaqları olan Kinqston
qardaşları və FETÖ-çu M.Mənsimovla 2016-cı ilin oktyabr ayında guya yanacaq və
məhsul daşınması, biodizel daşınması və karqo daşınması üçün şirkət qurduğu
sübut olunub.

“Şirkətlərimin heç birində erməni yoxdur, hətta üçüncü nəsildən belə erməni
olsa, dərhal qovaram” deyən bir adam özü dələduzluğu ilə ABŞ tarixinə keçmiş
erməni ilə iş qurur. Bu spekulyasiya lideri illərdir ki, sosial şəbəkələrdə və
mediada özü barədə bir imic formalaşdırmağa çalışırdı. İnsanlara ən çox
inandırmaq istədiyi isə erməniləri “görən gözünün olmaması” ilə bağlı görüntü
idi. Amma reallıq hər şeyin bu qədər sadə olmadığını ortaya çıxartdı. Yoxsa
niyə erməni dostları sonradan onun müdafiəsinə qalxsınlar ki? Bir tərəfdən
ermənilərlə iş birliyi, digər tərəfdən FETÖ ilə əlaqələr. Görəsən bilinməyən
daha neçə-neçə gizli simanı öz həyatına sığdıra bilib cənab Mənsimov? Yəqin ki,
mesenat obrazını da əsl üzünün ortaya çıxmaması üçün istifadə edirmiş.

Mənsimov məsələsində qəribə bir məqam da formalaşdırdığı (amma realda mövcud
olmayan) imicini qorumaq üçün dəridən-qabıqdan çıxan həmin o kəsə, Azərbaycan
KİV-ləri tərəfindən dəstəyin göstərilməsi idi. Media olaraq ortada olan
faktları danmaq və Mənsimov obrazının üzərində işləmək həmin o kütləvi
informasiya vasitələrinin nəyinə lazımdır? Don Kixot kimi yel dəyirmanlarına
qarşı döyüşən Mənsimovu müdafiə edən KİV-lər hüquq-mühafizə orqanları
tərəfindən nəzarətə götürülməlidir. Həmin qurumlar tərəfindən ən azından
yuxarıda sadalanan faktların inkarı və həmin o sübutların danılaraq müsbət imic
formalaşdırmaq cəhdləri burada məsələnin mənəvi inancdan fərqli olduğunu
düşünməyə vadar edir. Ola bilər ki, özünü Mənsimovun yanında müdafiəçi kimi
göstərən həmin KİV-lər bunu heç də havayı şəkildə etmirlər. Axı cənab Mənsimov
“səxavətli”dir.

Amma FETÖ ilə bağlı üzücü məqam tək Mənsimovla bağlı deyil. Azərbaycan
Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu da bu şəbəkənin ən aktiv
üzvlərin biri kimi həbs edildi. Üstəlik Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyi tərəfindən Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil
olan məlumat əsasında keçirilən əməliyyat tədbirləri çərçivəsində. Ona (saxta
pul, qiymətli kağızlar əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən
törədildikdə maddəsi ilə) cinayət işi açıldı. Sual yaranır.

ABŞ-nin bir neçə universitetində (Şimali Karolina Universiteti, Dyuk
Universiteti, Ratqers Universiteti) elmi fəaliyyətlə məşğul olmuş birinin FETÖ
ilə nə işi ola bilər ki? Sual özlüyündə maraqlıdır, amma cavab da ondan geri
qalmır. Din və elmlə pərdələnən, rəsmən terror təşkilatı kimi tanınan qurumun
professor üzvü olmaq ideoloji və siyasi terrora dəstək verməkdən başqa bir şey
deyil. Bu isə fiziki terror təhdidlərindən daha təhlükəlidir. Çünki klassik
terror konkret obyekti hədəf alaraq onu sıradan çıxarmağa çalışır. İdeoloji
terrorun hədəfi isə daha kütləvi olur. Belə terror bütövlükdə cəmiyyətin bütün
növ dəyərləri də daxil olmaqla, ümumi maraqları və siyasi şüuru təhdid edir.
Bütün sadalananları həyata keçirmək üçün isə xammala ehtiyac var. Təbii ki,
xərçəngvari həyat tərzi keçirən bu şəbəkəyə öz amallarını reallaşdırmaq üçün bu
tipdə inqrediyentlər tapmaq lazımdır. Çünki Türkiyədəki uğursuzluqdan sonra
regiondakı mövqeləri ciddi şəkildə laxladı. Növbəti hədəf kimi Azərbaycan
mərcək altına alındı və uzun müddət bu ölkədə davam etdirdikləri
fəaliyyətlərinin məntiqi sonluğunu əldə etməyə çalışdılar. Türkiyədəki siyasi
və sosial uğursuzluqlarını bizim ölkəmizdə kompensasiya etməyə cəhd göstərdilər.

Bu cəhdlərdə aktiv şəkildə istifadə etdikləri fiqurantlardan biri isə digər
azərbaycanlı, alim və iş adamı Fazil Qasımov idi. O, Türkiyədə saxlanılaraq
Azərbaycana gətirilib. Nərimanov Rayon Məhkəməsində Fazil Qasımovun barəsində
üç ay 12 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Ona da Cinayət
Məcəlləsinin saxta pul, qiymətli kağızlar əldə etmə və ya satmanın mütəşəkkil
dəstə tərəfindən törədilməsi maddəsi ilə iş açılıb. Böyük ehtimalla “layihə”
növbəti Qubad İbadoğlu yetişdirirdi, amma alınmadı.

İstənilən halda, bu tipdə sektalar həmişə olub və onlar daima daxili
bazarlardan kimlərisə qəhrəman, kimlərisə kumir kimi formalaşdırmaqla öz
ideyalarını geniş auditoriyaya çatdırmaq məqsədi güdürlər. FETÖ və bu layihənin
sahibləri Türkiyə və Azərbaycanı hədəfdə saxlayır, imkan düşdükcə kirli
planlarını icra etməyə çalışırlar. Bir növ zəli kimi cəmiyyətin dəyərlərini
sovurur, əvəzinə isə öz zəhərlərini axıdırlar.

Aqil Vəlili


Source link