2edb88e8-99f0-4384-86d8-933d80183478..jpg

10 milyonluq ziyana görə 10 il həbs cəzası verilmiş şirkət rəhbəri bəraət alıb

Baxış sayı: 928 dəfə baxılıb.

10 milyonluq ziyana görə 10 il həbs cəzası verilmiş şirkət rəhbəri bəraət alıb

Külli miqdarda mənimsəmə və vergiləri ödəməkdən yayınmaqda təqsirli bilinərək
10 il azadlıqdan məhrum edilmiş “Güllübulaq” (indiki ERBİ-H) MMC-nin keçmiş
rəhbəri Füzuli Adıgözəlov barəsindəki hökmdən verilmiş şikayətə baxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsində şikayət qismən
istintaq aparılmaqla yenidən araşdırılıb.

Təqsirləndirilən şəxsin vəkili şikayəti əsaslandırarkən müvəkkili barəsindəki
ittihamlarda dəqiq və inandırıcı dəlil və sübutlar olmadığını, birinci
instansiya məhkəməsinin hökmünün əsassız olduğunu deyib. Vəkil çıxışında
müvəkkilinin zərərçəkmiş qismində tanınmış şirkətin rəhbəri olduğunu
xatırladaraq onun öz şirkətindən “oğurluq etməsinin” real görünmədiyini deyib.

Hakim İbrahim İbrahimlinin sədrlik etdiyi məhkəmə heyəti müdafiə tərəfinin
çıxışlarını, apellyasiya şikayəti dəlillərini tədqiq etdikdən sonra
təqsirləndirilən şəxsin bəraətinə qərar veriblər. Füzuli Adıgözəlov günahsız
elan olunaraq dərhal məhkəmə zalından azadlığa buraxılıb.

Qərarda bəraət almış şəxsin maddi və mənəvi ziyana görə iddia qaldırmaq hüququ
olduğu qeyd olunub.

Xatırladaq ki, Füzuli Adıgözəlov 3 il əvvəl – 2020-ci ildə Baş Prokuror
yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.

İttihama görə, Füzuli Adıgözəlov 2011-2015-ci illərdə Türkiyədən müxtəlif
məhsullar idxal edib, “Güllübulaq” MMC-yə məxsus 1 milyon 885 min manat
hesabına həmin malların dəyərini və gömrük rüsumlarını ödəyib, lakin malların
satışından əldə etdiyi gəlirdən cəmiyyətə ödəniş etməyib.

Bundan başqa, Füzuli Adıgözəlov 2011-2015-ci illər ərzində 8 milyon 396 min
manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmaqda ittiham
olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və
213.2.2-ci (külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə ittiham
irəli sürülüb.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi
ilə araşdırılıb. Hökmə əsasən, Füzuli Adıgözəlov verilmiş ittihamlarla təqsirli
bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

Source link