10 min nəfərin aldadıldığı dələduzluqla bağlı məhkəmə başlayır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“OCOS” beynəlxalq dələduzluq piramidasını Azərbaycana gətirməklə vətəndaşların
külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilən
dəstənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Qaynarinfo” xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər
Məhkəməsinə göndərilib. Fevralın 15-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin
edilib.
İclas hakim Kamran Muxtarovun sədrliyi ilə keçiriləcək. Təqsirləndirilən
şəxslər Xəyal Xanış oğlu Yaxyayev, Kənan Hacıməmməd oğlu Mustafazadə, Yeganə
Əvəz qızı Məmmədova və Gülara Qulu qızı Abdullayevadır. İş üzə 241 nəfər
zərərçəkmiş qismində tanınıb.
Dəstə 2021-ci ildə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşlarının keçirdiyi əməliyyat
nəticəsində yaxalanıb. Həmin vaxt DİN-in yaydığı məlumatda bildirilib ki, Baş
İdarəyə bir qrup şəxsin investisiya şirkəti adı altında şəbəkə biznesi
yaradaraq çoxlu vətəndaşı aldatmaları və pullarını ələ keçirmələri barədə
əməliyyat məlumatları daxil olub. Baş İdarə əməkdaşlarının Azərbaycan Mərkəzi
Bankının mütəxəssislərinin iştirakı ilə apardıqları araşdırmalar zamanı müəyyən
olunub ki, Bakı şəhər sakinləri – Gülara Abdullayeva, Xəyal Yaxyayev və
qeyriləri ölkə daxilində “Insuccess” adlı fəaliyyət istiqaməti qeyri-müəyyən
olan şirkət yaradıblar. Daha sonra onlar “OCOS” beynəlxalq dələduzluq
piramidasını ölkəyə gətirərək yaratdıqları şirkət vasitəsilə sosial şəbəkələrdə
piarını həyata keçirməklə geniş yayılmasını təşkil ediblər. Bu şəxslər internet
şəbəkəsində xüsusi lokal proqramlar vasitəsilə əslində mövcud olmayan
kriptovalyuta yaradaraq guya onun beynəlxalq valyuta bazarında satışını təşkil
etdiklərini və şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul
vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər. Bu qayda ilə adıçəkilən şəxslər
qurduqları şəbəkə biznesinə piramida şəklində çoxsaylı vətəndaş cəlb edərək
onlara faktiki mövcud olmayan, uydurulmuş kriptovalyuta satıblar.
Araşdırma zamanı dəstə üzvlərinin investisiya paketi adı altında şişirdilmiş
yüksək gəlirlər təklif edərək ümumilikdə 10 minə yaxın vətəndaşı aldatdıqları
və külli miqdarda vəsaitlərini ələ keçirdikləri müəyyən edilib. Əməliyyat
tədbirlərinin davamı olaraq həmin şəxslərin paytaxtın Xətai rayonu, Sumqayıt
şəhəri və digər məkanlarda icarəyə götürdükləri ofislərə baxış keçirilən zaman
iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək götürülüb. Təqdim
edilən sonuncu faktlarla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində
Gülara Abdullayeva və Xəyal Yaxyayev barəsində Cinayət Məcəlləsinin 178.3.2
(dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət
işi başlanıb. Əməliyyat tədbirləri davam etdirilib və cinayət işi üzrə daha iki
nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.