c0a84872-b84e-4bf2-acc9-f8795f9689cf..jpg

100 min əlyazma, 40 min eksponat – FOTO

Baxış sayı: 637 dəfə baxılıb.

100 min əlyazma, 40 min eksponat – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daşkənddəki İslam Sivilizasiyası Mərkəzinin tikintisi başa çatmaq üzrədir.
Yeddi hektar ərazini əhatə edən mərkəzin bu ilin sonuna qədər ziyarətçiləri
qəbul etməsi planlaşdırılır.

Daşkənd şəhərinin qədim hissəsində – Almazar rayonunda, məşhur Həzrəti İmam
(Həstimom) kompleksinin ərazisində yerləşən İslam Sivilizasiyası Mərkəzinin
(İSM) beş ildir davam edən tikintisi başa çatmaq üzrədir. Yeddi hektar ərazini
əhatə edən mərkəzin bu ilin sonuna qədər ziyarətçiləri qəbul etməsi
planlaşdırılır.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin tikilinin İslam Mədəniyyəti Mərkəzi
deyil, İslam Sivilizasiyası Mərkəzi adlandırılması təklifi məmnunluqla
qarşılanıb.

İslam Sivilizasiyası Mərkəzi təkcə türk dünyasında deyil, bütün İslam
dünyasında bu istiqamətdə fəaliyyət göstərən elmi mərkəzlər üçün baza rolunu
oynayacaq.

“Kaspi” qəzeti bu
barədə məqalə dərc edib.

Daşkənd şəhərinə mediatur zamanı jurnalistləri Mərkəzdə müşayiət edən İSM-in
beynəlxalq şöbəsinin rəhbəri Səid Kamil Xalxocayev məlumat verdi ki, mərkəzin
yaradılmasında əsas məqsəd bütün dünyaya İslamın terror deyil, mədəniyyət
daşıyıcısı olduğunu isbatlamaqdır: “Məqsədimiz Orta Asiyada analoqu olmayan,
zəngin dəyərlərə, gözəl adət-ənənələrə malik İslamı dünyaya nümayiş etdirmək,
onun sülh, humanizm və inkişaf dini olduğunu göstərməkdir. Bəzən dünyanın
müxtəlif yerlərində İslamı terrora çağırış edən ideologiya kimi qəbul edirlər.
Amma baş verən qanlı hadisələrin İslam mədəniyyəti ilə heç bir əlaqəsi yoxdur”.
Mərkəz təmsilçisi bildirdi ki, İSM-də region alimlərinin böyük irsi, onların
dünya sivilizasiyasına, mədəniyyətinə, elm və tarixinə, eləcə də İslam
mədəniyyətinə töhfələri öyrəniləcək: “İslamın zəngin və tarixi mədəniyyət
daşıyıcısı olduğunu tezliklə bütün dünya görəcək. Mərkəz təkcə İslam
həmrəyliyində deyil, dünya xalqlarının həmrəyliyində böyük rol oynayacaq, İslam
dünyasının maddi və mənəvi mədəniyyətinin qorunmasına töhfələr verəcək”.

İslam Tarixi Muzeyi doqquz bölmədən ibarətdir. Binanın mərkəzində, 65 metrlik
günbəzin altında İslam dünyasının incisi olan Hz. Osmanın “Quran”ı qorunur.
“İslamdan əvvəlki dövrdə Orta Asiya”, “Mərkəzi Asiyada İslamın yayılması”,
“Təhsil”, “Elm”, “Memarlıq və şəhərsalma”, “İncəsənət və sənətkarlıq”,
“Ənənələr” və “Üçüncü İntibah – Yeni Özbəkistan” bölmələri isə bu salonun
ətrafında yerləşdirilib. Birinci mərtəbədə 550 yerlik konfrans zalı da nəzərdə
tutulub. Şərq üslubunda möhtəşəm günbəz, dörd tərəfdən isə hündürlüyü 34 metr
olan minarələr ucaldılıb. Binanın birinci mərtəbəsində muzey, qədim əlyazmaları
və əşyaları mühafizə və bərpa etmək üçün otaqlar, mətbəə, kitab mağazaları
olacaq. Mərkəzdə tarixi mənbələr və eksponatlar nümayiş etdiriləcək, tematik
sərgilər təşkil olunacaq.

Mərkəzin ikinci mərtəbəsində təxminən 15 min kvadratmetrlik sərgi zalı olan
İslam Sənəti Muzeyi yerləşir.

Üçüncü mərtəbədə rəqəmsal nüsxələri ilə birlikdə 100 min əlyazma, müxtəlif
müasir dövri nəşrlər olan kitabxana, informasiya-resurs mərkəzi, elmi
kafedralar və inzibati otaqlar yer alıb.

Yerli və xarici mütəxəssislər mərkəzdə elmi tədqiqatlarla məşğul olacaq,
onların fəaliyyətinin nəticəsi kimi ensiklopediyalar, elmi nəşrlər çap
olunacaq, televiziya verilişləri hazırlanacaq, filmlər çəkiləcək. Yerli və
xaricdə saxlanılan qədim əlyazmaların, litoqrafiyaların, tarixi sənədlərin,
müasir dini və maarifləndirici ədəbiyyatın ən böyük məlumat bazasına sahib
muzeydə 40 mindən çox eksponat nümayiş etdiriləcək: “Onları sərgiləmək üçün
yeni informasiya texnologiyalarından istifadə edilir. Sərgilərin formalaşmasına
tarixçilər, ilahiyyatçılar, sənətşünaslar, memarlar, arxeoloqlar, aparıcı muzey
mütəxəssisləri, rəssamlar, dizaynerlər və digər mütəxəssislər cəlb olunub”.

Muzeyin fondu da elmi cəhətdən inkişaf etdirilib. Ekspozisiyalar İslam elminə,
incəsənətinə və mədəniyyətinə aid yerli və xarici eksponatların, antik dövrün
arxeoloji abidələrinin tematik seçilmiş kolleksiyasından ibarətdir. Onların
arasında “zaman dəhlizləri” yer alıb – eksponatlar sivilizasiyanın inkişafına
uyğun yerləşir.

Mərkəzdə fəaliyyət göstərəcək Beynəlxalq İslam Akademiyasında 200-dən çox
tələbə magistratura və doktorantura səviyyəsində təhsillərini davam etdirə
biləcək. Özbəkistan Prezidenti də qeyd edib ki, Beynəlxalq İslam Akademiyasının
müəllimləri və tələbələri bu mərkəzdə öz biliklərini zənginləşdirəcəklər: “Bu
mərkəz əsrlər boyu xalqlara xidmət edəcək”. Mərkəz ziyarət turizmi üçün bələdçi
və tərcüməçilər də hazırlayacaq, İslam sivilizasiyasının öyrənilməsinə yönəlmiş
mühazirələr, sərgilər, konfranslar, simpoziumlar və digər tədbirlər təşkil
ediləcək.

Səid Kamil Xalxocayev bildirdi ki, hazırda mərkəz 15 ölkənin 30-a yaxın
təşkilatı ilə əməkdaşlıq edir. Həmin ölkələrin muzeyləri, universitetləri,
kitabxana fondları, elmi-tədqiqat mərkəzləri ilə əlaqələr qurulub. Mərkəz
Azərbaycanla da əməkdaşlıq edir: “Azərbaycan İslam ölkələri arasında
əməkdaşlığa böyük töhfə verir və bu istiqamətdə çoxsaylı layihələr həyata
keçirir. İslam dəyərlərinin təbliği istiqamətində çoxlu işlər görən
Azərbaycanın təcrübəsi çox böyükdür.

İslam Sivilizasiyası Mərkəzinin muzeyində İslam irsi eksponatlarının
zənginləşdirilməsi, mədəniyyət mərkəzinin yaradılması məsələlərində
Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlıq edirik. Əməkdaşlığımızın təkcə
türk dünyasına deyil, bütün İslam aləminə faydası olacağına ümid edirik”.

Mərkəzin Özbəkistan turizminin inkişafına böyük töhfə verəcəyi gözlənilir.
Bununla ölkənin dini və tarixi turizm marşrutlarına nəhəng elm, təhsil və
mədəniyyət marşrutu da birləşəcək.

Source link