100 minlik yalan bir ailənin faciəsinə çevrildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 24 yaşlı
Salman Məmmədəliyevə hökm oxunub.
“Qafqazinfo”nun məlumatına görə, məhkəmə prosesində S.Məmmədəliyevin bibisi
oğlundan aldatma yolu ilə 100 min manat alması və verdiyi vədə əməl etməyərək
pulu qaytarmaması bildirilib.
Araşdırmalar zamanı məlum olub ki, S.Məmmədəliyev Elşən adlı bibisi oğluna
Yevlaxdakı şirkətlərdən birinə bölgə müdiri təyin edildiyini bildirib və gübrə
işinə 100 min manat qoyarsa, 15 gün içində 30 faiz gəlir götürə biləcəyinə
inandırıb. Bundan sonra o, Bakı şəhərinə gələrək qohumundan üç dəfəyə olmaqla
ümumilikdə 100 min manat alıb.
Lakin qısa vaxt sonra Salmanın hər hansı bizneslə məşğul olmaması üzə çıxıb və
o, aldığı pulları qaytara bilməyib.
Bundan sonra yaxın qohumlar arasında narazılıq başlayıb. Elşən dayısı oğlu
barəsində şikayət edib. Salman bibisi oğluna yaşadığı evin sənədlərini verib.
Oğlunun əməllərini görən Salmanın atası Müşfiq Məmmədəliyev məktub yazaraq
intihar edib. O, məktubunda “min bir əziyyətlə qurduğum evin verilməsinin
əleyhinəyəm”, yazıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Salman Məmmədəliyev bütün
pulların atasına çatdığını bildirib və heç bir günahının olmadığını deyib.
Zərərçəkmiş tərəf isə yaxın qohum olduğu üçün Salmanın həbs edilməsini
istəmədiklərini, lakin dəymiş zərərin ödənilməsini tələb etdiklərini deyiblər.
Məhkəmənin hökmü ilə Salman Məmmədəliyevə altı il həbs cəzası verilib.