9312d5e9-e103-403a-93f0-ee6ad0d24b3e..jpg

100 qram araq içib yarışçını öldürdü: Şağan İdman Kompleksindəki qətlin DETALLARI – FOTO

Baxış sayı: 586 dəfə baxılıb.

100 qram araq içib yarışçını öldürdü: Şağan İdman Kompleksindəki qətlin
DETALLARI – FOTO

2022-ci il noyabrın 26-da Gənclər və İdman Nazirliyinin nəzdində olan Şağan
Olimpiya İdman Kompleksinin inzibati binasınd qətl hadisəsi olur. Məlumatla
əlaqədar dərhal polis və prokurorluq əməkdaşları məhkəmə-tibbi ekspertinin
iştirakı ilə hadisə yerinə yollanır. Baxışda iştirak edən Çevik Polis Alayının
əməkdaşı prokurorluğun müstəntiqinə 2 ədəd bıçaq təqdim edərək, birini cinayəti
törədən şəxsin əlindən aldığını, digərini isə tamaşaçılar nəzərdə tutulan
oturacağın üzərindən götürdüyünü bildirib.

Məlum olub ki, qətlə yetirilən şəxs 2006-cı il təvəllüdlü Turan Rüstəmovdur.
Saxlanılan Ruslan Səfxanov 2002-ci ildə Sumqayıt şəhərində anadan olub,
əvvəllər məhkum olunmayıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən
adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, noyabrın 26-da Ruslan Səfxanov yüngül dərəcəli
sərxoş vəziyyətdə Olimpiya Kompleksində keçirilən yarışlar zamanı tamaşaçı kimi
iştirak edib. Saat 17 radələrində əyləşdiyi oturacağın yanından keçməsi üçün
əvvəllər tanımadığı Turan Rüstəmovdan yol verməsini istəyib. Turanın kobud
cavab qaytarmasını bəhanə edən Ruslan üzünə zərbə vurandan sonra, onu
münaqişəyə cəlb edib. Əlbəyaxa olan zaman, şalvarının belindən bıçaq çıxararaq,
Turanın döş qəfəsinə bir dəfə zərbə endirib. Aldığı xəsarətdən T. Rüstəmov
yerindəcə keçinib.

İş üzrə dindirilmiş Ruslan Səfxanov bildirib ki, Azərbaycan Dövlət Bədən
Tərbiyəsi və İdman Akademiyasının 3-cü kurs tələbəsi, cüdo üzrə milli yığma
komandasının üzvü olub. Fəxri fərman və Diplomlarla təltif olunub, respublikada
və xarici ölkələrdə bu idman növü üzrə yüksək nailiyyətlər əldə edib:

Ruslan Səfixanov

“2022-ci il noyabrın 26-da Şağan Olimpiya İdman Kompleksində yetkinlik yaşına
çatmayan idmançılar arasında keçirilən yarışlara Sumqayıtdan məşqçimiz Elşən
Poladovun rəhbərliyi ilə 9 nəfərlik heyət yollanıb. Mən də psixoloji və mənəvi
dəstək vermək üçün komanda ilə yarışa getdim. Saat 10 radələrində komandalar
arasında döyüşlər başladı. Təxminən 2 saatdan sonra komanda üzvlərimiz Elmir və
Kənanla birlikdə kompleksin yanında yerləşən marketdən çörək, pendir, kolbasa
və bir şüşə araq alaraq geri qayıtdıq. Nahar etməyə başlayanda məlum oldu ki,
aldığımız ərzaqları doğramaq üçün bıçaq yoxdur. Buna görə, gedib xırdavat
mağazasından bir ədəd mətbəx bıçağı aldım. Yemək yeyərkən 100 qram arağı soyuq
çayla qarışdırıb içdim. Nahardan sonra komandanın döyüşlərini yaxın məsafədə
izlədim. Pilləkənlərlə tribunaya qalxanda əvvəllər tanımadığım Turan Rüstəmovun
orda tək oturduğunu gördüm. Turan ayaqlarını qarşısındakı oturacağın üzərinə
qoyduğu üçün, mənə oturmağa mane olurdu. Ondan ayaqlarını oturacaqdan
endirməsini tələb edəndə Turan məni söydü. Buna görə, ona şillə vurdum. Ardınca
bir-birimizə təpik və yumruqla zərbələr endirdik. Növbəti dəfə mənə söydüyü
üçün hiddətlənərək, şalvarımın belinə keçirdiyim bıçağı çıxarıb ona 2 dəfə
zərbə vurdum. Sonra polis əməkdaşları məni tutaraq, şöbəyə apardılar”.

Ruslan Səfxanov əlavə edib ki, Turan Rüstəmovu ilk dəfə hadisə günü görüb.
Onunla heç vaxt yarışlarda iştirak etməyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Sevinc Xəlilova ifadəsində göstərib ki, oğlu
Turan Rüstəmovun balaca vaxtından idmana həvəsi olub, söyüş söyən uşaq olmayıb:

“Boşanandan sonra həyat yoldaşım Zəki Rüstəmov Yevlax rayonun Salahlı kəndində
qaldı. Mən isə oğlum və qızımı götürüb Mingəçevir şəhərinə gedərək, orada
kirayədə yaşadım. Orda Turan idmanın cüdo növü ilə məşğul olmağa başladı.
Müxtəlif respublika daxili yarışlarında iştirak edərək, nailiyyətlər qazanıb.
Hadisədən 10 gün əvvəl bildim ki, müəllim Əlağa Səfərov Turanı Bakı şəhərinə
keçiriləcək yarışa aparacaq. Noyabrın 26-ı saat 11 radələrində Turana zəng
etsəm də, oğlu cavab vermədi. Saat 17 radələrində özümü pis hiss etdiyimdən
işlədiyim marketin müdirindən icazə alıb evə getdim. Evə çatandan sonra anam
zəng vuraraq, Turanın kiminləsə dalaşdığını və atasının Bakıya getdiyini xəbər
verdi. Qızım Gülsüm atasına zəng edəndə, o, Turanın aldığı bıçaq
xəsarətlərindən artıq öldüyünü bildirdi”.

Şahid Zəka Rüstəmov bildirib ki, noyabrın 26-ı saat 17 radələrində kənd
çayxanasında dostları ilə oturub çay içən zaman ona tanışı Nail Balaşov zəng
edib və “oğlunu bıçaqla vurublar, özünü tez Bakıya çatdır” deyib:

“Dərhal öz maşınımla xalamoğlu Nadir və dostum Ağamalı ilə birlikdə Bakı
şəhərinə yollandıq. Ora çatanda, Turanın meyitinin Xəzər rayon Pataloji
Anatomiya şöbəsində olmasını öyrəndim. Ekspertizadan sonra, uşağın meyitini
rayona apardıq və onu kənd qəbiristanlığında dəfn etdik”.

Zəka Rüstəmov qeyd edib ki, oğlunun meyitini özü yuyub. Sinəsində, alnında,
qulağının yanında və başında xəsarət izləri olub. Onun sözlərinə görə,
dostlarından biri ayaqyoluna getmək üçün Turandan çəkələyini istəyib. Oğlu da
ayağıyalın qaldığı üçün ayaqlarını oturacağın üzərinə qoyub. Bu zaman Ruslan
Turana yaxınlaşıb, onu söyüb və ayağını aşağı salmasını tələb edib. Şillə
vurduqdan sonra, oğlu durub Ruslana cavab qaytarıb. O da bıçağı çıxarıb Turana
zərbələr vurub.

Zəka Rüstəmov

Şahid qismində dindirilmiş Əlağa Səfərov bildirib ki, Mingəçevir şəhər Gənclər
İdman İdarəsinin nəzdində cüdo üzrə baş məşqçi işləyir:

“Turan Rüstəmov tələbəm idi. 26-27 noyabr 2022-ci il tarixlərində Şağan
Olimpiya İdman Kompleksinin inzibati binasında şəhid Sübhan Abdurrəhmanlının
xatirəsinə həsr olunmuş 2006-2008-ci il təvəllüdlü uşaqlar arasında cüdo üzrə
yarışa mən də öz tələbələrimi gətirdim. Səhər saat 10 radələrində yarış
başladı. Turan Rüstəmov ilk 2 görüşünü qələbə ilə başa vurdu. Arenanın
tamaşaçılar üçün nəzərdə tutulan sektorunda əyləşərək, 3-cü görüşünü gözlədi.

Mən isə həmin vaxt tribunanın önündə, hakimlərin arxasında oturmuşdum. Növbəti
görüşünün başlanmasına bir az qalmış Turana tərəf çevrilərək, ona ayağa qalxıb
yarışqabağı əzələləri açmaq üçün xırda fiziki hərəkətlər etməsini tapşırdım.
Sonra yarışları seyr etməkdə davam etdim. Həmin vaxt yarış zalında da səs-küy
çox idi. Təxminən 10 dəqiqədən sonra qarşımda əyləşən hakimlərin ayağa qalxıb,
mənə tərəf gəldiklərini görəndə, arxamda nə baş verdiyini anlamaq üçün
çevrildim və 2 nəfərin dalaşdığını gördüm. Turanın bıçaqlandığı anı görməmişəm”.

Hadisənin törədildiyi bıçaq

Şahid qismində dindirilmiş Çevik Polis Alayının polis serjantı Nicat Nəsirov
ifadəsində göstərib ki, noyabrın 26-da Şağan Olimpiya İdman Kompleksində
keçirilən yarışda asayışın təmin olunması məqsədi ilə Ramin Aliyarovla və Fərid
Yusifli ilə xidmətdə olub:

“Saat 17 radələrində hakimlərin arxa tərəfimdə yerləşən tribunada qarışıqlıq
yaranmasını görərək dərhal ora yaxınlaşdıq. Ruslan Səfxanovun əlində bıçaq var
idi. Turan Rüstəmov isə yerdə, arxası üstə uzanıqlı qalmışdı.

Ramin Aliyarov Ruslandan kəsici aləti aldıqdan sonra, həmin şəxsi Xəzər rayon
Polis İdarəsinin 1-ci Polis Şöbəsinə apardıq”.

Şahid qismində dindirilmiş Şirin Hüseynov, Mətləb Paşazadə və Elmir Paşayev
bildiriblər ki, onlar Sumqayıt şəhərində yerləşən DİN-nin “Dinamo” İdman
Cəmiyyətində cüdo idman növü ilə məşğul olublar:

“2022-ci ilin noyabr ayında cəmiyyətdən Şağan Olimpiya İdman Kompleksində cüdo
üzrə uşaqlar arasında keçrilmiş yarışda biz də iştirak etmişik. Ruslan Səfxanov
azarkeş kimi bizimlə birlikdə həmin kompleksə getmişdi. Günortadan sonra Ruslan
yanımızdan ayrılıb tataminin qarşısındakı tribunaya tərəf getdi. Bir neçə
dəqiqədən sonra orta tribunanın yıxarı hissəsində Ruslanın cüdo geyimində olan
bir oğlanla mübahisə etdiyini gördük. Ruslanla dava edən oğlanın ana-bacı
söyüşü söydüyünü eşitməmişik. Onlar dava edə-edə pilləkənlərlə tribunanın
aşağısına düşdülər. Orda polis əməkdaşları Ruslanı qollarından tutub apardılar,
Turan isə yerdə qana bulaşmış vəziyyətdə uzanmışdı”.

Məhkəmə-psixiatrik ekspertizasının rəynə görə, Ruslan Səfxanov cinayət
hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmayıb. Onun
hərəkətləri Cinayət Məcəlləsinin 21-ci (anlaqsızlıq) maddəsinin təsiri altına
düşməyib.

Məhkəmə iclasında Ruslan Səfxanov ittiham üzrə özünü qismən təqsirli bilib.

Martın 28-də, aprelin 11-də, 25-də, mayın 16-da və 23-də keçirilən məhkəmə
iclasları zamanı, inzibati binanın qarşısında toplanmış şəxslər, ətrafda
səs-küy salmaqla “Ruslan Səfxanova ölüm cəzası”, “Ruslan Səfixanova ömürlük
azadlıqdan məhrum etmə” kimi şüarlar səsləndiriblər.

Prokuror çıxışının sonunda Ruslan Səfixanova 20 il cəza təyin edilməsini
istəyib. Zərərçəkmiş şəxsin hüquqi varisi Sevinc Xəlilova və şahid Zəka
Rüstəmov təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş ediblər.

Ruslan Səfxanov son sözündə əməlindən peşman olduğunu bildirib.

Məhkəmə nəticəyə gəlib ki, ibtidai istintaq orqanı tərəfindən Ruslan
Səfxanovun əməli Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən
adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruslan Səfxanov cəzasını ciddi
rejimli cəzaçəkmə müəssisəisində çəkməklə 19 il müddətinə azadlıqdan məhrum
olunub.

Bakı Apellaysiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılıb.

Source link