133,373 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin
mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının
İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış
hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun Ağdam rayonuna səfəri baş tutub.
AZƏRTAC xəbər verir ki, səfərdə, Azərbaycan Respublikası Minatəmizləmə
Agentliyi (ANAMA) və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının
nümayəndələri iştirak ediblər.
İşçi qrupun üzvləri Ağdam rayonunda minatəmizləmə əməliyyatlarına cəlb olunan
Fövqəladə Hallar Nazirliyinin, qadınlardan ibarət minatəmizləmə qruplarının və
yerli minatəmizləmə şirkətinin fəaliyyəti ilə tanış olublar. İşçi qrup üzvləri
icra edilən layihələrin gedişatını, o cümlədən aşkarlanan mina və partlamamış
hərbi sursatların partlayış yolu ilə zərərsizləşdirilməsi prosesini müşahidə
ediblər.
Səfər çərçivəsində Ağdam rayonunda İşçi qrupun növbəti iclası keçirilib.
Agentliyin İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov iclasda
açılış nitqi ilə çıxış edərək hökumət tərəfindən təsdiq edilmiş illik tədbirlər
planına əsasən icra olunan humanitar minatəmizləmə əməliyyatlarının gedişatı
barədə məlumat verib. O bildirib ki, əsasən yaşayış məntəqələrinin bərpası,
nəqliyyat, energetika infrastrukturları, eləcə də kənd təsərrüfatı sahələri və
digər prioritet istiqamətlərdə aparılan minatəmizləmə əməliyyatları nəticəsində
133,373 hektar ərazi təmizlənib, 118 835 ədəd mina və müharibənin digər
partlayıcı qalıqları aşkar edilərək zərərsizləşdirilib.
İclasda, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb
olunmuş qurumlar tərəfindən icra edilən fəaliyyət üzrə hesabatlar dinlənilib,
cari məsələlər müzakirə olunub, habelə mina təhlükəsi ilə mübarizə
istiqamətində maarifləndirmə məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Cari və növbəti illərdə işğaldan azad edilmiş ərazilərə daha çox sayda keçmiş
məcburi köçkünlərin geri qayıdışını nəzərə alaraq maarifləndirmə işlərinin və
müvafiq qurumlarla bu istiqamətdə birgə fəaliyyətin daha da
genişləndirilməsinin vacibliyi vurğulanıb.
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət
göstərən İşçi qrupun iclaslarının ərazilərdə keçirilməsi Böyük Qayıdış
proqramının əsas prioritetlərindən biri olan minatəmizləmə prosesinin
dinamikliyi və bu prosesə cəlb olunan qurumların icra etdiyi minatəmizləmə
əməliyyatları ilə yerlərdə yaxından tanış olmaq imkanı verir.