60d84b37-19c6-4150-af0b-4f61d72a3e86..jpg

15 yaşında ərə gedib evdə uşaq doğan qızın faciəsi: Səbəbkara yüngül cəza verildi

Baxış sayı: 2. 393 dəfə baxılıb.

15 yaşında ərə gedib evdə uşaq doğan qızın faciəsi: Səbəbkara yüngül cəza
verildi

Bakıda 15 yaşında ailə quran yeniyetmə qızın evdə doğuş həyata keçirməsi və
xəstəxanada vəfat etməsiməlum olub .

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xəzər Rayon Məhkəməsində keçirilən
prosesdə bildirilib. Məlumata görə, Lənkəran rayonu, Daşdatük kənd sakini,
1993-cü il təvəllüdlü Mayıl Hadıyev 2021-ci ildə həmkəndlisi, 2006-cı ildə
anadan olmuş Güllü Babayeva (ad və soyad şərtidir) ilə toy mərasimi edərək ailə
qurub. Lakin qız yetkinlik yaşına çatmadığından onların izdivacı rəsmi
qeydiyyata alınmayıb. Daha sonra onlar Bakı şəhəri, Binə qəsəbəsində
G.Babayevanın anasının evinə köçərək yaşayıblar. Bu ilin fevralında 16 yaşına
çatmayan qız hamiləliyin son ayında evdə uşaq dünyaya gətirib. Nəticədə körpə
boğazına cift dolanması səbəbindən ölüb, ağır vəziyyətdə xəstəxanaya gətirilən
Güllü Babayevanın da həyatını xilas etmək mümkün olmayıb.

Fakt üzə çıxdıqdan sonra M.Hadıyev barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16
yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb. Cinayət işinə
Xəzər Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə mərhum G.Babayevanın anası bildirib ki, Mayıl cinayət
məsuliyyətindən yayınmaq üçün doğuşun evdə olmasını tələb edib:

“Güllü mənim yeganə uşağım idi. 27 aprel 2021-ci il tarixdə Güllü öz istəyi
ilə Mayılla Binə qəsəbəsi Südçülük sovxozu yaşayış massivindəki evimizdə
nişanlandı. Nişandan təxminən bir həftə sonra Mayılın anası və Mayıl Güllünü
3-4 günlük Lənkəran rayonu, Daşdatük kəndinə gəzməyə aparmaq istədiklərini
dedilər. Qızımın da istəyini nəzərə alıb etiraz etmədim. 4 gün sonra zəng
edərək qızı nə vaxt geri gətirəcəklərini soruşdum. Mayılın anası Güllünün artıq
onun gəlini olduğunu dedi. Polisə şikayət etmək istəsəm də, qızım şikayət
etməməyimi, yoxsa onu bədbəxt edəcəyimi, öz istəyi ilə Mayıl ilə cinsi əlaqədə
olduğunu dedi.

Təxminən iki ay sonra Güllü Bakıya gələrək hamilə olduğunu dedi və Mayılla
birgə mənim evimdə yaşamağa başladı. 9 aylıq hamilə olanadək mənimlə birgə
yaşayıb. 5 fevral 2022-ci il tarixə Güllünün doğum vaxtı müəyyən edilmişdi.
Fevralın 4-də vəziyyəti ağırlaşdı. Mayıl qızımı xəstəxanaya aparacağım halda
məni və qızımı öldürəcəyini dediyi üçün uşağın doğumuna kömək üçün ara həkimi
çağırdım. Uşaq doğulsa da, cift boğazına dolandığı üçün öldü. Güllünün çoxlu
qan itirdiyini görüb təcili tibbi yardıma zəng etdim və onu 3 saylı şəhər
xəstəxanasına apardıq. Lakin qızım çoxlu qan itirdiyindən xəstəxanada öldü.
Yeganə övladım olan Güllü və onun doğulmamış uşağı öldüyündən Mayıldan
şikayətçiyəm, ona ağır cəza təyin edilməsini xahiş edirəm”.

Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində hüquqi savadı olmadığından 16
yaşına çatmayan şəxslə cinsi əlaqədə olmağın cinayət məsuliyyəti yaratmasını
bilmədiyini deyib.

Xəzər Rayon Məhkəməsi M.Hadıyevi Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə
təqsirli bilib. Ona 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
29 yaşlı M.Hadıyev məhkəmə zalındaca həbs edilib.

Source link