16 yaşlı qızın uşağı oldu: Atası imtina etdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Lənkəranda 16 yaşlı qızın hamilə qalması və oğlan uşağı dünyaya gətirməsindən
sonra açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin 152.1-ci (16
yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə açılmış iş üzrə Lənkəran
şəhər sakini, 1965-ci il təvəllüdlü Ruslan Hüseynov (ad və soyad şərtidir)
təqsirləndirilib.
Aparılan ibtidai istintaq zamanı uşaq dünyaya gətirmiş yetkinlik yaşına
çatmayan Fəridə İmanova (ad və soyad şərtidir) qonşuluqda yaşayan Ruslanın ona
daim şirnikləndirici sözlər dediyini bildirib. Həmin şəxsin avtomobili ilə
Lənkəranda dənizkənarı əraziyə getdiklərini və orada intim münasibətdə
olduqlarını deyən qız övladının atasının həmin şəxs olduğunu bildirib.
Evli olan Ruslan Hüseynov isə ifadəsində qonşuluqda yaşayan yeniyetmə qızla
seksual xarakterli hərəkətlərə yol verdiyini etiraf etsə də, onunla heç vaxt
cinsi əlaqədə olmadığını iddia edib.
Bundan sonra uşaq və Ruslan Hüseynovla bağlı genetik ekspertiza təyin edilib.
Ekspertizanın nəticəsinə əsasən, uşağın bioloji atasının 59 yaşlı Ruslan olması
dəqiqləşib.
Lənkəran Şəhər Məhkəməsində keçirilən prosesdə Ruslan Hüseynov artıq doğulan
uşağa rəsmi atalıq verdiyini bildirib və onun bütün xərclərini öz üzərinə
götürdüyünü vurğulayıb.
Zərərçəkmiş tərəf də Ruslanın həbs edilməsini istəmədiyini, onun uşağa atalıq
etdiyini və törədilmiş cinayətə görə həmin şəxsi bağışladıqlarını bildiriblər.
Məhkəmənin 4 mart 2024-cü il tarixli hökmü ilə Ruslan Hüseynova 1 il 6 ay
azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəza sınaq müddəti təyin edilməklə
şərti hesab edilib.