“Xarıbülbül festivalında 15-dən artıq ölkənin nümayəndəsi, mədəniyyət və incəsənət xadimləri iştirak edəcək. Bizi Şuşada sürprizlər gözləyir”.
Bu sözləri Modern-az-a Şuşa rayon mədəniyyət şöbəsinin müdiri Zahid Abbasov söyləyib. O qeyd edib ki, Estoniya, Ukranya, İordaniya, Latviya, Özbəkistan, Türkmənistan və s. ölkələrdən festivala qatılanlar var: “Bu gün Xarıbülbül festivalında rəsm çəkmə müsabiqəsində iştirak etdilər. İllər sonra Şuşaya getdik, festival keçiririk. Bu, çox qürurvericidir. Festivalda böyük bir dəstə ilə yallı rəqsi təşkil olunacaq”.
Z. Abbasov pandemiya ilə bağlı təhlükəsizlik tədbirlərinin də görüldüyünü bildirib: “Şuşadakı Xarıbülbül festivalı son dəfə 1991-ci ildə keçirilmişdi. 1992-ci ilin may ayında festival təşkil olunası idi. Ancaq mənfur erməni daşnaqları tərəfindən Şuşa işğal olundu. Polad Bülbüloğlu dedi ki, Şuşa yoxdursa, Xarıbülbül festivalı da olmayacaq. Festivalda şuşalılar və musiqi kadrlarının hamısı iştirak edəcək.
Ramazan bayramından sonra Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın gəlişi gözlənilir. Sürpriz ola bilər. Bəlkə də Prezident elə festivala gələcək. Amma hər bir halda festival ərəfəsində, yaxın 2-3 günə, Şuşada Türkiyə Konsulluğunun binasının və məktəbin bünövrəsi qoyulacaq”.