Ağdaş rayonunda baş verən intihar hadisəsinin təfərrüatları məlum olub.
Güvəkənd və Əmirarx kəndləri bələdiyyəsinin sədri Sücəddin Əhmədov ÇıxışYolu.Com-a açıqlamasında bildirib ki, Əmirarx kənd sakini, 20 yaşlı Osmanlı İnci İslam qızının meyiti yaşadığı evin həyətindəki köməkçi damdan tapılıb:
“İncinin həyat yoldaşı Rusiyada, özü isə burada qayınanası, qayını və onun yoldaşı ilə birlikdə yaşayır.
O, intihar edən gün qayını arvadı İncini hər yerdə axtarıb. Nəhayət, toyuq hininə baxanda onun kəndirdən asılı vəziyyətə qaldığını görüb. Gəlin özünü asan zaman evdə qayınanası olub. Həyat yoldaşı Taleh Cəfərov ay yarım əvvəl Rusiyaya işləməyə getmişdi”.
Sücəddin Əhmədov qeyd edib ki, İnci Osmanlı erkən nikah qurbanı olub:
“İki yaşlı oğlu qalıb. Onun hansı səbəbdən inthar etməsi bilinmir. Məsələ barədə araşdırma aparılır”.
Qeyd edək ki, 1998-ci il təvəllüdlü Osmanlı İnci İslam qızı ötən gün özünü yaşadığı evin həyətindəki köməkçi damda asaraq, intihar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.
İlhamə Əbülfət
www.ÇıxışYolu.Com