04c8c9aa-4f61-4441-8d0f-5e0a02497b71..jpg

2022-ci ildə Azərbaycan futbolu: Uğur və uğursuzluqlar, rəhbər dəyişiklikləri, təyinatlar – ARAŞDIRMA + FOTO

Baxış sayı: 2. 645 dəfə baxılıb.

2022-ci ildə Azərbaycan futbolu: Uğur və uğursuzluqlar, rəhbər dəyişiklikləri,
təyinatlar – ARAŞDIRMA + FOTO

2022-ci ildə Azərbaycan futbolunda bir sıra maraqlı hadisələr baş verib.

Yaşıl meydanlarda uğur və uğursuzluqlarla yanaşı, istər klublarda, istərsə də
AFFA-da bəzi dəyişikliklər olub, önəmli qərarlar qəbul edilib.

“Report” geridə qalan ildə yaşanan vacib futbol hadisələrini xronoloji
ardıcıllıqla təqdim edir:

2022-ci il Azərbaycan futbolu üçün xoş xəbərlərlə start götürüb. Əvvəlcə
fevralın 2-də AFFA-nın həmin vaxtkı icraçı vitse-prezidenti Elxan Məmmədov
qurumun Hesabat Konfransında 2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında
10 komandanın mübarizə aparacağı müjdəsini verib.

Ertəsi gün Azərbaycan millisinin futbolçusu Mahir Emreli problemlər yaşadığı
Polşa təmsilçisi “Legiya”nı daha əzəmətli kluba – Xorvatiya “Dinamo”suna
(Zaqreb) dəyişib. Hücumçu yeni komandası ilə 4,5 illik müqavilə bağlayıb.

Ayın ikinci yarısında Azərbaycan klub futbolu tarixində ilk reallaşıb.
“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Fransa nəhəngi “Marsel”lə
qarşılaşıb. Ağdamlılar hər iki görüşdə məğlub olsa da (1:3, 0:3), qrup
mərhələsindən sonra avrokubok matçlarına çıxan birinci Azərbaycan təmsilçisi
olublar.

AFFA İcraiyyə Komitəsinin martda videokonfrans formatında keçirilən iclasında
Sərxan Hacıyev quruma baş katib təyin olunub. O, 2007-ci ildən bu postda olan
Elxan Məmmədovu əvəzləyib.

Sərxan Hacıyev

Aprelin ilk ən önəmli hadisəsi “Keşlə”nin adının dəyişdirilərək, “Şamaxı”
qoyulması olub.

Ayın sonlarına yaxın AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun
FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyinatı
açıqlanıb. Onun AFFA-da İcraiyyə Komitəsinin üzvü və ictimai əsaslarla
vitse-prezident olaraq fəaliyyətini davam etdirməsi qərara alınıb.

Bir neçə gündən sonra AFFA İcraiyyə Komitəsinin iclasında Premyer Liqada gənc
futbolçular üçün yaş limitinin ləğv edilməsi, 2022/2023 mövsümündən etibarən
klubların sifariş ərizəsinə 14 legioner futbolçunun salınması barədə qərar
çıxarılıb.

Vaxtilə Azərbaycan millisinin formasını geyinmiş Ramal Hüseynovun məşqçisi
olduğu “Səbail”in Gənclər Liqası matçında stadiona giriş qadağası olduğu halda
meydana daxil olması və hakimlər komitəsini təhqir etməsi onun 2 il müddətinə
futboldan uzaqlaşdırılmasına səbəb olub.

Azərbaycan Premyer Liqasında sona 3 tur qalmış “Qarabağ” 2021/2022 mövsümünün
çempionluğunu təmin edib. Tarixində 9-cu dəfə ölkə çempionu olan ağdamlılar bu
sayda rekordçu “Neftçi”yə çatıb. “Ağ-qaralar” mövsümü ikinci pillədə bitirib,
bürünc medala isə “Zirə” layiq görülüb.

Həmçinin, Azərbaycan Kubokunun Qəbələdə keçirilən final matçında “Zirə”ni
üstələyən “Qarabağ” 7-ci dəfə kuboku muzeyinə apararaq, yeni rekord
müəyyənləşdirib.

Mahir Emreli isə əsas heyətinə düşməkdə çətinlik çəkdiyi Zaqreb “Dinamo”su ilə
Xorvatiya çempionluğunu qazanıb.

Mayın son günündə “Kəpəz” və “Turan Tovuz”un 2022/2023 mövsümündə elitada
iştirakı təsdiqlənib, “Şamaxı”nın Müşahidə Şurasının sədri Zaur Axundov
vəzifəsindən istefa verib.

Maraqlıdır ki, bir ay əvvəl legioner limitini və əvəzetmə sayını olduğu kimi
saxlayan AFFA İcraiyyə Komitəsi mayın sonunda qərarını dəyişib. Limit 6+5-dən
7+4 (7 əcnəbi, 4 yerli futbolçu) sisteminə dəyişdirilib, oyunlarda əvəzetmə
sayının 3-dən 5-ə yüksəldilməsinə icazə verilib.

İyun iki önəmli hadisə ilə yadda qalıb. Əvvəlcə “Sumqayıt”da əcnəbi futbolçu
transferinə rəsmən icazə verilib. AFFA Hakimlər Komitəsinin sədri Frits
Ştuxlikin başa çatan müqaviləsi isə yenilənməyib. Bir neçə gün sonra bu posta
türkiyəli Barış Şimşek təyin edilib.

Samir Əliyevin 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə baş
məşqçi təyin olunduğunu da qeyd etmək lazımdır.

Ən böyük ayrılıq Peşəkar Futbol Liqasında yaşanıb. Yaradıldığı vaxtdan –
2008-ci ildən quruma rəhbərlik edən Ramin Musayev gözlənilmədən istefa verib.
AFFA-da VAR şöbəsinin rəhbəri kimi çalışan Elxan Səmədov elə həmin gün PFL-in
yeni prezidenti təyin olunub. “Şamaxı”da isə Zaur Axundovun gedişindən sonra
boş qalan rəhbər postunu Elçin Usub tutub.

Azərbaycanı Konfrans Liqasında təmsil edən 3 komandadan ikisi – “Zirə” və
“Qəbələ” II təsnifat mərhələsindən qoşulduğu turnirlə vidalaşmalı olublar.
“Neftçi” isə cəmi bir raund keçə bilib. AFFA Klublar Komitəsinin sədri seçilən
Fariz Nəcəfovun prezidenti olduğu “Qəbələ”nin U-19 komandası da UEFA Gənclər
Liqasının I raundunda “Hayduk”a (Xorvatiya) məğlub olaraq, mübarizəni
dayandırıb.

Bunların fonunda Avropada Azərbaycanın futbol nüfuzunu yenə “Qarabağ” xilas
edib. Ölkə çempionu Çempionlar Liqasında pley-offa qədər irəliləsə də, bu
mərhələdə Çexiya “Viktoriya”sına uduzaraq, Avropa Liqasının qrupunda oynamaq
hüququna yiyələnib.

Canni De Byazi

AFFA İcraiyyə Komitəsi oktyabrdakı iclasında da bir sıra qərarlar verib. U-19
yığmasının baş məşqçisi Miloş Velebitlə yolları ayıran milli assosiasiya əsas
millinin baş məşqçisi Canni De Byazi ilə yeni müqavilə bağlamağı məqsədəuyğun
bilib. İtaliyalı mütəxəssisin çalışdırdığı komanda üçün 2022-ci ili ümidverici
saymaq olar. Yığma Millətlər Liqasında qrup birincisi ola bilməsə də, ardıcıl 5
matçda qələbə qazanaraq, AVRO-2024-ün seçmə mərhələsinə ümidlə baxmaq imkanı
verib.

İlin son vacib hadisəsi “Neftçi” düşərgəsində yaşanıb. Bakı klubunun Müşahidə
Şurasının tərkibində dəyişikliklər edilib. MŞ sədri Çingiz Abdullayevi bu
postda SOCAR prezidenti Rövşən Nəcəf əvəzləyib.

Source link