2023-cü il: Azərbaycanın xarici siyasəti regional və qlobal güclərin
balanslaşdırılması fonunda – TƏHLİL
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2023-cü il Azərbaycanın xarici siyasəti qlobal proseslərdə özünün
səlahiyyətlərini genişləndirmək üçün daxil olduğu mühüm trayektoriyalarla yadda
qaldı.
Konseptual şəkildə təhlil etsək, deyə bilərik ki, Azərbaycan illər ərzində
formalaşmış xarici siyasətini 2023-cü ildə planetar və regional miqyaslarda
cərəyan edən proseslərin fonunda qiymətləndirərək ili strateji uğurlarla başa
vurur.
Azərbaycan diplomatiya və güc konsentrasiyalarını birləşdirərək Cənubi
Qafqazda strateji maraqları ilə uyğunsuzluq təşkil edən təhdid mənbələrindən
birini – separatizmi məhv etdi. Bu, Azərbaycanın Qarabağ münaqişəsindən sonra
yaxınmüddətli hədəf üçün qarşıya qoyduğu məqsədləri təmin edən zirvə idi.
Qarabağda keçirilən antiterror tədbirlərinin geosiyasi nəticələri Azərbaycanın
beynəlxalq siyasətdəki iddialı yanaşmalarını təmin edəcək bir faktora
çevrilərək Bakının əlini dəmir kimi bərkitdi.
Düzdür, Azərbaycanın strateji yüksəlişinə mane olmaq üçün əlindən gələni
əsirgəməyən qüvvələrin fəaliyyəti yeni təhdid mənbələri formalaşdırırdı,
hərçənd ki, Bakı bunların da həll variantlarını tapdı.
İranın yola gəlməsi
Lenti bir qədər arxaya çevirək, 2023-cü ilin ilk ayları Azərbaycanla İran
arasındakı siyasi gərginliyin pik müstəviyə daxil olma fazası kimi yadda qaldı.
Bakı ilə Tehran arasındakı pisləşən münasibətlər birincinin müdafiə, ikincinin
isə təhdid ritorikaları ilə müşayiət edildi.
Lakin Azərbaycan İranın irəli sürdüyü tələb və şərtlərə boyun əymədi, əksinə,
irəli gedərək Tehranın güc nümayişinə adekvat təmkinli cavablar verdi, İslam
Respublikasını yeni reallıqlara alışdırdı.
Bu tədrici prosesin strateji təyinatı Bakı ilə Tehranın münasibətlərə yenidən
baxması zərurətlərini yaratdı. Vəziyyət o yerə çatdı ki, Azərbaycanın regionda
Ermənistanın təhdidlərinə və Qarabağdakı separatizmə qarşı profilinin
qalxmasına İran əvvəlkitək kəskin reaksiyalar vermədi.
Düzdür, İranın mövqeyində həlledici, nəzərəçarpacaq dəyişiklik olmasa da, onun
siyasətinin formasına bir qədər redaktələr etməsini Bakı fürsət bildi. Bu
mənada Qarabağda keçirilən antiterror tədbirlərinin vaxtının təyin edilməsi ilə
İranla münasibətlərin ruhu arasında dolayı bağlantı qurmaq lazımdır.
Eyni zamanda, Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə dərinləşən
əlaqələrinin funksiyası prosesdə açar rol oldu, artıq Bakının strateji
hədəflərinə çatmasına nə Rusiya, nə də İran maneə yarada bildi.
Çünki Türkiyədə 2023-cü ildə keçirilən prezident seçkisindən sonra Ankaranın
regional baxış bucağı praktiki olaraq bir az da itiləşdi və o, Rusiya, Qərb və
İranın bölgədəki maraqlarını Azərbaycanın xeyrinə balanslaşdıran addımlarını
gücləndirdi.
Ağ Ev Bakının maraqlarını nəzərə alır
Hərçənd ki, Qarabağdakı antiterror tədbirlərindən sonra Azərbaycana qarşı ən
çox səs Qərbdən ucaldı, lakin burada NATO üzvü olan bir neçə dövlətin
qışqırıqları daha bərk eşidildi – başda ABŞ və Fransa olmaqla.
Ancaq bu, NATO-nun Azərbaycan ilə münasibətlərinin işığını söndürmək istəkləri
formatında qurulmadı, sadəcə olaraq, prosesdə Alyans üzvü olan bəzi dövlətlərin
fərdi maraqları ön planda tutuldu.
Lakin nəticədə, Fransadan fərqli olaraq, ABŞ regional siyasət tonunu yenidən
Azərbaycanın maraqlarının çərçivələrinə yaxınlaşdırdı və burada Bakı-Vaşinqton
strateji tərəfdaşlıq həddindəki münasibətlər əks olundu.
Rusiya ilə münasibətlər
Azərbaycan böyük güclər arasındakı tarazlıq dinamikasını qurarkən Rusiya ilə
münasibətlərini Ukraynadakı müharibədən kənar kontekstdə inkişaf etdirdi,
hərçənd, Bakı siyasi cəhətdən Kiyevə dəstək verir və ona humanitar yardımlar
göndərir.
Lakin Azərbaycanla Rusiya Ukraynadakı müharibənin geosiyasi hüdudundan kənarda
daha çox yaxınlaşıb əlaqələri dərinləşdirməkdə maraqlıdırlar. Bu tərz Rusiyanın
regional ambisiyalarının bir qisminin Azərbaycan tərəfindən cilovlanmaq xətti
ilə davam edir.
Çin yüksəlişinin qiymətləndirilməsi
Qlobal alternativ güc olan Çinlə münasibətlərə gəlincə, burada Azərbaycan
tərəfindən Çin mərkəzli nizamın perspektivini qabardan tezislərin gündəmə
gətirilməsi yaddan çıxarılmamalıdır.
Azərbaycan Çinin gələcəkdə gücü və uzaqgörənliliyi birləşdirən nəticələr əldə
edəcəyini proqnozlaşdırır. Bu tendensiya təkcə Azərbaycanın xarici siyasət
cəbhəsində deyil, ümumilikdə beynəlxalq siyasi arenalarda müşahidə edilir.
Azərbaycanın Qərb-Rusiya-Çin arasındakı seçdiyi hərəkət trayektoriyası
Fransanın regiondakı müstəmləkəçilik iddialarına zərbə vuran lövhə yaradır.
Fransa demişkən, Paris regionda Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin
formalaşdırdığı geosiyasi nəticələri təmizləmək istəsə də, bu planlar fiaskoya
uğradı.
HƏMAS-İsrail münaqişəsi və Azərbaycan
Azərbaycanın xarici siyasət iyerarxiyası 2023-cü ildə daha bir çağırışla
üz-üzə gəldi, bu, oktyabrda başlayan və hələ də davam edən HƏMAS-İsrail
müharibəsinin mümkün regional fəlakətli miqyası ilə əlaqəli şəkildə ortaya
çıxır.
Azərbaycan beynəlxalq hüququn prinsiplərindən çıxış edərək Fələstini
dəstəkləyir, lakin İsraillə də münasibətlərə xələl gəlməsində maraqlı deyil.
Buna görə də Bakı rəhbər tutduğu mühüm siyasi prinsipləri önə çəkərək
münaqişələrə hüquqla mövcud reallıqlar arasındakı qiymətləndirmələrlə baxır.
NƏTİCƏ
Azərbaycanın 2023-cü ildəki xarici siyasətinin strukturu milli maraqları,
strateji təyinatları müdafiə etmək üçün peşəkarlıq səviyyəsini qoruyub-saxladı.
Bunun yekunu olaraq Azərbaycan özünə qarşı böyük güclərin və regional
oyunçuların təhdid həddini aşmaq üçün göstərdikləri müqaviməti xeyli dərəcədə
zəiflədə bildi.
Aqşin Kərimov