2023-cü ilin iqtisadi yekunu: 2024-cü ildə nələr gözlənilir? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Pərviz Heydərov yazır…
Artıq 2023-cü ilin son günlərini yaşayırıq. Hər bir il kimi, bu il də həm
uğurları, həm də uğursuzluqları ilə yadda qalacaq. Lakin iqtisadi cəhətdən
ölkəmiz üçün 2023-cü il 2022-ci ildən bir az da yaxşı il oldu desək, yanılmarıq.
Ümumiyyətlə, pandemiya ili olan 2020-ci ildən sonra keçən hər il ölkəmiz üçün
bir az daha uğurlu olub. İqtisadi göstəricilər artıb, əhalinin gəlirləri
yüksəlib, dayanıqlılıq möhkəmlənib və s.
Başlayaq ölkə başçısının 5 yanvar 2023-cü il tarixli sərəncamından. Yanvarın
1-dən minimum əməkhaqqı 15% artırılaraq 300 manatdan 345 manata, minimum
pensiya məbləği isə 40 manat artırılaraq 240 manatdan 280 manata çatdırıldı.
Eyni zamanda müavinət və təqaüdlər də artırıldı.
2019-cu il sosial, iqtisadi, idarəetmə sahəsində böyük islahatlar ili olaraq
yadda qalmışdı. Həmin ildə qeyd olunan göstəricilər üzrə iki sosial paket
həyata keçirilmişdi. Üçüncü sosial paketin icrasına isə ötən il, yəni 2022-ci
ildə başlanılmışdı. İlin əvvəlindən minimum əməkhaqqı 300, əmək pensiyalarının
minimum məbləği isə 240 manata çatdırılmışdı.
Prezidentin 5 yanvar 2023-cü ili sərəncamı sayca dördüncü sosial paket idi və
1,9 milyon vətəndaşı əhatə etməklə il ərzində 750 milyon manatdan çox vəsaitin
xərclənməsini nəzərdə tuturdu.
Son beş ildə dördüncü sosial paketin icrası ölkə iqtisadiyyatında artımın
nəticəsi və təkcə neftin deyil, dövlət büdcəsinə neftdənkənar sahələr üzrə
gəlir və vəsait daxilolmaları hesabına idi.
Ölkə başçısı çıxışlarında dəfələrlə qeyd edib ki, büdcəyə nəzərdə tutulandan
nə qədər çox vəsait daxil olarsa bu, əhalinin sosial ehtiyacları üçün
xərclənəcək. İkinci ən mühüm məsələ isə inflyasiya, qiymətlərin bahalaşması
məsələsidir. 2023-cü ilin mayında istehlak qiymətləri indeksi əvvəlki aya
nisbətən 0,4% az, ötən ilin mayına nisbətən isə 11,5% çox təşkil etdi. Bu, o
demək idi ki, az qala iki il yarım ardıcıl davam edən bahalaşma və inflyasiya
prosesindən sonra ilk dəfə olaraq bu ilin mayında səngimə qeydə alındı.
Bu, ötən ilin birinci rübünün, uzağı ilk yarısının sonuna proqnoz edilirdisə,
baş tutmadı. Sonradan ilin ilk üç ayının sonuna gözlənilsə də qeyd etdiyim
kimi, cüzi də olsa məhz bu ilin mayında baş verdi.
Bahalaşma və inflyasiya prosesi əslində apreldə zəifləməyə başlamışdı. Belə
ki, 2023-cü ilin aprelində ölkəmizdə inflyasiya martda qeydə alınmış 0,7%
səviyyəyə qarşı 0,3% təşkil etmişdi. Bu isə o demək idi ki, proses artıq,
zəifləməyə doğru istiqamət götürüb.
Odur ki, mayda tempin səngiyəcəyi aydın görünürdü. Buna da ən çox prosesin
məhz qlobal miqyasda baş verməsi əsas yaratdı. Ancaq bir nüans var ki, qlobal
məkanda hər şey əslində xeyli əvvəl təzahür etməyə başlamış olsa da, bizdə məhz
mayda büruzə verdi. Dünya bazarlarında bir sıra strateji məhsullar, o cümlədən
ərzaq malları yanvardan ucuzlaşmağa başlamışdı.
Ümumiyyətlə, 2021-ci ilin əvvəlindən başlanan və bütövlükdə ötən il ərzində
Rusiya-Ukrayna müharibəsinin təsiri nəticəsində daha da alovlanan qiymətlərin
bu ildən ucuzlaşacağı qabaqcadan gözlənirdi. Buna enerjidaşıyıcıları üzrə
qiymətlərin sabitləşməsi əsas yaratmalı idi və yaratdı da..
Ölkədə iqtisadi artım az da olsa, pis səviyyədə deyil. 2023-cü ilin
yanvar-noyabr aylarında 110 milyard 212 milyon 800 min manatlıq və ya əvvəlki
ilin eyni dövrü ilə müqayisədə 0,8% çox ÜDM istehsal olunub ki, neft-qaz
sektorunda əlavə dəyər 1,6% azaldığı halda, qeyri neft-qaz sahəsində 3,2% artıb.
Ötən ilin yekununda artım 4,6% təşkil etmişdi. Lakin bu, beynəlxalq bazarlarda
enerjidaşıyıcılarının qiymətləri üzrə konyunktur vəziyyətlə, həmçinin neft-qaz
sektorumuzda hasilatın bu ildəkindən çox təşkil etməsi ilə əlaqədar idi.
Cari ilin yanvar-noyabr aylarında ölkəmizdən 15 milyard 99 milyon 942
dollarlıq xam neft, 12 milyard 775 milyon 689 min dollarlıq təbii qaz ixrac
olunub ki, 2022-ci ilin eyni dövründə bu rəqəmlər uyğun olaraq 18 milyard 318
milyon 642 min dollar, 14 milyard 807 milyon 620 min dollar təşkil etmişdi.
Ölkədə maliyyə sektorundakı vəziyyətə gəldikdə, manat möhkəmlənməyə doğru
meyil etsə də, sabit qalıb. Tədiyə balansının cari əməliyyatlar hesabında
irihəcmli profisitlə (9 ayda 6,7 milyard ABŞ dolları və ya ÜDM-in 12,5%-i)
əlaqədar olaraq ilin əvvəlindən bəri keçirilən valyuta hərraclarının 95%-də
təklif tələbi üstələyib.
Odur ki, Mərkəzi Bank (AMB) valyuta bazarına müdaxilə edərək 1,4 milyard ABŞ
dolları alış edib. Ona görə də, adıçəkilən qurumun valyuta ehtiyatları 20,3%
artaraq 10,8 milyard ABŞ dollarını keçib.
İlin müxtəlif dövrlərində iki bank müflis elan edildi. Hazırda isə 23 bank
fəaliyyət göstərməkdədir. Lakin Azərbaycan Mərkəzi Bankının makroiqtisadi və
maliyyə sabitliyini qorumağa dair həyata keçirdiyi siyasət nəticəsində hər bir
bankın kənar şoklara qarşı dayanıqlığı qorunub saxlanıb, kapitallaşma, müvafiq
risklər üzrə prudensial tələblər gücləndirilib, pul siyasəti qərarlarının
ötürücülük imkanlarının artırılması hesabına bank sektorunda kredit portfeli
bütün seqmentlər üzrə müsbət inkişaf etdirilib.
Bütün bunlardan əlavə 2023-cü il ölkəmizdə turizm sektorunun bərpa prosesində
xüsusi önəm daşıyıb. Belə ki, bu ilin yanvar-noyabr aylarında ölkəmizə 186
ölkədən 1 893 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 29,8% çox əcnəbi
və vətəndaşlığı olmayan şəxs gəlib. Hərçənd ki, 2020-ci ildə pandemiya bu
sektora çox böyük ziyan vurmuşdu.
Həmin ilədək ölkəmizdə turizm çox sürətlə inkişaf edirdi. 2019-cu ildə
ölkəmizə 3 milyon 170 min 400 nəfər xarici ölkə vətəndaşları gəlmişdi ki,
bunların 2 milyon 863 min 500 nəfərini də sırf turizm məqsədilə gələnlər idi.
2014-2015-ci illərdə neftin dünya bazar qiymətlərinin enişi nəticəsində
ölkəmizdə xarici valyuta sarıdan yaranan gərginlik həm də məhz 2016-2018-ci
illər ərzində xarici turist axınının genişlənməsi nəticəsində yumşaldı. Xüsusən
də, Yaxın Şərq ölkələrindən gələnlərin hesabına.
Odur ki, bərpa prosesini inkişaf etdirmək lazımdır. Ölkəmizə gələn əcnəbilər
və vətəndaşlığı olmayan şəxslərin 71,7%-i hava, 27%-i dəmir yolu və avtomobil,
1,3%-i isə dəniz nəqliyyatından istifadə edib.
Cari il ərzində ölkə iqtisadiyyatında baş verən müsbət tendensiyaları bir az
da sadalamaq olar. İstər Qarabağ və Şərqi Zəngəzurda aparılan işlərlə, istər
ölkəmizin qaz ixracı potensialını gerçəkləşdirmə imkanlarının reallaşdırılması
istiqamətində Avropa ölkələri ilə əldə olunan razılıqlar və sairlə bağlı
nailiyyətlər bura daxildir.
Yeri gəlmişkən, işğaldan azad etdiyimiz ərazilərimizdə yenidənqurma və bərpa
işlərinə indiyədək dövlət büdcəsindən 7 milyard dollar xərclənib. Ölkə başçısı
Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də
Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışı zamanı isə qeyd edib
ki, növbəti il ərzinə Qarabağda yenidənqurma işlərinə ən az 2,4 milyard dollar
vəsaitin xərclənəcəyi nəzərdə tutulur.
Tezliklə 2024-cü ilə qədəm qoyacağıq. Yeni ilin ölkəmizə hansı sürprizlər bəxş
edəcəyi maraq doğurur. Əhalini düşündürən əsas suallar isə odur ki, inflyasiya
və bahalaşma səngiməkdə davam edəcəkmi? Əməkhaqları və pensiyalar
artırılacaqmı? İqtisadiyyat artacaqmı? Neftin dünya bazar qiymətləri ölkəmiz
üçün mənfi sürprizlər yaratmayacaq ki?
Proqnozlar isə belədir:
1. Gələn il ərzində ucuzlaşma gözlənilməsə də ciddi bahalaşma və kəskin
inflyasiya da baş verməməlidir;
2. Əhalinin sosial müdafiəsi istiqamətində genişmiqyaslı artımlar nəzərdə
tutulmayıb;
3. Neftin qiyməti, ümumiyyətlə, hər hansı şok xarici təsirlər yaşanmayacaq;
4. 2024-cü ildə bu ildəkindən daha çox iqtisadi artım əldə olunacaq.