2024-cü ildə manatın məzənnəsi necə dəyişəcək? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Mərkəzi Bank 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanat
verib. Sənədinin təhlili göstərir ki, gələn ildə də manatın məzənnəsi tədiyə
balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılı olacaq. Fiskal
sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə
gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi
qruplaşdırılsa da, aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı
volatillikdən asılı olacaq.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü
Vüqar Bayramov özünün “Facebook” hesabında yazıb.
Bildirilib ki, Mərkəzi Bank manatın nominal effektiv məzənnəsinin inflyasiya
idxalını məhdudlaşdıracağını proqnozlaşdırır. İnflyasiya proseslərinin idarə
edilməsində mühüm rolunu nəzərə alaraq Mərkəzi Bank 2024-cü ildə də nominal
effektiv məzənnənin dinamikasını sıx monitorinq edəcək.
“Sənəddən göründüyü kimi, gələn ildə də neft gəlirlərimiz manatın məzənnəsinə
təsir edən əsas faktor olacaq. Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat
hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini
bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş
verəcəyi halda valyuta ehtiyatlarımızdan istifadə edə bilər. Bu isə o deməkdir
ki, gələn il manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı
olacaq”, – deyə deputat qeyd edib.