4c33ed93-7f7a-4655-b198-1802ec79b344..jpg

2024-cü ildə qüvvəyə minəcək QANUNLAR – FOTO

Baxış sayı: 562 dəfə baxılıb.

2024-cü ildə qüvvəyə minəcək QANUNLAR – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gələn il sosial-iqtisadi həyatımıza ciddi təsir göstərəcək qanunların qüvvəyə
minməsi gözlənilir. Buraya hərbçilərin pensiya təminatı, Rəqabət Məcəlləsi,
bank əmanətlərinin vergiyə cəlb olunması üzrə dəyişikliklər və digərləri aiddir.

Qüvvəyə minən hər qanun həyatımız üçün əhəmiyyətlidir. Maraqlıdır, 2024-cü
ildə qüvvəyə minəcək qanunlar hansılardır?“Kaspi”
qəzeti 2024-cü ildə
qüvvəyə minəcək qanun layihələrini və onların mahiyyətini araşdırıb.

Dövlət büdcəsi

Dövlətin hüdudlarında yaşayan hər kəsi maraqlandıran əsas məqam dövlət
büdcəsidir. Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2024-cü il dövlət
büdcəsi haqqında Qanunu imzalayıb. Bununla gələn ilin dövlət büdcəsinin
gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat məbləğində
təsdiq edilib.

Yaşayış minimumu

Həmçinin, 2024-cü ildə ölkədə yaşayış minimumu da dəyişir. 2023-cü il üçün
yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat,
pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən
edilmişdi. Prezidentin imzaladığı “Azərbaycan Respublikasında 2024-cü il üçün
yaşayış minimumu haqqında” Qanuna əsasən isə, 2024-cü il üçün yaşayış minimumu
ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün
222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. Qanun 2024-cü il
yanvarın 1-dən qüvvəyə minir.

Hərbçilərin pensiyası artırılır

Növbəti qüvvəyə minəcək qanun pensiya yaşı ilə bağlıdır. Belə ki, əsasən
hərbçiləri əhatə edən məsələlərlə bağlı qanun layihəsi hazırlanıb. Dəyişikliyə
əsasən, hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi
qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək
məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə
tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur.
Dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna
etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı
nəzərdə tutur. Belə ki, minimum xidmət müddətinin artırılması ilə yanaşı, həmin
dövrə görə qulluq əlavəsi faizinin də 50 faizdən 65 faizə qaldırılması təklif
edilir. Qanun layihəsinin yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.

2024-cü ildə “yaşamağa başlayacaq”

Yeni ilin növbəti qüvvəyə minəcək qanunu dövlət satınalmaları ilə bağlıdır.
“Dövlət satınalmaları haqqında” qanunun 2023-cü ilin iyulun 14-də imzalanmasına
baxmayaraq, tətbiqi 2024-cü il yanvarın 1-nə nəzərdə tutulub. Bu qanunun
əsasında BMT-nin və Avropa Birliyinin satınalmalar üzrə prinsipləri durur.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Xidmətinin rəisi Məmməd Abbasbəyli mətbuata açıqlamasında bu qanunun 2024-cü
ildə tətbiqinə başlanılacağı bildirib.

Utilizasiya haqqı

Növbəti ildə avtomobillərlə bağlı 2 qanun qüvvəyə minəcək. Birincisi,
avtomobillərin idxalı məsələsidir. Belə ki, 2024-cü il yanvarın 1-dən 2013-cü
ilə qədər istehsal olunmuş avtomobillərin idxalına məhdudiyyət qoyulacaq.
İkinci vacib məqam isə sürücülərin utilizasiya haqqı ödəmələri ilə bağlıdır.
Belə ki, bununla bağlı müvafiq təlimata dəyişiklik edilib. Qərara əsasən,
nəqliyyat vasitəsinin dövlət texniki baxışı keçirilərkən sürücülərdən dövlət
rüsumu ilə yanaşı, utilizasiya haqqının sənədi də tələb ediləcək. Yəni texniki
baxışının həyata keçirilməsi zamanı, dövlət rüsumu ilə yanaşı, utilizasiya
haqqı da ödənilməlidir. Bu qərar fevralın 1-dən qüvvəyə minəcək.

Rəqabət Məcəlləsi də 2024-cü ildə qüvvəyə minəcək

Yeni ildə qüvvəyə minməsi gözlənilən önəmli qanunlardan biri də Rəqabət
Məcəlləsidir. Məcəllə 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilib. 15
ildən çoxdur ki, müzakirə edilən sənəd nəhayət ki, parlamentdə qəbul edilib və
2024-cü il iyulun 1-də qüvvəyə minəcək. Məcəllə hökmran mövqedən
sui-istifadənin qarşısının alınması və rəqabət neytrallığının təmin edilməsinə
xidmət etməklə yanaşı, sahibkarlıq subyektlərinin fəaliyyətinin
stimullaşdırılmasına da imkan yaradacaq.

Vergi yükü azaldılacaq?

2024-cü ilin yanvarın 1-dən Vergi Məcəlləsinə dəyişikliklər də qüvvəyə
minəcək. Belə ki, vergi güzəştlərinin müddətləri artırılıb. Fiziki şəxslərin
gəlirlərinə düşən vergi yükünün azaldılması məqsədilə bəzi kateqoriyalı fiziki
şəxslərə verilən güzəştlərin həcminin artırılması və bir sıra gəlirlərinin
vergiyə cəlb olunan gəlir bazasına aid edilməməsi nəzərdə tutulub. Eyni zamanda
sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq
fəaliyyətinin təşviq edilməsi məqsədi ilə, maliyyə lizinqinin vergiyə cəlb
edilməsi mexanizminin sadələşdirilməsi, ictimai və sosial məqsədlər üçün
ödənilən vəsaitlər üzrə mənfəət vergisindən azad olan hissənin artırılması, bir
sıra təsərrüfat sahələri üzrə mülkiyyət vergiləri üzrə əlavə güzəştlərin
verilməsi nəzərdə tutulub.

Bu xidmətlər vergidən azad edilir

2024-cü ilin növbəti dəyişikliyi banklarda əmanətləri olanlarla bağlıdır.
Gələn ildən Azərbaycanda bank əmanətləri üzrə faiz gəlirlərinin vergiyə cəlb
olunması qaydası dəyişir. Belə ki, yerli bank və xarici bankın Azərbaycandakı
filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın
Azərbaycandakı filialında) milli valyutada olan depoziti 18 ay və daha artıq
müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq
ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi üç il müddətinə vergidən
azad edilir. Bundan başqa, qanunvericiliyə hər bir bankda milli valyutada olan
əmanətlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək hissəsinin
fiziki şəxslərin gəlir vergisindən azad edilməsi ilə bağlı dəyişiklik olunub.
Digər hallarda faiz gəlirlərindən banklar tərəfindən ödəmə mənbəyində 10 faiz
dərəcə ilə vergi tutulması nəzərdə tutulur. Bu, həm milli, həm də xarici
valyutada olan faiz gəlirlərinə aid ediləcək.

Source link