be6b22a8-78bc-40e7-9a3c-d72778361d15..jpg

2024-cü ilin dövlət büdcəsi: Əsas həcm deyil, səmərəlilik dərəcəsidir

Baxış sayı: 740 dəfə baxılıb.

2024-cü ilin dövlət büdcəsi: Əsas həcm deyil, səmərəlilik dərəcəsidir

Pərviz Heydərov yazır…

Məlum olduğu kimi Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət büdcəsinə dair
açıqladığı rəqəmlər Nazirlər Kabinetində baxıldıqdan sonra 408,8 milyon
artırılıb. Beləliklə də, gələn ilin dövlət büdcəsinin gəlirləri 34 173,0 milyon
manat, xərcləri isə 36 763,0 milyon manat təşkil edəcək.

Nazirliyin rəqəmləri isə müvafiq olaraq 33 765,0 milyon manat və 36 355,0
milyon manat təşkil edirdi. Bu isə o demək idi ki, növbəti ilin dövlət büdcəsi
hər ildəkinin əksinə olaraq əvvəlki ildəkinə nisbətən az həcmdə olacaq.

2023-cü il dövlət büdcəsi gəlirləri ilin ortasında dürüstləşdirildikdən sonra
33 890,5 milyon manata, xərcləri isə 36 624,8 milyona manata çatdırılmışdı.

Göründüyü kimi təkrar edirəm, Maliyyə Nazirliyinin gələn ilin dövlət büdcəsinə
dair açıqladığı rəqəmlər cari ildəkindən aşağı idi. Lakin Nazirlər Kabinetinin
408,8 milyon manat artım qərarı vəziyyəti dəyişdirdi. Növbəti ilin dövlət
büdcəsi də ötən hər ildə olduğu kimi özündən əvvəlki ildəkindən həcm
nöqteyi-nəzərindən artıq olacaq. Ancaq bu dəfə çox cüzi səviyyədə…

Yeri gəlmişkən, Nazirlər Kabineti tərəfindən 2024-cü ilin dövlət büdcəsi
layihəsinə baxıldıqdan sonra gəlirlər üzrə artırılan 408,0 milyon manat məbləğ
dövlət şirkətləri hesabına ödəniləcək.

Sözüm bunda deyil. Əsas sual odur ki, 2024-cü ilin dövlət büdcəsi əvvəlki
illərdəkindən fərqli olaraq, öz sələfi sayılan ildəkindən nəyə görə az artacaq
?!

Gəlir ilə xərclərin artması müvafiq olaraq heç 1% təşkil etmir. Niyə və nə
səbəbə görə?!

Məsələ bundadır ki, ölkədə normal iqtisadiyyat yarandıqca dövlət büdcəsinin
həcmi azalacaq. Və bu, təbiidir. Çünki bizdə büdcəni şişirdən neft faktoru idi
və bir müddət də qaz olacaq. Orta perspektivdə isə gəlirlər qeyri neft-qaz
sektorunun hesabına formalaşacaq. Əslində belə də olmalıdır.

Bunun üçün büdcə-fiskal siyasətində stimullaşdırıcı amillər getdikcə daha çox
rol oynamalı və ardıcıl olaraq yumşaldıcı addımlar atılmalıdır. İqtisadiyyatda
generasiya gücünün transferi belə tələb edir.

2024-cü ilin dövlət büdcəsi həcminin artım baxımından əvvəlki illərdəkindən az
həddə və səviyyədə təşkil etməsi də məhz, bununla əlaqədardır.

Belə ki, növbəti ildə gəlir siyasəti yenə də bir sıra sosial xarakterli
güzəştlər etməklə əhalinin, həmçinin sahibkarlıq subyektlərinin vergi yükünü
azaltmaq və sahibkarlıq fəaliyyətini təşviq etmək istiqamətində həyata
keçiriləcək.

Bu isə bir müddət dövlət büdcəsi gəlirlərinin bir hissəsindən “imtina etmək”
deməkdir. Ölkədə hələ ilk dəfə böyük vergi islahatları keçirilən 2019-cu il
ərəfəsi zamanı Maliyyə naziri Samir Şərifov qeyd etmişdi ki, sözügedən addım,
yəni güzəştlərin tətbiqi və vergi yükünün azaldılması büdcə gəlirlərinin
müəyyən müddət ərzində itirilməsi ilə nəticələndiyindən kifayət qədər cəsarətli
addım sayılır. Hər hökumət buna getmir.

Digər tərəfdən isə, büdcə-vergi siyasətində dəyişikliklərə vaxtaşırı olaraq
həmişə ehtiyac var və odur ki, hökumət özü bu məsələdə maraqlıdır. Ancaq bu
dəyişikliklər yumşalma ehtiva etdiyindən hər dəfə mümkün hesab edilmir,
həmçinin bunu necə və nə vaxt gəldi də etmək olmur. Ona görə də qeyd olunan
məsələ düşünülmüş və ölçülü-biçili yanaşma tələb edir.

Sonuncu dəfə bu cür yumşaltmalar və vergi dəyişiklikləri 2019-cu ilin yanvarın
1-dən tətbiq edilmişdi. “Yumşaltmalar” dedikdə, dəyişikliklərin heç də hamısı
məhz bundan ibarət olmamışdı təbii ki…

Ümumən 300-ə yaxın dəyişiklik edilmişdi ki, bunun nəticəsində də elə həmin
ildən dövlət büdcəsinin gəlirləri artmağa başladı, qeyri-leqal dövriyyə
daraldı, şəffaflaşma prosesi genişləndi, kölgə iqtisadiyyatı kiçilməyə doğru
istiqamət götürdü və sair.

Bütün bunlar isə minimum əmək haqqını və pensiya məbləğini artırmağa imkan
verdi, sosial istiqamətdə maliyyələşdirməni genişləndirmək üçün əlavə şərait
yaratdı.

Son 5 ildə ölkədə əhalinin gəlirlərinin bir neçə dəfə artmasında və bu gün
minimum əməkhaqqının 350 manata yaxın, pensiyanın isə 280 manat təşkil
etməsində həmin dəyişikliklər əsas rol oynayıb və oynayır.

Axırıncı 5 ildə dörd milyondan çox vətəndaşı əhatə edən sosial layihə həyata
keçirilib. Sosial sferada, məşğulluq sahəsində böyük uğurlar əldə edilib.
Sosial islahatlar nəticəsində minimum aylıq əməkhaqqıda 2,7 dəfə, minimum
pensiyada 2,5 dəfə artım baş verib.

Median əməkhaqqı 2,1 dəfə, əməkhaqqı fondu 2,5 dəfə, orta aylıq pensiya 2,1
dəfə artıb. Sosial layihələr üçün dövlət büdcəsindən ayrılan 7 milyard manata
yaxın vəsait məşğulluq, sosial və əmək məsələlərinə yönəldilib.

Ümumiyyətlə, büdcə-fiskal siyasətində belə dəyişikliklərə həmişə ehtiyac var
və bu, edilməlidir. İqtisadiyyatın inkişafını tənzimləyən vergi və rüsum
siyasətidir. O, daima təkmilləşdirilməlidir. Əhalinin gəlirlərinin artmasına
yalnız bu vasitə ilə nail olmaq olar ki, bunu da praktika əyani sübut edib.

Hələ ki, konkret məlum deyil növbəti ildən nə kimi güzəştlər, yumşaldılmalar
tətbiq ediləcək. Ancaq hesab edirəm, yeni ildən tətbiq olunacaq vergi və rüsum
stimullaşdırmaları da 5 il öncədəki kimi əhalinin sosial müdafiəsinin effektli
təminatı baxımından böyük əhəmiyyət daşıyacaq.

Sözün qısası, əsas büdcənin həcmi və onun əvvəlki ildəkindən nə qədər çox
təşkil etməsi deyil, gəlir və xərcləri baxımından effektliliyi –
səmərililiyidir.

Source link