17fbbe9e-77e4-4878-8a19-f1059c288807..jpg

2024-cü ilin ilk investisiya təşviqi sənədləri sahibkarlara təqdim edilib – FOTO

Baxış sayı: 769 dəfə baxılıb.

2024-cü ilin ilk investisiya təşviqi sənədləri sahibkarlara təqdim edilib –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı KOB evi”ndə üç sahibkara investisiya təşviqi sənədləri təqdim edilib.

Cixisyolu.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.

Məlumata görə, investisiya təşviqi sənədi almış layihələr qida məhsullarının
istehsalı sahəsində olmaqla, Qusar, İmişli və Samux rayonlarında həyata
keçiriləcək. Belə ki, investisiya təşviqi sənədləri “VVE GROVV” MMC-nin “Meyvə
şirəsinin hazırlanması və qablaşdırılması”, “Promalt” MMC-nin “Yeni
texnologiyanın tətbiqi ilə arpa səmənisi (“malt”) istehsalı zavodunun tikintisi
və yüksəkkeyfiyyətli arpa səmənisi xammalının istehsalı” və “Fruit Aqro”
QSC-nin “Müxtəlif meyvələrin emalının təşkili” layihələrinə verilib.

İnvestisiya təşviqi sənədi verilmiş layihələrin reallaşması nəticəsində yerli
istehsala təqribən 20,3 milyon manat investisiya yatırılacağı, 60-dan çox yeni
iş yerinin açılacağı nəzərdə tutulur.

İnvestisiya təşviqi sənədi hüquqi şəxslərə və fərdi sahibkarlara Vergi
Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda müəyyən edilmiş güzəştləri
əldə etməyə əsas verən sənəddir. İnvestisiya təşviqi sənədini almış sahibkarlar
yeddi il müddətində mənfəət və gəlirin 50 faizinin vergisindən, əmlak və torpaq
vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və
qurğuların idxalı üçün ƏDV-dən və gömrük rüsumundan azad edilir.

Sahibkarlar investisiya təşviqi sənədi üçün İqtisadiyyat Nazirliyinə, eləcə də
nazirliyin KOB evlərində (Bakı, Xaçmaz və Yevlax şəhərlərində yerləşir)
fəaliyyət göstərən xidmət pəncərəsinə müraciət edə bilərlər.

İndiyə qədər sahibkarların 588 layihəsinə investisiya təşviqi sənədi verilib.
Bu mexanizm sahibkarlara investisiya layihələrinə daha çox vəsait yönəltməyə,
istehsalın və rəqabətqabiliyyətli məhsul ixracının genişləndirilməsinə əlavə
imkan yaradır.

Source link