2032-ci il Olimpiadasını keçirmək istəyən ölkələrin sayı artıb

Baxış sayı: 4. 108 dəfə baxılıb.

2032-ci il Olimpiadasını keçirmək istəyən ölkələrin sayı artıb

2032-ci ildə keçiriləcək Olimpiya Oyunları İndoneziyada baş tuta bilər.

ÇıxışYolu.Com xəbər verir ki, ötən ilin avqustunda Asiya Oyunlarını paytaxt Cakarta və Palembanq şəhərində keçirmiş İndoneziya Milli Olimpiya Komitəsi (MOK) rəsmi şəkildə Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət edib.

Bunu İndoneziya MOK-un sədr müavini Muddai Madanq deyib. Müraciət məktubu ötən həftə İndoneziya prezidenti Coko Vidodo və yerli MOK adından İsveçrədəki səfirlik vasitəsilə mənzil-qərargahı Lozannada olan BOK-a çatdırılıb.

Onu da bildirək ki, Hindistan, Avstraliya, Rusiya, o cümlədən, KXDR və Koreya Respublikası birgə Olimpiadanı keçirməkdə maraqlıdır. Lakin mütəxəssislər bildirir ki, İndoneziyadakı korrupsiya bu ölkənin şanslarını azaldır. 

2016-cı il Rio Olimpiadası Braziliyaya 20 milyard dollara başa gəlmişdi. Baxmayaraq ki, 2030-cu ildə İndoneziyanın iqtisadiyyatına görə dünyanın on ən güclü dövləti arasında olacağı və 300 milyona yaxın əhalisinin olacağı proqnozlaşdırılsa da, bu qədər məbləğin xərclənməsi etirazlara səbəb ola bilər. 

Qeyd edək ki, Yay Olimpiadası heç vaxt Cənub-Şərqi Asiya ölkələrində keçirilməyib. Əgər 2025-ci ildə ev sahibliyi təsdiqlənsə, İndoneziya o zaman Yaponiya, Çin və Koreyadan sonra Olimpiadanı keçirəcək dördüncü Asiya ölkəsi olacaq.

2020-ci il Olimpiadası Yaponiyanın paytaxtı Tokioda, 2024-cü il Fransanın mərkəzi şəhəri Parisdə və 2028-ci il ABŞ-ın Los-Anceles şəhərində baş tutacaq.

Səbuhi MUSAYEV