a42a721e-c215-4cae-bfdb-5a386459918e..jpg

21 bıçaq zərbəsi ilə arvadını öldürdü – Azərbaycanda dəhşətli QƏTL + FOTO

Baxış sayı: 674 dəfə baxılıb.

21 bıçaq zərbəsi ilə arvadını öldürdü – Azərbaycanda dəhşətli QƏTL + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci il avqustun 3-də Bakının Xəzər rayonu Zirə qəsəbəsində 1997-ci il
təvəllüdlü Sevinc Məhərrəmova qətlə yetirilir. Məlumatla əlaqədar Xəzər rayon
Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları Zirə qəsəbəsində yaşayan
1979-cu il təvəllüdlü Füzuli Qarayevi saxlayaraq, istintaqa təhvil veriblər.
Sevinc Məhərrəmovanın meyiti qonşusu Röyal Hüseynova məxsus evdə, girişdən sol
tərəfdəki otaqda aşkar edilib.

Sosial şəbəkələrdə əri tərəfindən qətlə yetirilən Sevinc Məhərrəmovanın son
yazışması yayılıb.

Məlum olub ki, İki uşaq anasının zorakılığa məruz qalması ilə bağlı mart
ayında da şəbəkələrdə paylaşımlar olub. Sevinc Məhərrəmovaya kömək edən hüquq
müdafiəçiləri DİN, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsini qadını müdafiə etməyə çağırıblar. Sevinc valideynlərinin yanında
yaşamağa başlayandan sonra ona tibbi müayinədən keçməyə, iş tapmağa kömək
ediblər, lakin onu uşaqları ilə görüşdürə bilməyiblər.

Həmin gün, ölkə ictimaiyyətini sarsıdan növbəti qadın qətli ilə əlaqədar Uşaq
və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, Xəzər və Pirallahı rayon İcra
hakimiyyətlərinin nümayəndələri hadisə baş vermiş ünvana və uşaqların hazırda
olduğu ailəyə baş çəkiblər. Avqustun 4-də bir qrup qadın haqları fəalı Xəzər
RPİ-nin inzibati binasının qarşısında qətlə yetirilən Sevinc Məhərrəmovaya
qarşı zorakılığın qarşısının vaxtında alınmamasına etiraz olaraq aksiya
keçiriblər.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, avqustun 3-də Füzuli Qarayev arvadı Sevinc
Məhərrəmovanın, aralarında yaranmış mübahisədən sonra çıxıb, qonşusu Röyal
Hüseynovun evinə getdiyini bilib. Buna dözməyən Qarayev qadını qətlə yetirmək
qərarına gəlib. Bu məqsədlə evdən məişət təyinatlı bıçağı götürüb və küçəyə
çıxıb. Həyət darvazasının yaxınlığında, az əvvəl baş vermiş mübahisəyə görə
qarşısına çıxan qonşusu Ramil Bəşirovun üzünə yumruqla zərbə vurub. Daha sonra
bıçaqla digər qonşusu Röyal Hüseynova bir zərbə endirib. Bundan sonra,
yaraladığı şəxsə məxsus evə daxil olub, girişdən sol tərəfdə yerləşən otaqda
Sevinc Məhərrəmovanın bədənini müxtəlif nahiyyələrinə bıçaqla 21 dəfə zərbə
vuraraq, zərərçəkmişi öldürüb.

İş üzrə dindirilmiş Füzuli Qarayev bildirib ki, İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyinin İnzibati idarəetmə departamentində sürücü işləyib. Sevinc
Məhərrəmova ilə rəsmi nikahları olmayıb, iki övladları dünyaya gəlib:

Füzuli Qarayev

“Sevncdən əvvəl başqa qadınla evli olmuşam. Münasibətimizdə soyuqluq
yaranmasına qadının ev işlərinə məsuliyyətsiz yanaşması, uşaqlara baxmaması və
tez-tez evdən çıxıb getməsi səbəb oldu. Bu barədə Sevincin valideynlərinə xəbər
versəm də, faydası olmadı. Sonradan arvadımın Qadın hüquq və azadlıqları
uğrunda mübarizə aparan feminist hərəkatın nümayəndələri ilə əlaqə saxladığını,
həmin şəxslərin köməkliyi və vasitəsi ilə evdən qaçdığını bildim. Feminist
hərəkatın nümayəndələri məlum hadisədən əvvəl bir neçə dəfə, gecə saatlarında
evimə gələrək özlərini polis əməkdaşları kimi təqdim etdilər. Övladlarımı
sığınacağa yerləşdirmək adı ilə alıb, aparmaq istədilər. Həmin şəxslər
həyətimdə olan vaxt, zəng vurub bu haqda qardaşım Kərəmə xəbər verdim. Qardaşım
da mənə dərhal polisə məlumat verməyimi bildirdi. Evimə qanunsuz daxil olan
şəxslərlə söhbətimi mobil telefonuma çəkdim və videogörüntüləri Kərəmə
göndərdim. Hadisədən sonra əsəbiləşib telefonumu sındırdığım üçün, həmin
görüntüləri istintaqa təqdim edə bilmədim. Martın 19-da Novruz bayramı ilə
əlaqədar Sevinclə bazarlıq etdik. Növbəti gün qonşuya olan pul borcumu
qaytarmaq üçün arvadıma 19 manat verdim. Sevinc qonşuya getdi, amma xeyli vaxt
keçməsinə baxmayaraq geri qayıtmadı. Küçəyə çıxıb arvadımı axtarmağa başladım.
Qonşu qadın Sevincin qaçaraq, harasa getdiyini dedi. Bir müddətdən sonra
tanımadığım nömrədən zəng vuran şəxs özünü qonşuluqda yaşayan Teymur kimi
təqdim edərək, arvadımın onların evində olduğunu bildirdi. Teymurun evinə
gedərək, Sevincin qaçdığını bildim. Qadın qonşuya mütəmadi mənim tərəfimdən
döyüldüyünü və bu səbəbdən evdən qaçdığını deyib. Sevincin mənim haqqında
yalandan belə sözlər danışmasından artıq tükəndim. Evimizə qayıdandan sonra,
əlimə keçən odun parçası ilə Sevinci döydüm. Məqsədim mütəmadi evdən qaçdığı
üçün onu cəzalandırmaq idi. Hadisədən 2 gün sonra Sevinc öz xalası qızı və
feminist tanışlarının məsləhəti ilə döyülməsi ilə bağlı Xəzər rayon Polis
İdarəsinin 1-ci Polis Şöbəsinə ərizə ilə müraciət etdi”.

Bununla bağlı cinayət işi başlanılıb və iyun ayında Xəzər rayon Məhkəməsinin
hökmü ilə ona 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Buna baxmayaraq
Sevincdən ayrılmayıb, yenə də bir birlikdə yaşamaqda davam ediblər. İyul ayının
əvvəllərində arvadı növbəti dəfə evdən qaçıb. Artıq dözməyərək övladlarını
qaynatasıgilə aparanda, onlar qızlarının evlərinə gəlmədiyini deyiblər.
Uşaqları orda qoyub evə qayıdıb. Az sonra Sevinc “Whatsapp” tətbiqindən
övladlarının şəklini ataraq, əməlindən peşman olduğunu və bir daha belə hərəkət
etməyəcəyini yazıb:

“Avqustun 3-də səhər işə getdim. Həmişə olduğu kimi darvazanı çöl tərəfdən
bağladım. İşə çatdıqdan sonra mobil nömrəsinə zəng vursam da, arvadım cavab
vermədi. Buna görə maşını yaşadığım evə sürdüm, darvazanı açıb həyətə girdim.
Giriş qapısını açıb içəri daxil olduqda əşyaların dağınıq olmasını, arvadım və
övladlarımın isə evdə olmadıqlarını gördüm. Əsəbi halda küçəyə çıxaraq, qonşum
Əligilə getdim. Qonşum qadının onlara gəlmədiyini dedi. Yolda olanda digər
qonşum Ramilin həyat yoldaşı zəng edərək, Sevincin mobil telefonunun sındığını
və bu barədə mənə məlumat verməsini xahiş etdiyini söylədi. Sonra qadın
telefonu arvadıma verdi və mən Sevincə “evə gəlirəm” dedim. 20 dəqiqədən sonra
evə çatdım. Giriş qapısının bağlı olduğunu görüb bərk əsəbiləşdim və Ramilgilin
evinə tərəf getdim. Qapıya çatanda, Ramilin qonşum Röyalla küçədə
dayandıqlarını gördüm. Ramil Sevincin və övladlarının Röyalgildə olduğunu
bildirəndə, Röyaldan onları çölə çağırmasını tələb etdim. Röyal ailə məsələmə
müdaxilə edəndə, aramızda mübahisə yarandı. Əsəblərimə hakim ola bilmədim”.

Evə qayıdaraq, bıçaq götürüb və yenidən küçəyə çıxıb. Şərti cəzaya məhkum
olunması yadına düşüb. Röyalla Ramilin Sevinci öldürməsinə mane olacaqlarını
düşünüb:

“Yaxınlaşıb, Ramilə yumruqla zərbə vuraraq, onu yerə yıxdım. Röyalı özümdən
uzaqlaşdırmaqdan ötrü bıçağı sağa-sola hərəkət etdirdim. Bədənindən qan
axdığını görəndə, onu yaraladığımı başa düşdüm. Röyalın evinin qapısını açıb,
həyətə girdim. 1-ci mərtəbədə olan qadınlar və uşaqlar qarşıma çıxdılar.
Sevincin arxasınca otağa girərək, niyə məni biabır etdiyini soruşdum. Sevinc
məndən zəhləsi getdiyini və məni görmək istəmədiyini bildirdi.

“Kişisənsə vur öldür, mənim də canım qurtarsın, sənin də. Öldürməyə kişiliyin
çatmırsa, qoy sərbəst həyatımı yaşayım!” dedi. Həmin an başımda hər şey
qarışdı. Özümü saxlaya bilməyərək, ona bıçaqla ardıcıl zərbələr endirməyə
başladım. Arvadımın təkrar etdiyi nalayiq sözlərdən qəzəblənərək, səsinin tez
kəsilməsi və ölməsi üçün xəsarətlər yetirməkdə davam etdim. Axırıncı zərbəni
boğazına vurdum. Sevincin öləcəyini düşünüb evə qayıtdım. Qardaşıma, ardınca da
102 xidmətinə zəng vurub törətdiyim cinayət haqda məlumat verdim. Anar adlı iş
yoldaşıma zəng vurub, gəlib şirkətin avtomobilini aparmasını dedim.
Paltarlarımı dəyişib küçəyə çıxdım, qonşum Əlinin evində olan övladlarımla
sağollaşdım. Hadisə yerinə gələn polis əməkdaşları məni 1-ci şöbəyə apardılar”.

Füzuli Qarayev əlavə edib ki, Röyal Hüseynovun evinə girəndə, içəridə olan
insanlar qaçaraq, həyətə çıxıblar. Mübahisə zamanı otaqda yalnız onunla Sevinc
olub.

Zərərçəkmiş şəxsin hüquqi varisi Mətanət Məhərrəmova ifadəsində göstərib ki,
qızının xalası oğlu ilə evliliyinin əleyhinə olub:

“Bunu həm arada 19 illik yaş fərqi ilə, həm də Füzuli Qarayevin bir dəfə
evlənib-boşanması ilə əsaslandırırdım. Ailənin narazılığına baxmayaraq, Sevinc
Füzuliyə qoşulub qaçdı. Sonra barışdıq. 3 aylıq hamilə olanda Sevinc zəng
eləyib əri tərəfindən döyüldüyünü, gəlib onu aparmağımı dedi. Həmişə döyülüb
gələndə ona deyirdik ki, qayıtmasın. Amma yoldaşı ilə telefonla danışandan
sonra çıxıb gedirdi. Axırıncı dəfə evə gələndə qızıma bir daha ərinin yanına
qayıtmamasını bildirdim. Qadın haqları fəallarının əziyyətini yerə vurduğunu,
onun arxasında dayandıqlarını söylədim. Gedəndən 10 gün sonra qızım qətlə
yetirildi”.

Zərərçəkmiş Röyal Hüseynov ifadəsində göstərib ki, Füzuli Qarayevlə təxminən
10 il qonşuluqda yaşayıb:

Röyal Hüseynov

“Sevinc Məhərrəmovanın tez-tez evdən qaçması və Füzulinin onu axtarıb taparaq,
evə qaytarması haqda söz-söhbətlər eşitmişdim. Heç vaxt Füzulinin ailə
söhbətlərinə müdaxilə etməmişəm və bu barədə ondan heç nə soruşmamışam. Hadisə
günü evdə idim. Sevinc uşaqları ilə həyətə girəndə, onları arvadım Şəhla
qarşıladı. Qadının üz cizgilərindən həyəcanlı olduğunu hiss etdim. Ondan heç nə
soruşmayaraq, küçəyə çıxdım. Qapısının yanında, beton səki üzərində oturdum.
Qonşum Ramil küçədə yaxınlaşıb mənimlə salamlaşdı. Ramilə Füzulinin arvadının
hazırda evimdə olmasını dedim. Ramilin arvadı Şəbnəm Füzuliyə zəng vurub
Sevincin telefonunu sındırdığını və əgər ona zəng çatmasa, narahat olmamasını
bildirdi. Təxminən 5 dəqiqədən sonra Füzuli yaxınlaşıb salam vermədən Ramildən
arvadı və övladlarının evində olub-olmamasını soruşdu. Sonra mənə Sevinci çölə
çağırmağımı dedi. Söhbəti sakit yoluna qoymaq üçün Füzuliyə “keçək Ramilgilin
həyətinə, bir stəkan çay içək, söhbət eləyək, sonra uşaqlarını apararsan”
dedik. Füzuli mənə tərs baxaraq “indi qayıdacağını” deyib, öz evinə doğru
getdi. Bir neçə dəqiqədən sonra qonşum küçə darvazasını bağlayanda, Ramil
yaxınlaşıb qolundan tutdu və onu sakitləşdirməyə çalışdı. Füzuli Ramilin əlini
kənara çəkib gözlənilmədən bıçaqla məni sol böyrümdən vurdu. Ramil kənara
çəkilərək dirəyə söykəndi. Sonra Füzuli Ramilin üzünə güclü zərbə vurdu. Qonşum
zərbənin təsirindən yerə yıxıldı. Sonra Füzuli həyətimə girdi. Vəziyyətim yaxşı
olmadığından, bir neçə addım atan kimi yıxıldım. Sonra baş verənlər yadımda
qalmadı. 3 saylı xəstəxanada əməliyyat olundum”.

Zərərçəkmiş qeyd edib ki, qadını qoruya bilmədiyi üçün vicdan əzabı çəkir.

Məhkəmə iclasında Füzuli Qarayev ittiham üzrə özünü təqsirli bilib.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ömürlük cəza
verilməsini xahiş edib.

Zərərçəkmiş Röyal Hüseynov Füzuli Qarayevə ağır cəza təyin olunmasını və ona
vurulmuş 5.800 manat məbləğində maddi ziyanın ödənilməsini istəyib.

Məhkəmə hesab edib ki, Füzuli Qarayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən
adam öldürmə), 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 157.1-ci
(Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan,
mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə nəzərdə
tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Füzuli Qarayev cəzasını ciddi
rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum
olunub.

Source link