Səkkiz ölkənin beş idman növü üzrə 21 atleti qanında dopinqdən istifadə etməkdə şübhəli bilinib.
ÇıxışYolu.Com xəbər verir ki, bunu 20 fevral-3 mart tarixlərində Avstriyanın Zeefeld qəsəbəsində keçirilmiş 41-ci Xizəksürmə üzrə dünya çempionatında Almaniya prokurorluğu təsbit edib.
Münşen ştat prokuroru Kai Qreber keçirdiyi mətbuat konfransında doqquz nəfərin həbs olunduğunu bildirib. Bunlardan beş nəfər – Maks Hauke, Dominik Baldauf (hər ikisi Avstriya), Aleksey Poltoranin (Qazaxıstan), Karel Tamyarv və Andreas Veerpalu (hər ikisi Estoniya) xizəksürənlərdir.
Həmçinin tutulanlar arasında almaniyalı həkim Mark Şmidt də var. Məhz o, dopinq tərkibli qan bağlamalarının idmançılar üçün hazırlanmasında şübhəli bilinir. Onun bir idmançıdan mövsümə 4-12 min avro qazandığı bildirilir.
Avstriyalı velosipedçilər – Qeorq Praydler və Ştefan Deniflye, o cümlədən eston xizəksürən Alqo Kyarp da şübbəlilər arasındadır. Artıq bu idmançıların əksəri dopinqdən istifadə etdiklərini etiraf edib.
Prokurorluğun əlində hazırda 40-50-yə yaxın qan bağlaması var. Həmin bağlamalar -80 dərəcə temperaturda saxlanılıb. Müəyyənləşdirilib ki, bu bağlamalar Almaniya, Avstriya, İtaliya, İsveç, Finlandiya, Estoniya, Xorvatiya, Sloveniya və hətta ABŞ Havay adalarına da göndərilib.
Qeyd edək ki, bu beynəlxalq axtarış avstriyalı xizəksürən Yohanes Dürün yanvarda ARD telekanalında gedən sənədli filmdə dopinqdən istifadəyə dair danışmasından sonra təhqiqatlara başlanılıb.
Səbuhi MUSAYEV