2e355978-be11-468b-a28f-9f64919f43d4..jpg

22 yaşlı Vətən Müharibəsi Qəhrəmanı: “Həyatımı tankın sürücüsünə borcluyam” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 798 dəfə baxılıb.

22 yaşlı Vətən Müharibəsi Qəhrəmanı: “Həyatımı tankın sürücüsünə borcluyam” –
MÜSAHİBƏ + FOTO

“Vətən müharibəsində yaşadığım bütün anlar xatirədir. Müharibədə olanlar heç
vaxt unudulmur. Həmin an ancaq irəli getməyi düşünürsən, ailəni belə,
fikirləşmirsən. Torpaqlarımızı azad etməyi qarşıma məqsəd qoymuşdum”.

Bunu Cixisyolu.com-a müsahibəsində 44 günlük Vətən müharibəsində iştirak edib, xüsusi
şücaət göstərən 22 yaşlı Vətən Müharibəsi Qəhrəmanı, qaziAzər Abdullazadə deyib.

Abdullazadə Azər Rizvan oğlu 2001-ci il fevralın 18-də Tərtər rayonunun
Cəmilli kəndində anadan olub. 2007-ci ildə Cəmilli kənd tam orta məktəbində
birinci sinfə gedib, 2018-ci ildə məzun olub. Azər Abdullazadə 2019-cu ilin
aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmət müddətinin bitməsinə
bir neçə gün qalmış Vətən müharibəsi başlayıb.

Onunla müsahibəni təqdim edirik:

– Hansı ərazilərin azad olunmasında iştirak etmisiniz?

– İlk döyüşümüz 27 sentyabrda Füzuli istiqamətində başladı. Füzuli, Cəbrayıl
istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Tankda tuşlayıcı operator idim.
Təəssüf ki, sona qədər iştirak edə bilmədim.

– Müharibənin neçənci günündə yaralandınız?

– Füzuli istiqamətində gedən döyüşlərdə sentyabrın 30-da yaralandım. Yüngül
yara idi. Bir gün xəstəxanada yatdım. Daha sonra öz istəyimlə yenidən qayıtdım.
Oktyabrın 11-də Cəbrayıl uğrunda gedən döyüşdə ağır yaralandım. Tankın içində
yandım. Hər iki gözümə qəlpə dəydi. Sağ gözümü həmin vaxt itirdim. Sol gözümün
də görməsi itmişdi. Daha sonra həkimlərin səyi nəticəsində gözümdən qəlpə
çıxarıldı, görməm bərpa olundu. Sağa protez göz qoydular.

Həmin döyüşdə tank komandirim qəhrəmancasına şəhid oldu. Mən tankın sürücüsü
sayəsində sağ qaldım. Sürücü məni yanmış tankdan çıxartdı. O özü də yaralı idi.
Həyatımı ona borcluyam.

– Müharibədə unuda bilmədiyiniz anlardan danışaq. O günlər xatirənizə necə
həkk olunub?

– 44 günlük Vətən müharibəsi qızıl hərflərlə tarixə yazıldı. 30 il düşmən
tapdağında olan torpaqları 44 gündə geri qaytardıq. Tam iştirak etməsəm də, hər
biri mənim üçün ən dəyərli xatirədir. Heç bir anı unudulası deyil. Hər biri
daim insanın beynində qalır. Qardaş dediyim uşaqlar şəhid oldular. Çox ağırdır.
Onlar gözümün qabağında şəhadətə qovuşdular. Onlar heç vaxt unudulmayacaqlar,
daim qəlblərdə yaşayacaqlar. Düşmənin başına od ələdik. Onlar qorxudan hər
şeylərini qoyub, qaçırdılar.

– Ölüm-dirim savaşında idiniz. Hər şey ola bilərdi. O zaman ağlınıza kimlər
gəlirdi?

– Mən 18 ay idi ki, anamın-atamın üzün görmürdüm. Hətta zəng etmirdim ki,
darıxmasınlar. Hərbi xidmət dövrümün bitməsinə üç gün qalmış müharibə başladı.
Onlara bu səbəbdən xəbər vermişdim. Mən həmin vaxtı ailəmi bir kənara
qoymuşdum. Ancaq irəli getməyi, Vətəni, torpağı, milləti düşünürdüm. Qarşıma
məqsəd qoymuşdum ki, torpaqlarımızı azad etməliyik. Tam səmimiyyətimlə deyirəm.
Həmin vaxt ailəni düşünmək olmur. Ancaq döyüşmək fikrində olur. Oralar bizim
ata-baba yurdumuzdur. Doğma yurdumuzu geri qaytardıq.

– Səhv etmirəmsə, atanız da Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.

– Bəli, atam Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Birinci qrup
əlildir. Əmim Natiq Abdullayev də Birinci Qarabağ müharibəsində, 1993-cü il
yanvarın 16-da şəhid olub. Həm qazi, həm də şəhid ailəsiyik.

Vətənə sevgi uşaqlıqdan aşılanıb. Ən böyük arzum hərbçi olmaq idi. Qardaşım da
hərbçi idi. 44 günlük Vətən müharibəsində iştirak edib. Birlikdə döyüşüb,
yaralanmışdıq. Medallarla təltif olunub. Hazırda da xidmətdədir. Digər əmim də
tibbi xidmət polkovnikidir. Müharibə zamanı həkim olaraq öz vəzifəsini həyata
keçirib. Döyüşlər zamanı ilk cərrahi əməliyyatı əmim edib.

– 10 noyabrda müharibənin bitməsi xəbərini eşidən zaman hansı hissləri
keçirdiniz?

– Həmin vaxt xəstəxanada idim. Sona qədər iştirak etmək istərdim. O hissləri
hər gün yaşayıram. Qələbə xəbərini alanda gözlərim doldu. Həmin hissləri ifadə
edə bilmirəm. Qələbə çaldıq, torpaqlarımızı geri qaytardıq. O xəbəri eşidəndə
göz yaşlarımı saxlaya bilmədim.

– 19 yaşında Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüsünüz.

– Bu mənim üçün qürurvericidir. Döyüşlərdə iştirak etdiyim üçün çox sevinirəm
və fəxr edirəm. İşğaldan azad etdiyimiz torpaqlara baş çəkəndə bir daha qürur
duydum.

Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə Füzuli
istiqamətindən başlayaraq Cəbrayıla qədər döyüş yolu keçib. “Vətən Müharibəsi
Qəhrəmanı” adına layiq görülüb, “Cəbrayılın azad olunmasına görə”, “Vətən
müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Nəzrin Vahid

Source link