24 il cəza çəkən keçmiş məhkuma daha 11 il həbs

24 il cəza çəkən keçmiş məhkuma daha 11 il həbs

Baxış sayı: 3. 111 dəfə baxılıb.

Ali Məhkəmədə Bakı şəhər sakini Nəsrulla Zaqidulinin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

ÇıxışYolu.Com-ın məlumatına görə, 2014-cü il dekabrın 24-də Kliniki Tibbi Mərkəzə Səbail rayonundan huşsuz vəziyyətdə Bakı şəhər sakini İqor Samoylenko gətirilib və üç gündən sonra orada ölüb. 

Həmin gün mərhumun anası Maya Batolova Səbail RPİ 8-ci polis bölməsinə müraciət edərək, oğlunun naməlum şəxs tərəfindən döyüldüyü barədə ərizə yazıb. 

Təyin olunan məhkəmə-tibbi ekspertizanın rəyinə görə, İ.Samoylenkonun bədən səthində çoxsaylı qançır və sıyrıqlar aşkar edilib. Dekabrın 28-də Nəsrulla Zaqidulin saxlanılıb və dindirilmə vaxtı tanışı İqor Samoylenkoya xəsarətlər yetirdiyini etiraf edib.

Məlum olub ki, tutulan şəxs əvvəllər məhkum olunub və ümumilikdə həbsxanalarda 24 il keçirib.

İstintaqla müəyyən edilib ki, ayın 24-də Nəsrullah Zaqidulin və İqor Samoylenko yeyib-içəndən sonra aralarında mübahisə yaranıb. Bərk sərxoş olan İqor Nəsrullahı təhqir edib, həmçinin binanın qarşısından keçən qadınları söyüb. Buna görə Zaqidulin Samoylenkodan söyüş söyməməyi tələb edib, sonra isə İqoru döyüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrum olunub. 

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.

Hökmdən N.Zaqidulin kassasiya şikayəti verib.

Ali Məhkəmə məhkumun kassasiya şikayətinə baxaraq, onu təmin etməyib.

C.H.
www.ÇıxışYolu.Com