30 manata görə qətl törədənə hökm oxunub

30 manata görə qətl törədənə hökm oxunub

Baxış sayı: 2. 190 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Əmrah Əlizadənin Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın məlumatına görə, hadisə ötən il yanvarın 9-da Bilgəh qəsəbəsində, Azərbaycan qadını küçəsində baş verib. 

Qəsəbə sakini Əmrah Əlizadə Hacıbaba Məmmədovu, icarəyə götürüb işlətdiyi ərzaq mağazasında bıçaqlayıb. Yaralı 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Həmin gün şübhəli şəxs Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

İstintaqın gedişatında məlum olub ki, Əmrah Əlizadə və Hacıbaba Məmmədov qonşu olublar. Əmrahın mağaza sahibinə 30 manat pul borcu olub, yanvarın 9-da sonuncu ondan qısa müddət ərzində pulu qaytarmasını tələb edib. Bu zəmində aralarında mübahisə yaranıb və Əmrah məişət-təsərrüfat təyinatlı bıçaqla Hacıbabanı qətlə yetirib. 

Məhkəmə prosesində çıxış edən prokuror təqsirləndirilən şəxsə 18 il 6 ay cəza təyin edilməsini xahiş edib. 

Məhkəmə işin hallarını araşdıraraq Ə.Əlizadənin əməlini Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsindən 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edib. 

Məhkəmənin hökmü ilə o, doqquz il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

www.ÇıxışYolu.Com