30 ölkədən 107 QHT Azərbaycana COP29-la bağlı dəstək bəyanatı verib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sağlamlıq, ətraf mühit və iqlim dəyişmələri məsələləri üzrə ixtisaslaşmış,
ümumilikdə 106 ölkədən 2300 QHT-ni özündə birləşdirən Afrika Səhiyyə
Təşkilatları Assosiasiyası (The Afrihealth Optonet Association (AHOA)
Azərbaycana COP29-la bağlı dəstək bəyanatı verib.
“Report” xəbər verir ki, bəyanatı AHOA-nın rəhbəri Uzodinma Adiriece
imzalayıb. AHOA-ya üzv və tərəfdaş olan 30 ölkədən 107 QHT də müraciətə qoşulub.
Bəyanatda AHOA Azərbaycanın iqlim dəyişmələri ilə bağlı qlobal fəaliyyətdə
nümayiş etdirdiyi həqiqi fədakarlığı və liderliyi alqışlayır, bütün dünyanı
iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün COP29-un yaratdığı tarixi
fürsətdən istifadə etməyə çağırır.
Bəyanatı təqdim edirik:
“Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yaxınlaşdığı
dövrdə Afrika Səhiyyə Təşkilatları Assosiasiyasının (The Afrihealth Optonet
Association (AHOA) rəhbərliyi, üzvləri və tərəfdaşları olaraq, qlobal
ictimaiyyəti dayanıqlı və sağlam gələcəyə doğru istiqamətləndirmək kimi mühüm
vəzifəni öhdəsinə götürən COP29 prezidentinə və ev sahibi ölkə olan Azərbaycana
ürəkdən dəstəyimizi ifadə edirik.
Planetimizin üzləşdiyi ekoloji problemlərdən dərindən narahat olan AHOA COP29
rəhbərliyinin, Azərbaycanın iqlim dəyişmələri ilə bağlı qlobal fəaliyyətdə
nümayiş etdirdiyi həqiqi fədakarlığı və liderliyi alqışlayır. İqlim
dəyişmələrinə qarşı mübarizəni aparmaq çox məsuliyyətli işdir. İqlim
dəyişmələrinin təsirini azaltmaq, həssas icmaları/əhali qruplarını mühafizə
etmək və ekosistemləri gələcək nəsillər üçün qoruyub saxlamaq üçün cəsarətli və
qətiyyətli addımların tələb olunduğu kritik məqamdayıq. Bu baxımdan AHOA COP29
Prezidentinin və Azərbaycanın dialoqun, əməkdaşlığın və innovasiyaların
təşviqində öhdəliyinin böyük əhəmiyyət kəsb etdiyini məmnuniyyətlə qeyd edir.
Azərbaycanın zəngin mədəni irs və müxtəlif təbii landşaftları ilə təkcə
əvəzolunmaz ekoloji sərvətlərin qoruyucusu deyil, həm də iqlim dəyişmələri və
ətraf mühitin mühafizəsi uğrunda fəal müdafiəçi olduğuna inanırıq.
“Üçlük-Missiya 1.5” kimi təşəbbüslər vasitəsilə Azərbaycan iqlimə davamlılıq
sahəsində dayanıqlı inkişafa sarsılmaz sadiqliyini nümayiş etdirdi və COP28-də
əldə olunan uğurların davamlılığını təmin etdi. AHOA Azərbaycanın COP29 zamanı
iqlim dəyişmələri ilə bağlı danışıqlarda güclü konsensual nəticələr əldə
edəcəyinə inanır.
Vətəndaş cəmiyyəti üzvləri iqlim dəyişmələri bağlı fəaliyyətdə mühüm rol
oynayır, dəyişiklik üçün katalizator kimi çıxış edir və iqlim hərəkatlarına
təkan verir. Yerli icmaların rəhbərlik etdiyi iqlimə uyğunlaşma layihələrindən
tutmuş gənclərin bu sahədə təşviqat kampaniyalarına qədər vətəndaş cəmiyyəti
təşkilatları məlumatlılığın artırılmasında, resursların səfərbər edilməsində və
bütün səviyyələrdə dəyişikliklərə təkan verməkdə mühüm rol oynayır. Qlobal
şəbəkə və araşdırma mərkəzi kimi AHOA COP29 Prezidentinin və Azərbaycanın mühüm
qlobal əməkdaşlığa kömək etmək, iddialı öhdəliklər götürmək və hamı üçün daha
dayanıqlı və ədalətli gələcəyə doğru kurs təyin etmək qabiliyyətinə tam əmindir.
Biz iqlimlə bağlı fəaliyyətin sürətləndirilməsi və planetimiz üçün daha parlaq
sabahın qurulması səylərində COP29 Prezidenti, Azərbaycan və dünya üzrə
vətəndaş cəmiyyəti təşkilatları ilə həmrəyik. Gəlin, birlikdə iqlim
dəyişikliyinə qarşı mübarizə aparaq, həm insanların, həm də təbiətin
çiçəkləndiyi bir dünya yaratmaq üçün bu tarixi fürsətdən istifadə edək”.