300-dən çox “Boeing” təyyarəsində yararsız detallar tapıldı

Baxış sayı: 3. 205 dəfə baxılıb.

300-dən çox “Boeing” təyyarəsində yararsız detallar tapıldı

ABŞ-ın “Boeing” şirkəti 300-dən çox “737 MAX” və “737 NG” tipli təyyarədə yararsız detallar aşkar edib.

Bu barədə Birləşmiş Ştatların Federal Mülki Aviasiya İdarəsinin (FAA) saytında bildirilir.

“Boeing” FAA-nı məlumatlandırıb ki, “737 MAX” və “737 NG” təyyarələrinin qanad uclarında bir sıra istiqamətverici plankalar davamlılıq üzrə normativ tələblərə cavab verməyə bilər.

“Boeing” və FFA-nın birgə araşdırması nəticəsində podratçı şirkətin hazırladığı detalların 148-də qüsur tapılıb. Bu, 32 ədəd “737 NG” və 33 ədəd “737 MAX” təyyarəsində ola bilər. Ümumilikdə isə yararsız detalların 300-dən çox “Boeing” təyyarəsində olduğu ehtimal edilir.

Azərbaycan “Boeing 737” təyyarələrindən imtina etdi

FAA-dan bildiriblər ki, bu, təyyarələrin qəzaya uğramasına səbəb olmasa da, risk saxlanılır.

Xatırladaq ki, 2018-ci ilin oktyabrında “Boeing 737 MAX” təyyarəsi İndoneziyada qəzaya uğrayıb, nəticədə 189 nəfər həyatını itirib. Martda isə Efiopiyada eyni modelli təyyarənin qəzaya düşməsi nəticəsində 157 insan ölüb. Bundan sonra bir sıra ölkələrdə “Boeing 737 MAX” hava gəmilərinin istismarı dayandırılıb.

Azərbaycan da “Boeing” şirkəti ilə 10 ədəd “Boeing 737 MAX-8” təyyarəsinin alışını nəzərdə tutan müqaviləni ləğv edib.

“Azərbaycan Hava Yolları” QSC-nin bu gün yaydığı bəyanatda deyilir:

“Biz rəsmi olaraq “Boeing 737 MAX-8” təyyarələrinin alışı planından imtina etmişik. Bu qərar həmin təyyarələrin təhlükəsizliyi ilə bağlıdır və müvafiq müqaviləni ləğv etdik”.