688580be-e0e1-4b5e-90ff-57da5519572b..jpg

31 Mart soyqırımı – XX əsrdə azərbaycanlılara qarşı kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir – FOTO

Baxış sayı: 733 dəfə baxılıb.

31 Mart soyqırımı – XX əsrdə azərbaycanlılara qarşı kütləvi soyqırımı
cinayətlərinin tərkib hissəsidir – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan xalqı son iki yüz il ərzində erməni millətçilərinin davamlı olaraq
etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq öz tarixi
torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər.
Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri
də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə – 1905-1906-cı,
1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri
tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalıb.

AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, beynəlxalq
münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədovun “31 Mart
soyqırımı – XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi
soyqırımı cinayətlərinin tərkib hissəsidir” sərlövhəli məqaləsini təqdim edir.

Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi

Qeyd etmək lazımdır ki, XIX əsrin əvvəllərində – 1805-ci il mayın 14-də
Qarabağ xanı İbrahim xanla çar Rusiyasının Qafqaz qoşunlarının baş komandanı
general Sisianov arasında Kürəkçay müqaviləsi (“Andlı öhdəlik”) imzalanmışdı.
Bu fakt onu göstərir ki, əgər ermənilər Qarabağ xanlığında yaşayıb vəzifə
sahibi olsaydılar, general Sisianovla müqavilə Qarabağ xanı İbrahim xanla
imzalanmazdı.

Bununla yanaşı, Qarabağ əhalisinin sayı və etnik tərkibi haqqında ətraflı
məlumat verən, eləcə də mühüm sənəd hesab edilən çar məmurları Yermolov və
Mogilyovski tərəfindən tərtib edilmiş “Qarabağ əyalətinin təsviri”nə görə,
1823-cü ildə Qarabağ əyalətində 20 min 95 ailə, o cümlədən 15 min 729
azərbaycanlı və 4 min 366 erməni ailəsi olmuşdur. Kürəkçay müqaviləsindən sonra
yəni, 1823-cü ilə qədər Qarabağa köçürülən ermənilərin hesabına əyalətdə
onların sayı artıb 4 min 366-ya çatmışdır. Tarixi faktlar göstərir ki, strateji
baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq
hissəsinə İrandan və Türkiyədən erməni əhalisinin kütləvi şəkildə köçürülməsinə
XIX əsrin əvvəllərində başlanmışdır. 1804-1813-cü, 1826-1828-ci illər
Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrinin gedişində, həm
də sonralar ermənilərin İran və Türkiyədən kütləvi surətdə Cənubi Qafqaza, o
cümlədən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artdı.
Bunu Rusiya ilə İran arasında bağlanmış Gülüstan (12 oktyabr 1813-cü il) və
Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri kimi sənədlər də təsdiq edir.

Bu faktları N.N.Şavrov belə təsvir edir: “1828-1830-cu illər müharibəsi
qurtardıqdan sonra biz 40 mindən çox İran və 84 min Türkiyə ermənisini köçürüb
onları, demək olar ki, ermənilər yaşamayan Yelizavetpol və İrəvan
quberniyalarında, Tiflis, Borçalı, Axalsix, Axalkələk qəzalarının ən yaxşı
dövlət torpaqlarında yerləşdirdik. Həmin ermənilər Yelizavetpol quberniyasının
dağlıq hissəsi (Qarabağın dağlıq hissəsi nəzərdə tutulur) və Göyçə gölünün
sahillərində məskunlaşdırıldılar. Bunu da nəzərə almaq lazımdır ki, rəsmi
olaraq köçürülən 124 min ermənidən başqa, buraya qeyri-rəsmi köçənlərlə
birlikdə onların sayı 200 min nəfərdən çoxdur”.

XIX əsrin sonu-XX əsrin əvvəllərində Cənubi Qafqaza ermənilərin köçürülməsi
davam etdirildi. Təkcə 1896-cı ildən 1908-ci ilədək – 13 ildə Zaqafqaziyaya 400
min erməni köçürülmüşdü. Bu barədə N.N.Şavrov yazır: “1896-cı ildə
general-adyutant Şeremetyev Zaqafqaziyada yaşayan ermənilər haqqında
məlumatında onların sayının 900 min nəfər olduğunu göstərmişdir. 1908-ci ildə
isə onların sayı 1 milyon 300 min nəfərə çatmışdır, yəni bu müddət ərzində
ermənilər 400 min nəfərdən artıq çoxalmışlar. Hazırda Zaqafqaziyada yaşayan 1
milyon 300 min ermənidən 1 milyon nəfəri diyarın köklü sakinləri deyil və onlar
buraya bizim tərəfimizdən köçürülmüşlər”.

Qeyd etmək lazımdır ki, ermənilərin kütləvi şəkildə Qarabağa köçürülməsi
nəticəsində burada yeni erməni kəndləri – Marağalı, Canyataq, Yuxarı Çaylı,
Aşağı Çaylı və s. kəndlər salınmışdı. Cənubi Azərbaycanın Marağa şəhərindən
Qarabağın dağlıq hissəsinə köçürülərək orada məskunlaşan ermənilər 1828-ci
ildən 150 il sonra, yəni 1978-ci ildə sovet dövründə, Ağdərə rayonunda həmin
köçürülmənin şərəfinə abidə ucaltmış (abidənin üzərində ermənicə “Marağa-150”
sözləri yazılmışdı), lakin XX əsrin 80-ci illərinin sonunda, yəni Azərbaycana
qarşı ərazi iddiaları qaldırdıqları zaman həmin abidəni özləri məqsədyönlü
şəkildə dağıtmışlar.

Bununla yanaşı, ermənilərin köçürülməsi hesabına İrəvan quberniyasında da
demoqrafik vəziyyət dəyişdi. Ermənistan SSR-in Mərkəzi Statistika İdarəsinin
1962-ci ildə nəşr olunmuş statistik məcmuəsində göstərilir ki, 1831-ci ildə
İrəvan şəhərinin 18 min 766 nəfər əhalisinin 15 min 992 nəfəri, 1866-cı ildə
isə 27 min 246 nəfərdən 23 min 627 nəfəri azərbaycanlı olmuşdur (yəni əhalinin
85,2%-i). Erməni tədqiqatçısı Zaven Korkodyanın 1932-ci ildə İrəvanda nəşr
olunmuş “Sovet Ermənistanının əhalisi 1831-1931” kitabında da qeyd edilir ki,
İrəvan quberniyasının İrəvan, Eçmiədzin, Yeni Bəyazid, Aleksandropol
qəzalarında, Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur və Qazax-Dilican
qəzalarında, Tiflis quberniyasının Lori-Pəmbək (Borçalı mahalı) qəzasında 2310
yaşayış məntəqəsindən 2000-i azərbaycanlılara məxsus olmuşdur. İrəvanda yaşayan
10 min nəfər əhalinin 7 min nəfəri azərbaycanlı olmaqla yanaşı, eləcə də
xanlığı idarə edən 40 nəfərin hamısı azərbaycanlılar olmuşlar. 1920-ci ilədək
İrəvan quberniyasında, xüsusilə İrəvan qəzasında azərbaycanlı əhalinin sayı
xeyli çox olmuş, yəni qəzada olan 99 min nəfər əhalinin 62,6 min nəfəri (66%)
azərbaycanlı, 36,4 min nəfəri (34%) isə erməni olmuşdur.

Erməni millətçiləri XIX əsrin sonunda – 1885-ci ildə Marseldə “Armenakan”,
1887-ci ildə Cenevrədə “Hnçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun”
partiyalarını yaratdılar. Bundan sonra, ermənilərin “böyük Ermənistan” yaratmaq
iddiaları yeni mərhələyə qədəm qoydu. “böyük Ermənistan” ideyası ilə yaşayan
ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif
vaxtlarda türk-müsəlman əhalisinə qarşı dəhşətli terror və soyqırımı həyata
keçirməklə etnik təmizləmə siyasəti aparmışlar.

Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti

Ermənilərin köçürülmə prosesi bütün XIX əsr boyunca davam etdirilmiş və
nəticədə regionda demoqrafik vəziyyətə təsir göstərmiş, nəticədə onların Cənubi
Qafqazda süni surətdə çoxaldılması XX əsrin əvvəllərindən başlayaraq
azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinin baş
qaldırmasına səbəb olmuşdur. Erməni millətçiləri “Daşnaksütyun” partiyasının
proqramında irəli sürülən “böyük Ermənistan” ideyasını reallaşdırmaq
istiqamətində fəaliyyətini genişləndirərək öz tarixi torpaqlarında yaşayan
azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və
soyqırımı siyasətini həyata keçirməyə başladılar. Belə ki, 1905-1906-cı illərdə
ermənilər Bakıda, Şuşada, Gəncədə, İrəvanda, Naxçıvanda, Ordubadda,
Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc
azərbaycanlılara qarşı qırğınlar törətmiş, əhali amansızlıqla qətlə yetirilmiş,
şəhər və kəndlər yandırılmış və dağıdılmışdır.

1917-ci ildə Rusiyada baş verən fevral və oktyabr hadisələrindən sonra
“Daşnaksütyun” partiyası və Erməni Milli Konqresi daha geniş fəaliyyətə
başladılar. Eyni zamanda, V.Lenin tərəfindən 1917-ci ilin dekabrında Qafqaz
işləri üzrə müvəqqəti fövqəladə komissar təyin edilən S.Şaumyan
azərbaycanlıların kütləvi qırğınının təşkilatçısı və rəhbərinə çevrildi.
1918-ci ilin əvvəllərində Leninin himayəsi altında Şaumyan Bakı Kommunasının
rəhbəri oldu.

Bu səbəbdən, 1918-ci ilin əvvəllərində, yəni mart qırğını ərəfəsində
bilavasitə bolşevik maskası geyinmiş Şaumyana tabe olan erməni silahlı
qüvvələrinin sayı 10 minə yaxın idi. Şaumyanın başçılığı ilə 1918-ci ilin
yazında ermənilər tərəfindən azərbaycanlılara qarşı əsl soyqırımı törədildi.
Belə ki, həmin il martın 30-da silahlı daşnaklar azərbaycanlıların evlərinə
hücum edərək amansız qətllər törətdilər. Martın 31-də və aprelin ilk günlərində
qırğınlar kütləvi xarakter aldı. Minlərlə dinc azərbaycanlı yalnız milli
mənsubiyyətinə görə məhv edildi. Həmin günlərdə erməni-bolşevik birləşmələri
Bakıda 12 min dinc azərbaycanlını qətlə yetirdilər. Bu qanlı hadisələr zamanı
insanlar evlərində diri-diri yandırılmış, eləcə də xüsusi işgəncələrlə və
amansızlıqla öldürülmüşdür.

Ermənilərin silahlı hücumu nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba
qəzasında 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, 167 kənd
dağıdılmışdır ki, onlardan 35-i hazırda mövcud deyil. Erməni-daşnak
dəstələrinin Quba qəzasında azərbaycanlıları kütləvi şəkildə qətlə
yetirmələrinə dair aşkar edilmiş faktlar son vaxtlar bir daha sübuta
yetirilmişdir. Belə ki, 2007-ci ildə Quba şəhərində kütləvi məzarlıqların aşkar
edilməsi erməni vandalizmini təsdiqləyən faktlardır. Onu da qeyd etmək lazımdır
ki, Amazaspın rəhbərliyi ilə erməni hərbi birləşmələri Qubada türk-müsəlman
əhalisi ilə yanaşı, yəhudilərə qarşı da qırğınlar törətmişlər. Aparılan
tədqiqatlar nəticəsində məlum olmuşdur ki, 1918-1919-cu illərdə Qubada
ermənilər tərəfindən 3 min nəfərə qədər yəhudi qətlə yetirilmişdir.

Bundan əlavə, Erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında
Bakıda və digər Azərbaycan ərazilərində 50 minə yaxın insan xüsusi işgəncələrlə
qətlə yetirilmişdir. Zəngəzur qəzasında 10 mindən çox, Şamaxı qəzasında 10 min
270 nəfər azərbaycanlı amansızlıqla öldürülmüşdür.

Eyni zamanda, 1918-1920-ci illərdə indiki Ermənistan Respublikasının
ərazisində yaşamış 575 min azərbaycanlının 565 min nəfəri öldürülmüş və yaxud
doğma torpağından didərgin düşmüşdür. Bu rəqəmi Z.Korkodyan özünün “Sovet
Ermənistanının əhalisi 1831-1931” kitabında təsdiq edərək yazır: “1920-ci ildə
sovet hökumətinə daşnaklardan cəmi 10 min nəfərdən bir qədər artıq türk
(azərbaycanlı) əhali qalmışdır. 1922-ci ildə 60 min qaçqın geri qayıtdıqdan
sonra azərbaycanlılar burada 72 min 596 nəfər, 1931-ci ildə isə 105 min 838
nəfər olmuşdur”.

Bundan əlavə, ermənilər tərəfindən Azərbaycanın yüzlərlə yaşayış məntəqəsi, o
cümlədən Qarabağda 157 kənd dağıdılmış və yandırılmış, eləcə də Şuşada
azərbaycanlılara qarşı amansız qırğınlar törədilmişdir. Bu dövrdə Quba
qəzasında 167, Şamaxı qəzasında 110, Zəngəzur qəzasında 115, İrəvan
quberniyasında 211, Qars vilayətində 92 yaşayış məntəqəsi yandırılmış,
dağıdılmış və talan edilmişdir. 1919-cu ilin son iki ayında İrəvan
quberniyasının Eçmiədzin və Sürməli qəzalarında 96 kənd, İrəvan qəzasının isə
bütün kəndləri məhv edilmiş, İrəvan quberniyasında 132 min azərbaycanlı qətlə
yetirilmişdir.

Ümumilikdə, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi
qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan
quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və
başqa bölgələrdə amansız şəkildə davam etdirilməsi nəticəsində on minlərlə
azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmişdir. Tarixi Azərbaycan
torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər,
məscidlər yandırılmış, maddi-mədəniyyət nümunələri məhv edilmişdir.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra
Fövqəladə Təhqiqat Komissiyası yaradılmış və ermənilərin törətdikləri
cinayətlər araşdırılmağa başlanmışdır. Hökumətin qərarı ilə hər il (1919-cu və
1920-ci il martın 31-də Ümummilli Matəm Günü kimi qeyd edilmişdir) mart ayının
31-nin Matəm Günü kimi qeyd edilməsi qərara alınmışdı. Lakin Azərbaycan Xalq
Cümhuriyyətinin süqutu bu işi başa çatdırmağa imkan vermədi.

Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən regionda
mövcud olan geosiyasi vəziyyət 1918-ci il mayın 29-da İrəvan şəhərinin
ermənilərə siyasi mərkəz kimi verilməsinə səbəb oldu. Beləliklə, 1918-ci ildə
Azərbaycan torpaqlarında – keçmiş İrəvan xanlığının ərazisində Ermənistan
Respublikası yaradıldı.

Cənubi Qafqazın sovetləşməsindən öz məqsədləri üçün istifadə edən ermənilər,
1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-ə
daxil etməyə nail oldular. Bununla da, Naxçıvanın Azərbaycandan ayrı salınması
və quru əlaqələrin kəsilməsi baş vermişdir. Sonrakı dövrlərdə isə ermənilər
Ermənistana verilmiş Zəngəzurda və digər ərazilərdə də tarixən yaşamış
azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirdilər. Hər
üç Cənubi Qafqaz Respublikasının müstəqilliyinin itirilməsi ərazi-sərhəd
məsələlərinin qoyuluşunun özünü mənasız etdi. Lakin Cənubi Qafqazda sovet
hakimiyyətinin qurulması Qarabağ məsələsini gündəlikdən çıxarmadı.

Sovet dövründə – 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan
SSR-dən kolxozçu və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz
ovalığına köçürülməsi haqqında” qərarına əsasən 1948-53-cü illərdə
azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun ətraf
rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 150 minə yaxın
soydaşımız zorakılıqla Azərbaycanın aran rayonlarına köçürülmüşdür. Nəticədə,
Ermənistan SSR hökuməti SSRİ rəhbərliyindəki himayədarlarının köməkliyi
sayəsində 1948-1953-cü illərdə Ermənistan SSR ərazisində yaşayan
azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına
dövlət səviyyəsində nail oldu. Xaricdən gətirilən ermənilər isə repatriasiya
adı ilə Ermənistan SSR-dən planlı şəkildə deportasiya edilən azərbaycanlıların
yaşayış üçün hər cür şəraiti olan evlərində yerləşdirildilər.

XX əsrin sonunda Ermənistanın etnik təmizləmə və soyqırımı cinayətləri

XX əsrin 80-ci illərinin sonunda ermənilər “böyük Ermənistan” ideyasını həyata
keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq
Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər. 1988-1991-ci
illərdə, yəni hadisələrin başlanğıcından SSRİ-nin süqutuna qədər keçən dövr
ərzində get-gedə kəskinləşən münaqişəni nizama salmaq mümkün olmadı. Əksinə,
keçmiş SSRİ-nin müəyyən dairələri tərəfindən himayə edilən ermənilər
Azərbaycana qarşı ərazi iddialarını irəli sürərək açıq-aşkar işğalçılıq
siyasəti yeritmiş, nəticədə dinc sakinlər həlak olmuş, yaşayış məntəqələri
dağıdılmış, talan edilmiş və yandırılmışdır.

Eyni zamanda, 1988-ci ilin sonunda Ermənistanda genişmiqyaslı etnik təmizləmə
– azərbaycanlıları tarixən yaşadıqları torpaqlardan təmizləmək cinayətini
həyata keçirdilər. Belə ki, keçmiş SSRİ rəhbərliyinin himayəsi ilə Ermənistan
tərəfindən 1988-1989-cu illərdə azərbaycanlılar yaşayan 22 rayonda 170 təmiz və
94 qarışıq (ermənilərlə) yaşayış məskənləri boşaldıldı. 1991-ci il avqustun
8-də Ermənistanın Meğri rayonunun Zəngilan rayonu ilə həmsərhəd bölgəsində
qalmış axırıncı azərbaycanlı kəndi olan Nüvədidən də azərbaycanlılar
zorakılıqla qovuldu. Ümumiyyətlə, həyata keçirilən etnik təmizləmə siyasəti
nəticəsində indiki Ermənistanın 22 kənd, rayonundan və 6 şəhərindən təxminən
250 mindən çox azərbaycanlı tarixi torpaqlarından təcavüzə məruz qalaraq
qovuldular.

Ermənistanın bu hərbi təcavüzü nəticəsində 1991-ci il oktyabrın sonunda və
noyabr ayı ərzində Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi,
o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Xocavənd, Meşəli, Cəmilli, Umudlu,
Qaradağlı, Kərkicahan və s. bu kimi digər strateji əhəmiyyətə malik kəndlərimiz
yandırıldı, dağıdıldı və talan edildi. Minlərlə mülki əhali isə soyqırımı və
təcavüzə məruz qalaraq doğma yurdlarından didərgin düşdü. Ümumilikdə
1988-1991-ci illər ərzində Yuxarı Qarabağda ermənilər tərəfindən 514 nəfər
azərbaycanlı qətlə yetirilmiş, 1318 nəfər yaralanmışdı. 1992-ci ilin
əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca Yuxarı Qarabağda
azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. Belə ki,
fevralın 10-11-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı
qüvvələri tərəfindən zəbt olundu, əhalisi etnik təmizləmə və soyqırımına məruz
qaldı.

1992-ci il fevralın 13-17-də isə erməni silahlı dəstələrinin və terror
qruplarının Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücumu zamanı 118
nəfər (uşaq, qadın, qoca) əsir götürülmüş, kəndin Bəylik bağı adlanan yerində
33 nəfər ermənilər tərəfindən güllələnmiş, eyni zamanda, öldürülən və yaralı
halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək basdırıblar. Əsirlərin bir
hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində
maşınlardan düşürülərək hamının gözü qarşısında güllələnib. Daha sonra 2 nəfər
Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürülüb. Əsirlikdə olan 68 nəfər
kənd sakininə ermənilər əzab və işgəncələr verərək onları amansızlıqla qətlə
yetiriblər. Ümumilikdə Qaradağlı kəndində qətlə yetirilənlərdən 20-si 10-12
yaşına qədər uşaq, yarıya qədəri isə qadınlar olub. Əhalisi ermənilər
tərəfindən əsl soyqırımına məruz qalmış bu kənddə 91 nəfər, yəni kənd
sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilmişdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri
Xankəndidə yerləşən sovet ordusundan qalmış 366-cı motoatıcı alayın hərbçiləri
və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri
yerlə-yeksan etdilər. Ermənistan silahlı birləşmələri Xocalı sakinlərinə qarşı
soyqırımı törədərkən 111 nəfəri Xocalıda, mühasirədən çıxıb qaçmağa müvəffəq
olmuş Xocalı sakinlərini təqib edərək 16 nəfəri Kətik meşəsində, 130 nəfəri
Naxçıvanik yolunda, 23 nəfəri Qaraqaya ətrafında, 23 nəfəri Dəhraz kəndi
yaxınlığında, 8 nəfəri Şelli istiqamətində, 6 nəfəri Əsgəran asfalt yolunun
86-cı kilometrində və s. yerlərdə, əsir götürülənlərdən 18 nəfərini isə Əsgəran
rayon daxili işlər şöbəsində işgəncə verərək xüsusi amansızlıqla qətlə
yetirmişlər. 1992-ci il fevralın 26-da bütün dünyanın gözü qarşısında baş
verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar
siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olmuşdur.

Günahsız mülki əhalini özünə hədəf seçən Ermənistanın insanlıq əleyhinə
törətdiyi bu cinayət əməli təsadüfi xarakter daşımır, belə əməllərin
törədilməsi sistemli xarakter daşıyır və cinayətkar Ermənistan həm işğal
zamanı, həm də işğalın davam etdiyi 30 ilə yaxın müddət ərzində mütəmadi olaraq
cəbhəyanı ərazilərdə Azərbaycan vətəndaşı olan mülki əhalini, əsasən də
qadınları və azyaşlı uşaqları xüsusi qəddarlıqla qətlə yetirmişdir. Qeyd etmək
lazımdır ki, Xocalı soyqırımı beynəlxalq cinayət kimi qəbul edilməlidir.
Xocalıda öldürülən 613 nəfər dinc sakindən 63-ü uşaq idi. Bu kütləvi qırğın,
vandalizm aktı zamanı 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə
yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri
çıxarılmış, hamilə qadınlar süngü ilə deşik-deşik edilmişdir. Xəsarət
alanlardan 487 nəfəri şikəst olmuşdur ki, onlardan 76 nəfəri azyaşlıdır. 8 ailə
tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən
birini itirib. 56 nəfər diri-diri yandırılmışdır. Qeyd etmək lazımdır ki,
Xocalı qətliamı Ermənistanın Azərbaycan xalqına qarşı məqsədyönlü soyqırımı
siyasətinin tərkib hissəsidir və bu soyqırımı beynəlxalq cinayət kimi qəbul
edilməli, insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi qiymətləndirilməlidir.

Çox təəssüf ki, Ermənistanın yürütdüyü etnik təmizləmə və soyqırımı siyasəti
uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir. Halbuki
soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla yanaşı, beynəlxalq hüquqa görə
sülh və təhlükəsizliyə qarşı yönələn cinayətlər qrupuna aid edilir. Beynəlxalq
hüquqa görə soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır
cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli
260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1951-ci il yanvarın 12-dən qüvvəyə
minən “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması”
Konvensiyasında soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur.
Azərbaycan Respublikası 31 may 1996-cı ildə adıçəkilən Konvensiyaya qoşulmuşdur.

XX əsrin sonunda Ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə
yenidən qayıtdıqdan sonra ermənilərin azərbaycanlılara qarşı zaman-zaman
törətdikləri soyqırımı ilə əlaqədar 1998-ci il martın 26-da imzaladığı Fərmanla
31 mart – Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Fərmanda vurğulanır
ki, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti
ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı
surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil
edir. Bununla yanaşı, Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların
Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə
deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı da Ermənistan SSR
ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu
cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə
çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fərmanlar təkcə
tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil,
eləcə də erməni şovinizmi və terrorizminin ifşa olunması baxımından da
əhəmiyyətlidir.

Azərbaycan Prezidenti İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının
100 illiyi haqqında imzaladığı Sərəncamda deyilir: “Azərbaycan xalqının başına
gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl – 1918-ci ilin
mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən
daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş
kütləvi qırğınlardır”.

Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və tarixi ədalətin bərpası

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan
Ordusu 2020-ci il sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq,
30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı
əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində
yaratdığı “yenilməzlik” mifologiyasını tamamilə dağıtmış oldu. Bununla yanaşı,
Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi
çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü 30 ildən
artıqdır ki, yürütdüyü işğalçılıq siyasəti, xüsusilə müharibə cinayətlərinin
mahiyyətini açmaqla bunun bütün region üçün yaratdığı ciddi təhdidləri, davam
edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə
əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri,
ölkəmizin haqlı mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə
çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya
məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə
vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının
ifşa olunması ilə nəticələndi.

Nəticədə Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday”
Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq
platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi
bir ildən sonra, xüsusilə 44 günün ərzində reallığa çevrildi.

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsi
bizim şanlı tariximizdir, xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi
keçirəcək və biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Bu baxımdan
qeyd etmək lazımdır ki, Azərbaycanın milli maraqlarını uca tutan, Prezident
İlham Əliyevin prinsipial mövqeyi hərb, diplomatiya meydanında olduğu kimi
informasiya savaşında da uğurlarımızı şərtləndirirdi və tarixi Qələbəmizin
əsası qoyuldu. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi biz döyüş meydanında
da, informasiya məkanında da, siyasi müstəvidə də Qələbə qazandıq.

2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bugünkü
Azərbaycanın, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasında
olduğunu, həmçinin bu gün ölkə qarşısında duran yeni vəzifələrin yeni dövrün
vəzifələri olduğunu diqqətə çatdıran Azərbaycan Prezidenti İlham Əliyev
bildirdi ki, biz əsas vəzifəni bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin
suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi
kontekstdən çıxarıla bilməz.

Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ilə suverenliyini tam bərpa etmiş
ölkə kimi, xalq kimi başladığımızı xüsusi qeyd edərək müasir tariximizin yeni
dövrünün də məhz sentyabrın 20-dən (2023-cü il – E.Ə.) sonra başladığını
diqqətə çatdıraraq vurğuladı ki, istər siyasi müstəvidə, istər hərbi müstəvidə,
istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin,
elə bil ki, son nidası idi.

Prezident İlham Əliyev hələ 2021-ci il fevralın 26-da mətbuat konfransında
Dağlıq Qarabağın statusu məsələsinə də “nida” işarəsi qoyaraq bildirmişdi ki,
Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil, onları bu günə
salan səbəblərdən biri də məhz o idi, xülya idi, iddia idi, əsassız istəklər
idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni
xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar: “Status haradadır,
onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ
nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Ona görə status məsələsi,
ümumiyyətlə, gündəlikdən çıxmalıdır. Ona görə statusla bağlı hesab edirəm ki,
əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, qarşıdurmaya daha çox
xidmət göstərir”. Hər zaman, xüsusilə, Münxen Təhlükəsizlik Konfransında bəyan
etdiyi kimi, Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu diqqətə
çatdıran dövlət başçısı vurğuladı ki, faktiki olaraq biz bu gün, ümumiyyətlə,
Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik və Qarabağ aranlı-dağlı Azərbaycanın
ayrılmaz hissəsidir.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan apardığı lokal antiterror tədbirləri
nəticəsində həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edərək Cənubi
Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı. 2023-cü il
oktyabrın 15-i daha bir şərəfli gün kimi tarixə düşdü. Ali Baş Komandan,
Prezident İlham Əliyev Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə
Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Ali Baş Komandan, Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində
Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldarkən çıxışanda demişdir:
“Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq
Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl – 1923-cü ildə yaradılmışdır.
Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib,
tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə
təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız
işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də
göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix
onu bir daha göstərir”.

Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindən sonra
əzəli torpaqlarını işğaldan azad etməklə yanaşı, 100 il əvvəl – 1923-cü ildə
Qarabağda məqsədli şəkildə pozulmuş inzibati-ərazi bölgüsünü də yenidən təmin
etdi. Azərbaycan Prezidentinin 2021-ci il iyulun 7-də imzaladığı Fərman əsasən
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə tarixi ədalət
bərpa edilmiş oldu.

Nəticədə, İkinci Qarabağ müharibəsi son yüz ildə Zəfər və qəhrəmanlıq
salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs bayrağımız
Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində – Cəbrayılda, Füzulidə,
Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə,
Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır.

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində
bu mühüm tarixi hadisənin əhəmiyyətini xüsusi vurğuladı: “Xocalıda Bayrağı
qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı
qurbanlarının qanı yerdə qalmadı. Xankəndidə isə Bayrağın qaldırılması ədalətin
tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi”. Xalqımızın bütün təbəqələrinin
öz işi ilə bu Qələbəni yaxınlaşdırdığını söyləyən Prezident İlham Əliyev
bildirdi ki, bu, ümummilli bir məsələyə, ümummilli hərəkata çevrildi və 30 il
ərzində bu mövzu unudulmadı.

1919-cu ildən 104 il sonra – 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində
keçirilən və Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr
olunan hərbi parad Azərbaycanın hərb tarixinə də şərəfli bir gün kimi yazıldı.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbi paradda çıxış edərək
bildirdi ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün ordu quruculuğu
birinci nömrəli vəzifə idi. Əziz şəhidlərimizin xatirəsinin bizim qəlbimizdə
əbədi yaşayacağını və bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini,
əyilməz ruhunu göstərdiyimizi vurğulayan Prezident İlham Əliyev demişdir: “XXI
əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir
xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır
olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin”.

Source link