31 mart soyqırımından 106 il keçir – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin növbəti
genişmiqyaslı aktı – 31 mart soyqırımından 106 il keçir.
Cixisyolu.com xatırladır ki, 1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların
kütləvi qırğınına başlanılıb. 3 aprel tarixinə qədər Bakı şəhərində və Bakı
quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba,
Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının
və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı
nəticəsində rəsmi mənbələrə əsasən onminlərlə soydaşımız məhz etnik və dini
mənsubiyyətinə görə öldürülüb.
Yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.
Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni
zamanda Daşnaksütyun partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib.
Həmin dəhşətli günlərin şahidi olmuş alman A.Y.Kluqe 1925-ci ildə Bakı
hadisələri barədə yazıb:
“Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür,
qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirlər. Qırğından bir neçə gün
sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlının cəsədinin qulaqları və
burunları kəsilib, qarınları yırtılıb, cinsiyyət orqanları doğranıb. Ermənilər
uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.
AXC yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin araşdırılmasına xüsusi
diqqət yetirilib. Nazirlər Şurası tərəfindən 1918-ci il iyulun 15-də bu
faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyası yaradılıb.
Həmin Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən,
azərbaycanlılara qarşı soyqırımı törədən erməni quldurları Şamaxıda 8 minədək
dinc sakini öldürüblər. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17
kəndi tamamilə əhalisi ilə birgə məhv edilib. Gümrü yaxınlığında əsasən
qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü
pusquya salınaraq, son nəfərinədək qətlə yetirilib.
Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırıb,
Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilib, 3 257 kişi, 2 276 qadın
və 2 196 uşaq öldürülüb.
Bütövlükdə Zəngəzur qəzası üzrə 10 068 azərbaycanlı öldürülüb və ya şikəst
edilib, 50 000 azərbaycanlı isə qaçqın düşüb. İrəvan quberniyasının 199
kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilib, kəndlər isə yerlə bir
edilib. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş edib, 1918-1920-ci
illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıdıb və əhalisini məhv
ediblər.
Britaniya briqada generalı R.Qortonun Londona göndərdiyi 1918-ci il 8 dekabr
tarixli sənəddə 20 min, Fövqəladə İstintaq Komissiyasının sənədlərində 30 min,
Milli Məclisin nəşr etdiyi kitabda isə 50 mindən çox müsəlmanın soyqırımına
məruz qaldığı göstərilir. Yəqin ki, bu da son rəqəm deyil.
Paris Sülh konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy
Topçubaşov ABŞ Prezidenti Vudro Vilsona 1919-cu il 28 may tarixli müraciətində
ona digər sənədlərlə yanaşı, Fövqəladə İstintaq Komissiyasının materiallarını
da təqdim etmişdi. Bundan sonra obyektiv informasiya toplamaq üçün Cənubi
Qafqaza ABŞ nümayəndə heyətinin göndərilməsi məqsədəuyğun sayılmışdı. Həmin
ilin yayında Bakıya göndərilən general Harbord hadisələr barədə obyektiv
məlumat toplamaq üçün müxtəlif şəxslərlə görüşmüşdü.
Ümumiyyətlə, Bakıda fəaliyyət göstərən rus və erməni təşkilatları Fövqəladə
İstintaq Komissiyasının normal işinə maneələr törədir, təzyiq kampaniyaları
təşkil edirdilər. Lakin bütün çətinliklərə baxmayaraq, komissiya qısa müddətdə
çox böyük işlər görə bildi.
Bu hadisələrə onların bilavasitə təşkilatçısı olan Stepan Şaumyan özünəməxsus
don geyindirməyə çalışırdı. 1918-ci il aprelin 13-də o, Moskvaya Xalq
Komissarları Sovetinə yazdığı məktubda həmin ilin martında Bakıda ermənilərin
azərbaycanlıların başına açdıqları müsibətlərə siyasi məna yükləmək üçün
dəridən-qabıqdan çıxırdı.
Guya ki, bu hərəkətlər azərbaycanlılara qarşı ermənilərin milli ədavətindən
yox, Sovet hakimiyyətinə sədaqətindən doğub. 1919-cu və 1920-ci illərdə martın
31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd
edilib.
31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması
işi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb.
1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət
daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla 1918-ci il martın 31-i
“Azərbaycanlıların soyqırımı günü” elan edilib. Bundan sonra həmin tarixin
öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu əsərlər yazılıb və əcnəbi
dillərə tərcümə olunub.
Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar
və sənədlər toplanılıb. Quba şəhərində tapılan kütləvi məzarlıq isə erməni
vəhşiliyinin miqyası barədə təsəvvürləri aydınlaşdırıb.