326 milyon manat həcmində qaçaqmalçılıq edən dəstənin məhkəmə prosesi
keçirilir.
Cixisyolu.com bildirir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən istintaqı
aparılmış cinayət işi üzrə Zöhrab Raqub oğlu Hidayətov, Elvin Valeh oğlu
Şirinov və Qaçqın Şura oğlu Hümbətov barəsində məhkəmə prosesi başlanılıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə iş
üzrə hazırlıq iclası keçirilib. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin
192.3.2 və 206.3.2-ci maddələri ilə ittiham olunur.
Belə ki, Zöhrab Hidayətov müxtəlif hüquqi və fiziki şəxslərə aid məhsulların
ölkədən saxta yolla sahibkar kimi qeydiyyatdan keçirdiyi Elvin Şirinovun və
Qaçqın Hümbətovun adından ixrac olunmasını təşkil edib, ixrac üçün nəzərdə
tutulan bu məhsulların istehsalçılarının guya həmin şəxslər olduğuna dair
gömrük orqanlarına saxta sənədlər təqdim edib, 326 milyon manatdan çox xüsusilə
külli miqdarda məhsulları düzgün bəyan etməyərək xaricə çıxarmaqla
qaçaqmalçılıq edib, bu qanunsuz əməllər eyni zamanda, nağd pul vəsaitlərinin
ölkədən çıxarılması və geri qaytarılmaması, kölgə iqtisadiyyatı qurulması üsulu
olub.
Təqsirləndirilən şəxslərdən Elvin Şirinov barədə bəzi maraqlı detallar
mətbuata məlumdur.
Belə ki, ötən illər üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzi (İİTKM) “İxrac icmalı”larına əsasən, əvvəllər, məsələn 2021-ci ildə
Elvin Şirinov ümumiyyətlə qeyri-dövlət (özəl) ixracatçı subyektlər sırasında
yer almadığı halda, 2023-cü ildə qeyri-dövlət ixracatçı subyektlərin
sıralanmasında birdən-birə ilk onluqda 1-ci yeri tutub.
Belə bir reytinq sıçrayışı mətbu orqanların da diqqətindən qaçmamış, “kiçik
bir torpaq sahəsi belə olmayan” 2700187092 VÖEN-li fərdi sahibkar – kənd
təsərrüfatı məhsulları ixracatçısı barədə təbii suallar səsləndirilmişdi.
Məhkəmə baxışında olan iş üzrə isə Elvin Şirinovun adı əvvəllər heç yerdə
keçməyən, hazırda həbsdə olan digər təqsirləndirilən Zöhrab Hidayətov
tərəfindən qurulmuş böyük kölgə iqtisadiyyatı maxenasiyasının iştirakçılarından
yalnız biridir.
Belə maxenasiyaların pul vəsaitlərinin ölkədən başqa ad altında çıxarılması –
məsələn alınan “kənd təsərrüfatı məhsulları” formasında çıxarılması və geri
qaytarılmaması məqsədləri ilə bağlı olduğu məlumdur.
Məhkəmə kollegiyası tərəfindən təqsirləndirilən şəxslər barəsində həbs
qətimkan tədbirinin dəyişdirilməsi barədə qaldırılmış vəsatətlər rədd edilib və
növbəti məhkəmə prosesi oktyabrın 31-nə təyin edilib.