f3ce418d-ae2d-48a1-99fd-5b977c59d24f..jpg

34 illik həsrətin şəkli, dağılmış evdən geriyə qalan çəngəl: Balakişiyevlər ailəsindən REPORTAJ + FOTO

Baxış sayı: 745 dəfə baxılıb.

34 illik həsrətin şəkli, dağılmış evdən geriyə qalan çəngəl: Balakişiyevlər
ailəsindən REPORTAJ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“31 ildir kəndimiz üçün burnumun ucu göynəyir. Biz Laçının Mirik kəndindənik.
1992-ci il mayın 18-də Qarğı qəsəbəsindən güllə yağışının altından keçib
kəndimizi, yurd-yuvamızı qoyub məcbur çıxdıq. Laçından çıxanda 45 yaşım var
idi. O vaxtdan Vətəndən ayrı düşdük. İllərdir Vətən həsrəti bizi
yandırıb-yaxıb”.

Bu sözləri Laçının Mirik kənd sakini İradə Balakişiyeva deyir. 1989-cu ildə
çəkilmiş, 34 il sonra “remeyki” ilə sosial şəbəkələrdə böyük marağa səbəb olan
fotoşəkildəki İradə Balakişiyeva.

Bu gün Cixisyolu.com əməkdaşları Laçının Mirik kənd sakinləri Azad və İradə
Balakişiyevlərin qonağıdırlar.

Bizi 34 il öncə çəkilən fotodakı doqquz yaşlı Həmzə Balakişiyev qarşılayır.
Elə özünün də dediyi kimi, nə gülüşü dəyişib, nə də baxışı. Zaman keçsə də,
ruhu hələ də kəndinin küçələrində, aynəbəndli evlərinin qarşısında
qaçıb-oynayan həmin uşaqda donub qalıb…

İradə xanım deyir ki, qapılarını hər dəfə mətbuatdan gələn qonaqların üzünə
belə şad-xürrəm açırlar:

“O gün olsun, Laçındakı evimizə qonaq gələsiniz”.

Biz də “inşallah” deyib, evə daxil oluruq.

İçəridə evin ağsaqqalı Azad Balakişiyev və nəvəsi bizi gözləyirlər. Onu da
deyim ki, 31 illik həsrətin vüsalını ilk olaraq Həmzə bəyin böyük oğlu yaşayıb.
Laçın işğaldan azad olunduqdan sonra o torpaqlara qədəm basan ilk Balakişiyev
də o olub.

İradə xanım doğma yurdlarından didərgin düşdüyü ili belə xatırlayır:

“Atışma başlamışdı, hamı ora-bura qaçırdı. Bizimlə bərabər daha üç qonşu da
qoşuldu bizə. Bizi kənddən oğlum Cabbar çıxartdı. Bakıdan maşın tutdu, gətirdi.
Elə ancaq özümüz – beş qızım, iki oğlum, yoldaşım, qohumlar maşına yerləşdik.
Evdən kim əlinə nə keçdi, bir-iki paltar götürüb çıxdıq. İkimərtəbəli,
aynəbəndli ev-eşiyimiz, əşyalarımız hamısı qaldı orada. Laçından gecə
saatlarından çıxdıq, növbəti gün səhər 12-də çatdıq Bakıya, Qala qəsəbəsinə.
Qaynımın evi Qalada idi. Maşınlar bütün köçü tökdülər evin qabağına. Üç ailə –
qayınatamgil, qaynım, bir də bizim ailə yığışdıq qaldıq onlarda”.

“El elə sığar, ev evə sığmaz” məsəlinin elə-belə deyilmədiyini düşünən Cabbar
Balakişiyev səhər açılan kimi vaqon axtarmağa gedir. Balakişiyevlər ailəsinin
yeddi üzvü kiçik, köhnə bir vaqonda aylarla yaşamalı olur.

İradə xanım deyir ki, vaqonu indi bu qaldıqları evin həyətində qoyub yaşamağa
başlayıblar:

“Hələ də o vaqonu saxlamışıq, bostandadır. Hər o vaqona baxanda ürəyimiz
ağrıyır. O çətin günləri, çəkdiyimiz əziyyəti xatırlayıram. Laçından gələndə
Mirzə uşaq idi, doqquz yaşı var idi. Küncdən iki dəmir atıb, yataq düzəltdik.
Kişi orada yatırdı, uşaqlar, qayınatamgil, biz də yerə döşək salıb yatırdıq.
Belə deyiləsi deyil, necə çətin vaxtlar idi… İki-üç ay elə o şəraitdə qaldıq.
Sonra oğlum Cabbar atası ilə çiyin-çiyinə verib bu həyətdə bir göz ev tikdilər.
Yoldaşım cavan olanda kənddəki evin tikilməsində də xeyli əziyyət çəkib, Allah
canını sağ eləsin. İndi yoldaşımın 83 yaşı var”.

Qaz, işıq, su yox idi…

Uşaqlara bir tikə yemək bişirmək üçün zülm çəkən İradə xanım deyir ki, ocaq
qalamaq üçün odun tapmaq da olmurdu:

“Bir stəkan çay içmək üçün olmazın əziyyət çəkirdik. Elektrik sobası yox,
kirəqaz yox, taxta, kömür də yox. Elə ancaq ağac budağı tapıb ocaq qalayırdıq.
Kəndçilərimizin yarısı elə kənd işğal olunan gündən birbaşa gəlmişdilər buraya.
Onların da yarısı çadırlarda, yarısı iki dam örtüyünü quru daşın üstünə qoyub
yığışmışdı bir yerə. Amma yavaş-yavaş yaşayışımız düzəlməyə doğru gedirdi”.

“Böyük oğlumun yoldaşını vaqona gəlin gətirmişdik”

İradə xanım deyir ki, o vaxt böyük oğlu nişanlı olub, uzun müddət nişanlı
qalmağa da qohum-əqrəba yaxşı baxmırmış:

“Elə kişi dedi ki, bu nişanı çox uzatmaq olmaz. Gəlinim də, Allah ömrünü uzun
eləsin, o çətin günlərdə həmişə oğluma dayaq-dəstək olub. Oğluma toy etdik,
gəlinimizi gətirdik. Onda hələ ev tikilib tamamlanmamışdı, böyük oğlumun
yoldaşı vaqona gəlin gəldi”.

Çətin günlərin sonunda İradə xanımın səhhətində problemlər yaranır. Müəyyən
müddət xəstəxanaya yerləşdirilib müalicə almalı olur. O qayıdana qədər isə oğlu
və yoldaşı evin tikintisini tamamlayırlar.

Azad Balakişiyev isə ömrünün 45 ilini müəllim kimi çalışıb. Onun yetişdirdiyi
uşaqlar bu gün müxtəlif dövlət qurumlarında yaxşı vəzifələrdə çalışırlar.

Azad bəy deyir ki, səhhətində yaranan problemlər gözlərinin nurunu əlindən
alıb:

“O vaxtlar əlimdən hər iş gəlirdi. Kənddə ikimərtəbəli aynəbəndli evin hər
işini özüm görmüşdüm. Evin ikinci mərtəbəsinə qədər yonulmuş daşlardan pilləkən
düzəltmişdim. Viran qoydular yurd-yuvamızı. Ermənilər daş üstündə daş
saxlamayıblar. Oğlum Mirzənin kənddən çıxanda doqquz yaşı var idi. Heç uşaq o
əl əməyi, göz nuru ilə tikilən evdə rahat yaşayıb, oynaya bilmədi. İndi, 31
ildən sonra o doqquz yaşlı uşaq bizi yığıb apardı kəndimizə, quru divarları
qalan evimizə. Allah ömür verdi, amma gözümün nuru getdi. Vətən torpağını dünya
gözü ilə yenə görmək istəyərdim. Amma evimizin dağılmış, viran qalmış halını
görsəm, bəlkə də, ürəyim dağlanardı. Nə bilim… Torpağımıza qayıdacağımız günə
qurban demişdim. 31 il sonra qurbanı kəsmək nəsib oldu”.

Azad Balakişiyev Vətənini yenidən görə bilməsə də, o torpaqların havasını,
suyunu hiss edib. Oğlu Mirzə atasını əlləri ilə inşa etdiyi pilləkənlərlə
uçuq-sökük evlərinə qaldırıb. Gün gələcək, bu ev əvvəlkindən də gözəl olacaq,
Balakişiyevlər yenidən bu evin divarları arasında xoş günlər görəcəklər.

“Laçınsız günləri yaşamamış fərz edirəm”

Azad Balakişiyev deyir ki, məcburi köçkün olduqları illərdə dövlət onlara
yaşamağa torpaq verib, şərait yaratsa da, Laçın həsrətinə heç nə məlhəm olmayıb:

“Günü bu gün də mən Laçınsız keçən günləri heç nə hesab edirəm. Neçə illərdir,
Vətənə dönəcəyimiz günü gözləyirik. 2020-ci ildə Vətən müharibəsi başlayanda
Allaha dua edirdik ki, Ordumuza güc-qüvvət versin, illərlə davam edən
həsrətimiz sona yetsin. Elə də oldu. Laçının işğaldan azad olunma xəbərini
eşidəndə sevincdən bilmədik nə edək. Əvvəlki vəziyyətim, sağlamlığım olsaydı,
qaça-qaça kəndimizə gedərdim. Kənddə mən kəklik ovlayırdım, balıq tuturdum. Çox
aktiv həyat yaşamışıq, bala. Amma işğaldan azad olunduqdan sonra Laçına bizim
ailədən birinci nəvəm getdi. Musiqi məktəbində oxuyur, Təhsil Şöbəsi onları
Laçına səfərə apardı. Sonra sentyabrın 6-da oğlum Mirzə sağ olsun, bizi Laçına
apardı. Orada təsərrüfatla məşğul olan adamlar var idi. Onların evində beş gün
qonaq olduq. Getdik, Əhmədli kəndi ilə Minkəndin arasında İstisu var idi, oranı
gəzdik. O sudan yenə içdik”.

Elə bu arada İradə xanım sözə qoşulur:

“İnanırsan, bala, heç ağlıma gəlməzdi ki, Allah bizə ömür verər, 76 yaşında
yenidən torpaqlarımıza qayıdaram. O kəndə girəndə evin həyətinə baxdım, ürəyim
dözmədi. Həyətdə çörək bişirdiyimiz yerlər, biz əldamı deyirdik, oturub çay
içdiyimiz ağacın altı… elə bil xarabalığı xatırladır”.

İkimərtəbəli evdən qalan çəngəl…

İradə xanım deyir ki, o həyəti qarış-qarış gəzib ki, bəlkə, ev əşyalarından
künc-bucaqda düşüb qalan olar:

“Ot-alaq elə qalxmışdı ki, camaat güclə addım atırdı. Mən Bakıda özümü güclə
dolandırıram. Amma evin darvazasından içəri girəndə elə bildim, bu qapıdan
çıxdığım 45 yaşıma qayıtdım. Evin darvazasını yoldaşım Ağdamda düzəltdirmişdi,
onu yerindən çıxarıblar. Şəkildə də görünür: aynabəndin altını əl işləmələri
ilə düzəltmişdik. Onları uçurublar. Evin arxasında gəzəndə baxdım ki, yerdə
çəngəl var. Qulpundan tanıdım, qırmızı qulpu vardı. Bizim süfrənin çəngəli idi.
Dilinin biri əyri, biri düz, mənə elə doğma gəldi… Onu götürdüm, gəldim
Bakıya. O boyda dəm-dəsgahdan geriyə bir çəngəl qalıb…”

Laçındakı əsrə bərabər beş il

Mirzə Balakişiyev deyir ki, işğal ərəfəsində yaşı çox olmasa da, kənddə
ağlının kəsdiyi dörd-beş il onun üçün bir əsrə bərabərdir:

“Atam məni hara aparmışdısa – o yollar, küçələr – yadımda idi. Uşaq da olsam,
31 il mən o yerləri həmişə ağlımda düşünürdüm. İstəyərdim, evimizi doqquz
yaşında çıxanda qoyduğum kimi tapım. Amma təəssüf ki, evimizdən əsər-əlamət yox
idi. Uşaqlıq xatirələrimdə oynadığım həyət, atamın qapıya vurduğu boya,
darvazamız yox idi. Evimizdə cəmi bir pəncərənin dəmirləri qalmışdı, qalan
hamısını sökmüşdülər. Bu dəmir kimin üçünsə adi gələ bilər, amma mənim üçün çox
önəmlidir. Vətən həsrəti yaşayanlar bizi başa düşərlər ki, o necə bir hissdir”.

O şəkil ilə tarix təkrarlandı

Sosial şəbəkədə hər kəsi təsirləndirən həmin o tarixi foto sentyabrın 6-da
çəkilib. Mirzə bəy deyir ki, telefonda olan minlərlə şəkil içərisində məhz bu
şəklin paylaşılması təsadüfi olmayıb:

“Əslində, kənddə 34 il əvvəlki yerdə o şəkli yenidən çəkəndə ağlımda bu kadr
var idi. Sadəcə, orada şəkil əlimin altında deyildi. İnanmırdım ki, bu şəkil
sosial şəbəkədə belə çox maraq yarada. Laçına həmin gedişimiz mənim üçün
ziyarətgah qədər dəyərlidir. Mən və övladlarım Laçına hələ çox gedib-gələcəyik.
Amma valideynlərimin yaşı çoxdur. Allah ömür verdi, onları yenidən Vətənə apara
bildim.

Övladlarım da əsl kənd həyatını yaşamaq istəyirlər. Hətta övladlarım deyirlər
ki, gedib həyətimizdə at saxlamaq istəyirlər (gülür). Uşaqların vətənpərvər
ruhda böyüməsində valideynlərin önəmi çoxdur. Vətəndən ayrılıq ölüm qədər
acıdır”.

Məzar daşlarından hasar tikiblər…

Mirzə bəy deyir ki, ermənilər Laçında bəzi evlərdə yaşayıblar:

“Ermənilər camaatın məzar daşlarını güllələyib pis hala salıblar. Bəzi
başdaşlarını, sinə daşlarını çıxarıb yan-yana düzüb hasar tikiblər. Adam
baxanda ürəyi parçalanır. Bizim ailənin üzvlərindən orada dəfn olunan olmayıb.
Babamın babasının, nənəsinin məzarı Laçında olub. Bizim ailə üzvlərimiz,
dayılarım, babam, nənəm – onlar Bakıda vəfat ediblər”.

“Əzizlərimin məzarını burada qoyub getmək ağır gəlir”

İradə xanım deyir ki, Laçına gedəndə ürəyi burada dəfn edilən əzizlərinin
yanında qalacaq:

“Şükür olsun ki, Laçında dəfn etdiyimiz əzizlərimiz olmamışdı. Amma indi
burada qardaşımın, onun uşağının, qohumlarımızın məzarları var. Onları burada
qoyub gedəsi olsaq, gözüm yolda qalacaq. Allah bütün dünyadan köçənlərə rəhmət
eləsin, qalanlara cansağlığı versin! Laçına köçəcəyimiz günü iplə çəkirik”.

Balakişiyevlər ailəsi ilə Vətən həsrətini bölüşdük. Bu günlük ailə ilə
vidalaşırıq.

Laçında, Mirik kəndində Azad müəllimin 1966-cı ildə tikdirdiyi, ermənilərin
dağıtdığı xatirələrlə dolu ev yenidən bərpa ediləcək. Balakişiyevlər ailəsi ilə
növbəti çəkilişimizin də inşallah, həmin o tarixi gündə olması diləyi ilə…

Daha çox foto burada: PhotoStock.Az

Könül Cəfərli

Source link