37 yaşlı irlandiyalı qapıçı: Kart oynayacaq, Bakını gəzəcək və kofe içəcəyik

Baxış sayı: 2. 366 dəfə baxılıb.

37 yaşlı irlandiyalı qapıçı: Kart oynayacaq, Bakını gəzəcək və kofe içəcəyik

“Qarabağ”la ilk oyunun nəticəsi pis olmadı – 1:1 oynadıq. Qol vurmaq müdafiə olunmaqdan daha yaxşıdır.

Bunu “The Sun”a açıqlamasında İrlandiyanın “Dandolk” komandasının qapıçısı Qari Rocers deyib.

37 yaşlı qapıçı sabah UEFA Çempionlar Liqasında “Qarabağ”la cavab matçında meydana çıxmaqla 43-cü avrokubok matçında iştirak edəcək. O, ötən matçda 42-ci oyununu keçirməklə artıq İrlandiyada rekord qırıb.

Təcrübəli qolkiper Bakıda qol vurmalı olduqlarını bildirib:

“2009-cu ildə “Sent Patriks Atletik”də oynayanda Avropa Liqasında “Valletta” ilə matçdan sonra “Krılya Sovetov”la oyunumuzu xatırlayıram. Biz Rusiyaya 1:0 hesablı qələbə ilə getmişdik. Orada çox erkən dəqiqələrdə qapımızda üç top gördük. Sonra biz iki dəfə fərqlənib, səfər qolları hesabına mərhələ adladıq. Avropada bütün dəyişikliklər adamı həyəcanlandırır. “Qarabağ”la oyun da bu baxımdan fərqlənməyəcək.

Hamı Avropa futbolundan həzz alır. İrlandiya liqasının oyunçuları üçün bu, gözəl şansdır. Bizim İngiltərədəki kimi stadionlarda oynamaq şansımız yoxdur. Ona görə də güclü rəqibə qarşı oynamaq böyük çağırışdır. Bu hamının qəbul etdiyi təcrübədir”.

O, Bakıda 30 dərəcədən yuxarı temperaturda oynamağın onlar üçün bir o qədər də çətin olmayacağını bildirib. Q.Rocers qeyd edib ki, mövsümlərarası fasilədə İspaniyada axşam vaxtı 25-26 dərəcə temperaturda məşq keçiblər.

Q.Rocersin artıq Azərbaycan kimi şərq ölkəsinə səfər təcrübəsi var. Belə ki, onun çıxış etdiyi “Sent Patriks” 2011-ci ildə Karaqanda “Şaxtyor”u ilə oyun üçün Qazaxıstana səfər edib. Onun indiki komandası isə Rumıniyadan keçməklə Bakıya gəlib – İrlandiya ilə üç saatlıq fərqin və yeddi saatlıq uçuşun olduğu Bakıya. Baş məşqçi Vini Pert isə bunun onlar üçün problem olmadığını bildirib:

“Biz fərqli vaxt zonalarında olmuşuq və buna öyrəşmişik. Çərşənbə axşamı və çərşənbə günü Bakıda olacağıq. Oyun isə yerli vaxtla saat 21:00-da başlayacağı üçün hava çox isti olmayacaq.

Hazırlıqlarımız çox dəyişməyib. Yəqin ki, İrlandiya vaxtına sadiq qalacağıq. Uşaqlar səhər 9-da yeməklərini yeyəcək. Sonra da (İrlandiya vaxtı ilə səhər) yemək yeyəcəklər ki, yeganə fərq budur”.

Q.Rocers isə vaxt fərqi ilə bağlı zarafatından geri qalmır:

“Mən gecə yaxşı yatmamışam. Çünki evdə iki dənə uşağım var. Uzaq səfərlər mənə uyğundur, çox yatıram!

Avrokuboklara eyni qaydada hazırlaşırıq. Planlaşdırmaya diqqətlə yanaşırıq. Çətin ki bezək. Oyuna qədər uşaqlar bir araya gələcək, məşq edəcəyik, kart oynayacağıq, Bakını gəzəyəcik və ya kofe içəcəyik. Bu, özümüzü oyuna kimi yaxşı formada saxlamaq və yaxşı nəticə qazanmaq üçün lazımdır”.

Qeyd edək ki, “Qarabağ” – “Dandolk” matçı sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Görüş Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da baş tutacaq.

Səbuhi Musayev