d62a2c43-cdec-40fc-b944-1ddeb7fee17c..jpg

4 Oktyabr – Ümumdünya Heyvanların Mühafizəsi Günüdür

Baxış sayı: 733 dəfə baxılıb.

4 Oktyabr – Ümumdünya Heyvanların Mühafizəsi Günüdür

Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi
qeyd olunur. Bu tarix təsadüfən seçilməyib. Bu gün heyvanların müdafiəsinə
qalxan ilk şəxslərdən olan Mahatma Qandinin ad günüdür. Həmçinin, 1226-cı il
oktyabrın 4-də iztirablara və təqiblərə məruz qalanlara qayğısı ilə tanınan,
həm də heyvanların müdafiəçisi və himayəçisi sayılan Assizli Fransisk dünyasını
dəyişib. Buna görə də bir çox rəssamlar öz əsərlərində müqəddəs Fransiski
heyvan və quşların əhatəsində təsvir ediblər.

Bu günün qeyd olunması haqqında qərar 1931-ci ildə İtaliyanın Florensiya
şəhərində keçirilən təbiəti mühafizə hərəkatı tərəfdarlarının beynəlxalq
konqresində qəbul edilib. İlk dəfə 1983-cü ildə fermalarda və sallaqxanalarda
öldürülən milyonlarla heyvanın iztirabını insanların nəzərinə çatdırmaq üçün
Ümumdünya Heyvanların Mühafizəsi Günü keçirilib.

Azərbaycan təbii şəraitinə və heyvan aləminə görə çox zəngin ölkədir.
Təbiətimizdə 101 məməli, 365 quş, 52 sürünən, 10 suda-quruda yaşayan
(amfibiyalar), 101 balıq, 25 minə qədər həşərat, 1 100-dən çox hörümçəkkimi,
181 ilbiz, 360 xərçəngkimi, 287 rotatori (dəniz qurdları), 400 litohelmint
(bitki parazitləri), 1 200 helmint (heyvan parazitləri), 1 500-dən artıq
sərbəst yaşayan, parazit ibtidai (protozoa) heyvan növləri məlumdur.

Respublikamızda heyvanların müdafiəsi sahəsində müxtəlif tədbirlər həyata
keçirilir. Nəsli kəsilməkdə olan heyvanların adı “Qırmızı kitab”a daxil edilib,
onlar qoruqlar, yasaqlıqlar, milli parklarda mühafizə olunur, sayları artırılır.

Hazırda respublika ərazisində mövcud olan 206 heyvan növünün adı “Qırmızı
kitab”a daxil edilib.

Source link