e18f28ee-de92-490f-845f-8a4223ad0a2a..jpg

“40 manata da arayış olar?” – ARAŞDIRMA + FOTO

Baxış sayı: 924 dəfə baxılıb.

“40 manata da arayış olar?” – ARAŞDIRMA + FOTO

Əvvəllər sürücülük vəsiqəsi almaq üçün tələb olunan tibbi arayış 30, sağlamlıq
haqqında iş yerinə təqdim edilən arayış üçün qiymət 15 manat təşkil edirdi.
Ötən ilin sonundan hər ikisi üçün dövlət rüsumu 40 manat 12 qəpik təyin edildi.
Beləliklə, bu arayışı almaq üçün müraciət edənlər qiymətlə tanış olduqda “40
manata da arayış olar?” sualını verirlər.

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Bildirilib ki, bugünlərdə Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat
Məlahət İbrahimqızı da bu mövzuya toxunub:

“Sağlamlıq arayışının rüsumu 41 manatdır. Bu, kasıb ailə üçün bir kisə un
deməkdir. Tarif Şurasında həkim olub-olmadığını bilmirəm. Amma bu məsələyə
komitədə baxaq”.

Həqiqətən də 40 manata da arayış olar? Bu qiymət nəyin əsasında təyin edilib?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirildi ki, arayış
alınması tibbi göstəriş əsasında deyil, profilaktik müayinə olduğu üçün icbari
tibbi sığorta təminatına daxil deyil. Lakin sosial layihə olaraq bəzi arayışlar
icbari tibbi sığortanın təminatına alınıb. Bunlar 18 yaşa qədər uşaqların bütün
növ arayışları və həqiqi hərbi xidmətə çağırılanların müayinəsidir. Ancaq
sürücülük vəsiqəsi almaq üçün, işə qəbul zamanı tələb olunan, peşə xəstəliyini
müəyyən etmək üçün tibbi müayinələrdən keçmək və s. ödənişli arayışlardır.

Qeyd edildi ki, bu arayışlar üçün tariflər tibbi xidmətlərin maya dəyəri,
əhalinin tələbatı, dünya təcrübəsi, həkim müayinələri, instrumental-laborator
müayinələrin həcmi nəzərə alınaraq müəyyən edilib. Belə ki sağlamlıq haqqında
arayışlara terapevt, cərrah, nevropatoloq, oftalmoloq, otolarinqoloq,
dermatoveneroloq, stomatoloqun ixtisaslı həkim müayinəsi, flüoroqrafiya, qanın
ümumi analizi, sidiyin ümumi analizi daxildir.

TƏBİB qeyd edir ki, hər bir arayışın təsviri Səhiyyə Nazirliyinin qərarları
ilə tənzimlənir. Hansı ixtisaslı həkimin müayinəsindən, hansı
instrumental-laborator müayinələrdən keçmək lazımdırsa, onların hamısı olarsa,
bu zaman məbləğ daha yüksək olur. Yəni arayış bizə 40 manatdan da yüksək
məbləğə başa gələ bilər.

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli deyir ki, sağlamlıq haqqında
arayış ödənişli olmalı deyil:

“Ölkəmizdə ancaq dövlət səhiyyə müəssisələrinin verdiyi tibbi arayışlar rəsmi
olaraq tanınır. Dövlət tibb müəssisələrində xidmət pulsuzdur. Bu məntiqlə
dövlət müəssisələrində verilən tibbi arayışlar da tamamilə pulsuz olmalıdır.
Həkimin arayış üçün yoxlamasını da icbari tibbi sığortaya oturtsaq, arayış üçün
müayinə aparan həkimə də sığorta çərçivəsində müəyyən ödəniş edilə bilər”.

İ.Hüseynli bildirdi ki, rüsumun 40 manat müəyyənləşdirilməsi də doğru olmayan
yanaşmadır:

“Niyə 40 manat? Bunun heç bir iqtisadi və sosial əsası yoxdur. Bir ailənin 4
üzvünə arayış lazım olsa, get-gəl xərcini də hesablasan, bu, 200 manat xərc
deməkdir”.

Almaniyada fəaliyyət göstərən azərbaycanlı həkim Elvin Hüseynov çalışdığı
ölkədə sağlamlıq haqqında arayış üçün pul ödənilmədiyini bildirir: “Sağlamlıq
haqqında arayış lazımdırsa, ailə həkiminə müraciət edirlər, o da arayış verir.
Bunun üçün hər hansı pul ödənmir. Ancaq onu da qeyd edim ki, Almaniyada icbari
sığorta üçün ödənişlər çoxdur. Aylıq maaşın 18 faizini dövlət icbari tibbi
sığorta üçün tutur. Düzdür, müəyyən həddən sonra maaşın artsa da, ödədiyin
miqdar artmır. Ancaq ümumilikdə ödəniş daha çoxdur. 2-3 il işləyən həkim üçün
haradasa 1000-1200 manat dövlətə pul ödənilir. Bu məbləğin yarısı işçinin
özündən, yarısı da işəgötürəndən çıxılır”.

İqtisadçı Rauf Qarayev deyir ki, tibbi arayışlar üçün ödənişin rəsmi olması
yaxşı haldır, amma təyin edilən məbləğ heç də hər kəsin maddi durumuna uyğun
deyil:

“Bir neçə il öncə arayış üçün hər hansı rüsum yox idi. Kimin nəyə gücü
çatırdısa, poliklinikada həkimə verirdi, bu arayışı alırdı. Təbii ki, o
ödənişlər qeyri-qanuni idi. Amma sonra bu rəsmiləşdi. Bu, yaxşı haldır. Tibbi
arayışın pulsuz verilməsinin tərəfdarı deyiləm. Sadəcə, burda əhalinin qazancı
nəzərə alınmalıdır. Axı hər kəsin qazancı eyni deyil. Elə ailə var ki,
aztəminatlıdır. Onun tibbi arayışa bu qədər pul ödəməyə imkanı yoxdur. Kimdənsə
borc almalıdır. Nəticə olaraq narazılıq yaranır. Məbləğ təyin edərkən
aztəminatlı ailələr nəzərə alınmalı, kateqoriyalara uyğun qiymətlər təyin
edilməli idi”.

Millət vəkili Musa Quliyev də deyir ki, bu məsələdə diferensial yanaşma tətbiq
olunsa, daha yaxşı olar: “Mən demirəm ki, bütün sağlamlıq haqqındakı arayışlar
pulsuz olsun. Arayış elə-belə verilmir axı, müəyyən müayinələrdən keçirilir,
bunun da xərci var. Məsələn, kimsə orta məktəbi bitirib universitetə sənəd
verirsə, onun üçün sağlamlıq arayışı pulsuz olmalıdır. Amma kimsə sürücülük
vəsiqəsi almaq üçün istəyirsə, bunu ödənişli edək. Burda da diferensial yanaşma
olmalıdır. Arayış qiyməti 10 manat da ola bilər, 20 də, 80 də. Hansı
müayinələrdən keçibsə, ona uyğun məbləğ təyin edilsin. Yoxsa tavandan bir rəqəm
götürüb yazmağı doğru saymıram. Üstəlik, ödənişli arayış üçün müayinə
xərclərinin yarısı TƏBİB, yaxud dövlət büdcəsindən qarşılansa, daha yaxşı olar.
Gərək vətəndaşlarımızın sosial vəziyyətini ağırlaşdıran addımlara getməyək”.

Yeri gəlmişkən, TƏBİB-dən o da bildirildi ki, arayışların verilməsi ilə bağlı
gələcəkdə hansısa əhali kateqoriyası üçün güzəştlərin tətbiq edilməsi hazırda
müzakirə edilir.

Source link