8a1bee18-f681-4b05-b169-9161e4f11a0a.webp

42 milyon mənimsəmədə ittiham olunan “Şlyapa Zahid”: “Nəcməddin Sadıkov gəlib özü danışsın”

Baxış sayı: 197 dəfə baxılıb.

Müdafiə Nazirliyinin bu dəfə 42 milyonluq mənimsəmədə ittiham olunan sabiq
zabitiZahid Niftəliyevin

məhkəmə araşdırması davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən
budəfəki iclasda “Şlyapa Zahid” ləqəbli məşhur zabit sərbəst ifadə verib.

Qısaca məlumat üçün deyək ki, Zahid Niftəliyev “AtaBank” ASC-yə saxta
məlumatlar təqdim etməklə 42 milyon 470 min 885 manat kredit götürüb. O, həmin
krediti təyinatı üzrə istifadə etməməklə banka xüsusilə külli miqdarda ziyan
vurmağa görə mühakimə edilir, amma ittihamları qəbul etmir.

İlk baxış iclasında onun vəkili törədilən cinayətdə Müdafiə Nazirliyinin sabiq
baş qərargah rəisi Nəcməddin Sadıkovu günahlandırıb. Deyib ki, 24 milyonun
köçürüldüyü şirkət əslində müvəkkili Niftəliyevin, yox Sadıkovundur. Vəkil bu
məsələlərə aydınlıq gətirməsi üçün Nəcməddin Sadıkovu məhkəməyə çağırıb.

Bu prosesdə “Şlyapa Zahid” də vəkilinin dediklərini təsdiq edib. İfadəsində
deyib ki, Nəcməddin Sadıkovun xahişinə görə adına şirkət açılmasına razı olub.
Amma şirkətin sonradan yeyinti məqsədilə istifadə edilməsindən məlumatsız olub:

“Bir işlə bağlı Sadıkovun qəbuluna girmişdim. Söhbət əsnasında dedi ki, bəs
bizə önəmli bir iş görmək üçün şirkət lazımdır. Mərhum vergilər naziri Fazil
Məmmədov dövlət üçün müəyyən işlər görməli idi. Bu işləri reallaşdırmaq üçün də
şirkət lazım idi. Məhz bu səbəbdən razı oldum. Fazil Məmmədov vəfat edəndən
sonra bilmişəm ki, mənim üstümdən oyun oynayıblar”.

Niftəliyev özü də məhkəmə zalından Nəcməddin Sadıkova müraciət yollayıb, ondan
hər şeyi danışmasını istəyib:

“Bankdan 42 milyon götürülüb. Bu qədər pulu mənə kim verə bilərdi? Oradan mənə
40 manat da çatmayıb. Demirəm ki, Nəcməddin Sadıkov, ya Fazil Məmmədov yeyib.
Amma onlar bilirdilər. Nəcməddin Sadıkovdan xahiş edirəm, gəlib danışsın”.

“Amma sənədlərdə sizin imzalarınız var”-, dövlət ittihamçısı deyib. Niftəliyev
bunu təsdiq edib. Onun sözlərinə görə, bankda imzalar atıb, amma pul
söhbətindən xəbərsiz olub.

“Şlyapa Zahid” sonda Fazil Məmmədovun müşaviri olmuş Mahir Rəfiyevin otağında
baş tutan toplantıdan söz açıb.

Daha sonra məhkəməyə sədrlik edən hakim Novruz Kərimov prosesin qapalı
keçirilməsinə qərar verib.

Qeyd edək ki, Z.Niftəliyev ötən il başqa cinayət işi üzrə külli miqdarda
rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Yeni
cinayət işinə görə o, cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına
köçürülüb.

Onu da əlavə edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı
araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Source link