44 günlük Zəfər yolunun 13-cü günü: İşğaldan azad edilən ərazilərimiz – VİDEO
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu
törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu “Dəmir
yumruq” adlı əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi
təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi. Müzəffər Ali Baş Komandanİlham Əliyevin rəhbərliyi ilə qazanılmış
möhtəşəm zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Vətən müharibəsinin 13-cü gününün xronikasını təqdim edirik.
Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzdək, Gorazıllı, Qışlaq, Qaracallı,
Əfəndilər, Süleymanlı və Sur kəndləri işğaldan azad olunub. Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyev bununla əlaqədar xalqa müraciət edib.
Prezident İlham Əliyev “CNN International” televiziya kanalının “Connect the
World“ verilişində müsahibə verib.
“Sky News” telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsini
yayımlayıb.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun bölmələri cəbhənin
mühüm istiqamətlərində düşmənə ağır zərbələri endirərək onun hərəkət
fəaliyyətini tam məhdudlaşdırıb və aktivliyinin qarşısını qətiyyətlə alıb.
Ümumilikdə düşmənin 13 ədəd T-72 tankı, iki ədəd PDM-i, dörd ədəd BM-21 “Qrad”
yaylım atəşli reaktiv sistemi, iki ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya
qurğusu, üç ədəd D-30 haubitsa topu, iki ədəd radar sistemi və xeyli sayda
avtomobil texnikası məhv edilib. Ermənistan silahlı qüvvələrinin 49-cu tank
briqadasına məxsus altı ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirilib.
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan ərazilərində
Azərbaycan bayrağının dalğalanmasını əks etdirən görüntüləri paylaşıb.
Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya
qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində 9
oktyabr saat 17:00-a olan məlumata görə, 31 mülki şəxs həlak olub, 168 nəfər
isə xəsarət alıb. Həmçinin 1 091 ev, 143 mülki obyekt və 45 çoxmənzilli yaşayış
binası yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Şanlı Azərbaycan Ordusunun daha bir uğurlu əməliyyatı nəticəsində Ermənistan
silahlı qüvvələrinin 30-a yaxın tankı və piyada döyüş maşını ələ keçirilib.
Baş Prokurorluq: “Döyüşlərdə Ermənistan tərəfindən iştirak etmiş Fransa
vətəndaşı Artur Oqanisyan və Gürcüstan vətəndaşı Vaaqn Çaxalyan barəsində
cinayət işi başlanıb”.
Azərbaycan Ordusu bölmələrinin keçirdiyi döyüş əməliyyatları nəticəsində
düşmənin xeyli sayda “Qrad” yaylım atəşli reaktiv sistemi sıradan çıxarılıb.
Müdafiə Nazirliyi: “Ermənistan ərazisindən Mingəçevir şəhəri istiqamətində
atılan ballistik hədəf Azərbaycanın hava hücumundan müdafiə sistemləri
tərəfindən aşkarlanaraq 20 kilometrdən artıq hündürlükdə məhv edilib”.
Müdafiə Nazirliyi düşməndən azad edilən Suqovuşan yaşayış məntəqəsinin
görüntülərini paylaşıb.