49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın Əməkdar artisti Yuri Omelçenkonun ölüm səbəbi bəlli olub.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini İlham Məmmədov
Cixisyolu.com-a açıqlamasında bildirib ki, aktyor bir müddət əvvəl insult keçiribmiş:
“Xəstəxanada müalicə aldı. Vəziyyəti bir qədər yaxşılaşmışdı. Lakin bir neçə
gün əvvəl yenidən insult keçirdi. Onu xəstəxananın reanimasiya şöbəsində
yerləşdirdilər. Ürəyində də problemləri vardı. Təəssüf ki, onu xilas etmək
mümkün olmadı”.
10:41
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri
Omelçenko vəfat edib.
Bu barədə teatrın sosial şəbəkə hesabında məlumat verilib.
“Bu, hamımız üçün böyük itkidir! Onun yaradıcılığı, xeyirxahlığı onu
tanıyanların və qiymətləndirənlərin hamısının qəlbində yaşayacaq. Qəbri nurla
dolsun!” – deyə teatrın kollektivi sənətkarın yaxınlarına dərin hüznlə
başsağlığı verib.
Yuri Omelçenko 1976-cı il martın 7-də Bakıda anadan olub. Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetini bitirib. Bakı Bələdiyyə Teatrında və
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb.
1997-ci ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında işləyib. O, teatr
səhnəsində “Torqovıda görüşərik”, “Qurdlar və qoyunlar”, “Alim-botanik Müsyö
Jordan və məşhur sehrbaz dərviş Məstəlişahın nağılı”, “Yeddi gözəl”,
“Gözəllər”, “Qürur və qərəz”, “Maskarad”, “Şəhrizadın daha bir gecəsi”,
“Karamazov qardaşları”, “Və bir qadın gəldi…”, “Əli və Nino”, “Evlilik”,
“Sənətkarın taleyi”, “Korol Benya və başqaları”, “Albalı bağı” və s. kimi
tamaşalarda rol alıb.
Xanım Aydın