“4Sİ Akademiyası” layihəsinin pilot mərhələsinin başa çatması ilə əlaqədar
keçirilən tədbirdə proqram çərçivəsində 1 il ərzində 10 min nəfərin “Coursera”
onlayn təhsil platformasında dördüncü sənaye inqilabı texnologiyaları sahəsində
800-ə yaxın kursdan ödənişsiz yararlandığı vuğulanıb. Layihənin “Milli Proqram”
şəklində davam etdiriləcəyi bildirilib.
Cixisyolu.com xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye
İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin
tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) və ABŞ-nin “Coursera” şirkəti
tərəfindən birgə həyata keçirilən “4Sİ Akademiyası” layihəsinin pilot
mərhələsinin başa çatması ilə əlaqədar tədbir keçirilib.
4SİM-in icraçı direktoru Fariz Cəfərov akademiyanın ölkədə dördüncü sənaye
inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və
əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına töhfə verdiyini
vurğulayıb. Layihə müddətində 1 il ərzində 10 min nəfər “Coursera” onlayn
təhsil platformasında 4Sİ texnologiyaları, süni intellekt, data analitikası,
blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, liderlik,
kommunikasiya bacarıqları daxil olmaqla ümumilikdə 800-ə yaxın kursdan
ödənişsiz yararlanıb. İştirakçılar 32 min saatdan çox videomühazirələrə
qatılıblar, təlimləri uğurla tamamlayanlar ümumilikdə 4 300 beynəlxalq
sertifikat əldə ediblər.
Bildirilib ki, “4Sİ Akademiyası” layihəsi “Milli Proqram” şəklində davam
etdiriləcək. Bu dəfə proqram 200 min vətəndaşı, o cümlədən “Coursera”
platformasında təqdim olunan 8 min kursun hamısını əhatə edəcək. Yalnız ingilis
dilində kursların təqdim olunduğu pilot layihədən fərqli olaraq, “Milli
Proqram” çərçivəsində bütün kurslar Azərbaycan dilində altyazı ilə müşayiət
olunacaq. Daha çox tələbatın olduğu 20 kurs isə süni intellekt vasitəsilə
Azərbaycan dilində səsləndiriləcək.
Təhsil platformasında bu ildən süni intellekt əsaslı “Coursera Coach”
fərdiləşdirilmiş bələdçi funksiyası istifadəyə veriləcək. Bu bələdçi vasitəsilə
istifadəçi öz təhsilinə və karyera hədəflərinə uyğun kurslar haqqında məlumat
alacaq. Həmçinin platformada “Hiring Solutions” (İşəgötürmə həlləri) aləti
Azərbaycandakı işəgötürənlər üçün əlçatan olacaq. Müəssisələr bu alət
vasitəsilə istədikləri bilik və bacarıqlara uyğun kursları bitirmiş şəxslər
haqqında məlumat alacaq və onları işə dəvət edə biləcəklər.
Təhsilin İnkişafı Fondunun İdarə heyətinin sədri Elnur Nəsibov istifadəçilərin
“4Sİ Akademiyası” çərçivəsində dünyanın nüfuzlu universitet və şirkətlərinin
təqdim etdiyi tədris proqramlarından yararlandığını bildirib. Təklif edilən
kursların istifadəçilərin texniki bacarıqlarla yanaşı, liderlik və ünsiyyət
bacarıqlarını da inkişaf etdirdiyi qeyd olunub.
“Coursera” şirkətinin Avropa, Orta Şərq və Afrika regionu üzrə icraçı
direktoru Nikolaz Fuko 148 milyondan çox istifadəçisi olan “Coursera”
platformasında dünyanın aparıcı universitetləri və qabaqcıl texnologiya
şirkətlərinin onlayn kurs və təlimlərinin təklif edildiyini qeyd edib.
Azərbaycanlı istifadəçilərin layihə çərçivəsində aktiv şəkildə kurslara
qatıldığını, əsasən rəqəmsal texnologiyalar, süni intellekt və biznes yönümlü
təlimlərə maraq göstərdiklərini diqqətə çatdırıb.
Qeyd edək ki, “4Si Akademiyası” cari ilin sentyabr ayında “Coursera” şirkəti
tərəfindən keçirilən müsabiqədə 42 ölkə tərəfindən təqdim olunan 180 layihə
arasından seçilərək” Süni İntellekt” nominasiyası üzrə “Üstün Nailiyyət
Mükafatı”na layiq görülüb.
Tədbir çərçivəsində “4Sİ Akademiyası”nın məzunları uğur hekayələrini
iştirakçılarla paylaşıblar. Yüksək nailiyyət qazanmış məzunlara sertifikatlar
təqdim olunub.