85d41355-1b38-4198-b8ca-aa137e6d2657..jpg

51-i tamamlayan Qurban Qurbanov: “Düşünürəm ki, anam 2-3 il də yaşasaydı, hər şey fərqli olardı” – VİDEO

Baxış sayı: 1. 019 dəfə baxılıb.

51-i tamamlayan Qurban Qurbanov: “Düşünürəm ki, anam 2-3 il də yaşasaydı, hər
şey fərqli olardı” – VİDEO

Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun doğum günüdür.

Cixisyolu.com xəbər verir ki, mütəxəssis 51 yaşını tamamlayır.

Peşəkar Futbol Liqası Qurbanovun ad günü ilə bağlı qısametrajlı film
hazırlayıb. Filmdə çalışdırıcının fikirlərinə də yer verilib.

Qurban Qurbanov bildirib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra yeni
arzu barədə düşünməyib:

“Son bir neçə ildə bir arzum var idi. İstəyirdim ki, mən “Qarabağ”da ola-ola
torpaqlarımızı azad edək. Bu arzu həyata keçəndən sonra yeni arzu barədə
fikirləşməmişəm”.

“Qarabağ”ın baş məşqçisi xarakterinin formalaşmasında ailəsinin böyük rolunun
olduğunu bildirib:

“Zaqatalada doğulub boya başa çatmışam. Mühit çox önəmlidir. Ailə hansı
xarakterdə olursa, övlad da o xarakterdə böyüyür. Sonra məktəb, ətraf,
dost-tanış gəlir. Əziyyətdən çəkinməməyimdə ailəmin böyük rolu olub. İllər boyu
valideynlərim günün 10-12 saatını sovxozda işləyirdilər. İnsanın yaxını, əzizi
dünyasını dəyişəndə düşünürsən ki, 2-3 il də yaşayardı, hər şey fərqli olardı.
Nələr də etsək, anamızın haqqını verə bilmərik”.

Qurban Qurbanov futbola gəlməyində qardaşı Musa Qurbanovun böyük rolunun
olduğunu söyləyib:

“Futbola gəlişimdə, yetişməyimdə, futbolda zəhmətkeş olmağımda Musanın hədsiz
dərəcədə böyük rolu var. O, mənə qarşı tam fərqli mövqe tuturdu. Anam
oxumağımızı, ali məktəb bitirməyimizi istəyirdi. Musa evdəkilərin hamısını razı
saldı ki, Qurban futbolda olsun, buna daha çox vaxt ayırsın. Demək olar, bütün
gününü mənə sərf edirdi, bəlkə də, onunla ayrı saatımız yox idi. Musanın
haqqını vermək mənim üçün çətindir”.

Çatışmayan cəhətlərinin çox olduğunu söyləyən Q.Qurbanov işində daim
məsuliyyətli olmağa çalışdığını qeyd edib:

“Özümü ideal saymıram. Çatışmayan cəhətlərim çoxdur. Həyatda, işdə, dostluqda…
Bəzən bilməyərəkdən səhvlər edirik. İnsan təcrübə topladıqca, formalaşdıqca
sadəcə səhv etməməyi düşünür. Bu gün “Qarabağ”da mənə güvənir və inanırlarsa,
işimi layiqincə yerinə yetirməli, məsuliyyətli olmalı, inamı itirməməliyəm.
Eləcə də ailədə, vətən üçün eyni şey keçərlidir”.


Source link