b5d99fa2-d915-426c-a87c-e53ea4e4a440..jpg

51 illik ömrün hekayəsi: Şeirləri musiqiyə ölçülmüş dahi şair – FOTO

Baxış sayı: 419 dəfə baxılıb.

51 illik ömrün hekayəsi: Şeirləri musiqiyə ölçülmüş dahi şair – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bütün ölkə tək onun poeziyasını, dramaturgiyasını deyil, sözlərinə yazılmış
mahnıları da sevirdi. O mahnılar ki, bu gün də böyük şövq və zövqlə
səsləndirilir – konsert proqramlarında, radio dalğalarında, məclislərdə,
ziyafətlərdə…

Onun şeirləri musiqiyə ölçülmüşdü. Mahnı müəllifləri iddia edirdilər: İslam
Səfərli mahnı poeziyasını əsl poeziya səviyyəsinə ilk çatdıranlardan biridir.
“Ana”, “Bir könül sındırmışam”, “Bakı, sabahın xeyir”, “Buludlar”, “Ağ şanı,
qara şanı”, “Gəncliyimi gəzirəm”, “Qonaq gəl bizə”, “Ay öpüşən dalğalar”, “Nə
vaxta qaldı” və s. mahnıları kim eşitməyib? Dodaqdan qəlbə süzülən bu nəğmələr
kimlərə könül xoşluğu bəxş etməyib, ruhunu ovutmayıb? Bu mahnıların hər birinin
arxasında şairin özü qədər məşhur və sevimli bəstəkarların imzası var: Cahangir
Cahangirov, Səid Rüstəmov, Tofiq Quliyev, Ramiz Mustafayev, Emin Sabitoğlu,
Ramiz Mirişli, Nəriman Məmmədov… Onlar İslam Səfərlinin poeziyasından
ilhamlanıblar.

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

51 illik ömrün hekayəsi

12 fevral İslam Səfərlinin doğum günüdür. Görkəmli şair-dramaturq cəmi 51 il
ömür sürüb. Amma bu qısa ömrün səhifələrinə tək Azərbaycan poeziyasına və
dramaturgiyasına bəxş etdiyi əsərləri deyil, həmçinin İkinci Dünya
müharibəsində könüllü iştirakı da, ictimai fəaliyyəti də sığıb.

Müharibə dəhşətlərinin yaradıcılığında yer alması da təsadüfi olmayıb. O,
Naxçıvanın Babək rayonunun Şəkərabad kəndində orta məktəbi bitirdikdən sonra
könüllü cəbhəyə yollanıb. Sonradan poema və şeirlərində davanın
ağrı-acılarından yazıb, vətənpərvərliyi, qəhrəmanlığı vəsf edib.

İslam Səfərli şair kimi tanınsa da, qələmini ədəbiyyatın digər janrlarında da
uğurla sınayıb: oçerk, novella, libretto, kinossenari, məqalələr yazıb.
Dramaturq kimi də böyük uğurlar qazanıb. Həmçinin tərcüməçilik fəaliyyəti ilə
məşğul olub. A.S.Puşkin, M.Svetlov, S.Marşak, K.Koladze, Y.Dolmatovski kimi
tanınmış klassiklərin yaradıcılığının Azərbaycan oxucuları tərəfindən
sevilməsində böyük rolu olub.

Şairin işıq üzü görən 18 kitabı isə poeziyasevərlərin masaüstü kitabına
çevrilib.

Azərbaycan şeirinin Naxçıvannaməsi

İslam Səfərli Azərbaycan poeziyasında həm də Naxçıvan şeir silsiləsinin
görkəmli yaradıcısı kimi tanınıb. Şairin doğulub boya-başa çatdığı torpaq
haqqında yazdığı şeirlərində bu qədim yurdun ecazkarlığı özünəməxsus poetik
dillə təsvir olunub. Hətta şairin “Naxçıvanım” şeirini Azərbaycan şeirinin
Naxçıvannaməsi adlandırırlar. “İslam Səfərli anadan olduğu, böyüyüb boya-başa
çatdığı yerləri özünə xas olan səmimiyyət və istedadla qələmə alır, oxucularda
bu yerlərə maraq oyadır. Bu şeirləri oxuyan adam sanki Naxçıvanı seyrə çıxır.
Şair Naxçıvanın “Gəlin daşı”nı, “Batabat”ını, “Xal-xal meşəsi”ni, gecə-gündüz
Vətəni qoruyan sərhədçinin düşüncələrini tərənnüm edir”, – deyə Xalq şairi
Məmməd Rahim heyranlığını gizlətmirdi.

Böyük hörmət sahibi

Şairi tanıyanlar, onunla ünsiyyətdə olanlar isə bulaq kimi çağlayan
şeirlərinin məhz İslam Səfərli kimi bir şairin qələmindən süzülə biləcəyini
deyirlər.

Xalq şairi Nəriman Həsənzadə İslam Səfərli ilə qonşuluqda yaşayıb:

“Biz Hüsü Hacıyev küçəsindəki Yazıçılar Evində qonşu idik. İslam çox gözəl
insan idi. Əlfi Qasımovla möhkəm dost idilər. Onların dostluğu bizə də sirayət
edirdi. Biz onlardan sədaqətin, vəfanın nə demək olduğunu öyrənirdik.
Yadımdadır, o müharibədən qayıtmışdı. Bu barədə xatirələrini tez-tez danışırdı.
Çox mehriban, istiqanlı insan olmaqla bərabər, gözəl şair və sevilən nəğmələr
müəllifi idi. Onun şeirlərinə çox mahnılar yazılırdı. Mənim İslam Səfərliyə
xüsusi rəğbətim vardı. O, böyük hörmət sahibi idi”.

“Hanı mənə oxşayan o qara oğlan?”

Filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli xatırlayır:

“İslam Səfərli vəfat edəndə mən kənddə müəllim işləyirdim. Mən onun ailəsi ilə
tanışam. İslam Səfərlinin yaradıcılığı haqqında yazmışam. Qardaşı onun
kitabları çıxanda ön söz yazmağımı istəyirdi. İslam Səfərlinin özünəməxsus
yaradıcılıq siması vardı. O, müharibə görüb, kəşfiyyatçı olub, qayıdandan sonra
yaradıcılığını uğurla davam etdirib”.

V.Yusifli mərhum şair haqqında dostu Əlfi Qasımovun xatirəsini danışır:

“İslam Səfərli tələbə olanda Səməd Vurğunun tələbələrlə görüşü keçirilib. Bir
neçə nəfər çıxış edəndən sonra Səməd Vurğun – “Hanı mənə oxşayan o qara oğlan,
gəlsin şeir oxusun, – deyə İslam Səfərlini çağırıb. – Yazıçılar İttifaqında
keçən “Gənclər günü”ndə bir şeir oxudun ha, indi oxuya bilərsənmi onu?” – deyə
soruşub. İslam xitabət kürsüsünə qalxaraq “Beşik başında” şeirini şövqlə
oxuyub. Alqış səsləri salonu titrədib…”

V.Yusiflinin fikrincə, İ.Səfərlinin şeirlərinin içərisindəki musiqi də onu
sevdirib:

“Mən istənilən bir şairə yanaşanda Füzulidən bir dad, duz axtarıram. Füzulinin
şeirlərindəki dad, duz İslamın yaradıcılığında hiss olunur. Bəxtiyar Vahabzadə
deyirdi ki, mən hər şairə “nəğməkar şair” deyə bilmərəm, amma İslam Səfərli
əsil nəğməkar şairdir. Onun şeirlərinin içində böyük bir musiqi var. Hər şairin
şeirləri musiqili səslənmir. “Ceyran gözlü Batabata gəlmişəm”, “Sevgilim keçən
yerdən bütün şəhər yeriyir”, “Qönçələr açılıb, gülür çəmən, düz”… Şairin
istənilən bir lirik şeirinə baxsan, orada mahnı və musiqi üçün doğulan bir mətn
var. O mahnılar əsrlər keçdikcə yaşayacaq”.

Qəlblərdəki sevgi abidəsi

İslam Səfərli Azərbaycan poeziyasında şeirimizin Xəzər silsiləsini yaradan
şair kimi əbədiləşib. “Pıçıldaşın, ləpələr”, “Ay öpüşən dalğalar”, “Dəniz”
mahnılarında Xəzərin səsi, pıçıltısı “Xəzərim” şerinin ahəngdarlığına qarışır.

İndi Xəzərin mavi sularında üzən gəmilərdən birində “İslam Səfərli” adının
əbədiləşməsi də haqqını tapıb. Bu gün Bakının mərkəzi küçələrindən biri də
şairin adını daşıyır. Paytaxtda yaşadığı binaya (Həsən Seyidbəyli, 30) onun
barelyefi vurulub. Naxçıvanda oxuduğu 1 nömrəli məktəb də İslam Səfərlinin
adınadır.

Nə qədər ki, şairin şeirləri səslənir, əsərləri oxunur, sözlərinə yazılan
mahnılar eşidilir, qəlblərdə ucaltdığı sevgi abidəsi də daim yaşayacaq…

Source link