Prezident İlham Əliyev Bakıda 40-a yaxın İƏT ölkəsinin iştirakı ilə keçirilən İƏT Gənclər və İdman Nazirləri IV Konfransının açılış mərasiminin iştirakçılarına müraciət ünvanlayıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, ölkə başçısı müraciətində İƏT-lə münasibətlərin Azərbaycan üçün xarici siyasətin əsas sahələrindən biri olduğunu, Azərbaycanın İƏT-in bir çox yüksək səviyyəli tədbirlərinə ev sahibliyi etdiyini, Azərbaycanın İƏT-də bir sıra yeni əhəmiyyətli təşəbbüslərlə çıxış etdiyi bildirib.
Müraciətdə 2004-cü ildə Azərbaycanın təşəbbüsü ilə yaradılmış İƏT Gənclər Forumunun İƏT-də ilk beynəlxalq qurum olduğu vurğulanıb, İƏT arealında gənclər siyasətinin formalaşması və İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələr yüksək qiymətləndirilib, xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.
Eyni zamanda, müraciətdə Azərbaycanın 2017-ci ildə 4-cü İslam Həmrəylik Oyunlarını ən yüksək standartlara uyğun keçirməsi, ölkəmizin İƏT arealında idman siyasətinə və idman vasitəsilə islam həmrəyliyinə verdiyi önəm kimi qeyd olunub.
Öz növbəsində, İƏT Gənclər və İdman Nazirlərinin 4-cü Konfransında iştirak edən nümayəndə heyətlərinin yekdil qərarı ilə 56 üzv ölkəni öz sıralarında birləşdirən İƏT Nazirlər Konfransı adından Azərbaycan Prezidenti İlham Əliyevə, 11 apreldə yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik göndərilib.
Təbrikdə İlham Əliyevin 11 aprel seçkilərində əminliklə qazandığı qələbə Azərbaycan xalqının ölkə başçısınının apardığı siyasi kursa verdiyi dəstəyin bariz əlaməti kimi qiymətləndirilib.
Təbrikdə eyni zamanda İƏT arealında gənclər siyasətinin qurulması və inkişaf etdirilməsində Prezident İlham Əliyevin xüsusi rolu qeyd olunub.
Foto: Elnur Nuriyev
www.ÇıxışYolu.Com