3d677a7d-2a23-4bd6-8a1b-2feacb2f767e..jpg

56 yaşında karyerasını bərpa edən futbolçu: “Yerli oyunçular həddindən artıq zəif çıxış edirlər” – MÜSAHİBƏ

Baxış sayı: 690 dəfə baxılıb.

56 yaşında karyerasını bərpa edən futbolçu: “Yerli oyunçular həddindən artıq
zəif çıxış edirlər” – MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Kəpəz” klubunun heyətində 3 dəfə çempion, 1996/1997 mövsümündə 23 qolla
komanda yoldaşı Fazil Pərvərovla birgə Azərbaycan çempionatının bombardiri
olmuş Rövşən Əhmədov 56 yaşında futbolçu karyerasını bərpa edib. Bununla da o,
bir daha yaş amilinin əsas olmadığını göstərib. O, Region Liqasında çıxış edən
“VT Gəncə” klubundan dəvət alıb.

“Kəpəz”in sabiq futbolçusu bu və digər məsələlər barədə “Report”un suallarını
cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

– 56 yaşında futbolçu karyeranızı bərpa etdiniz. Yenidən meydana çıxmaqla
bağlı təəssüratlarınız necədir?

– Təəssüratlarım, təbii ki, xoşdur. Məni komandaya baş məşqçi dəvət
etmişdilər. Həm də “Kəpəz”in U-12 komandasını çalışdırdığımdan “VT Gəncə”nin
heyətində oyunçu kimi meydana çıxdım. Orada məşqi də özüm keçirəm, həm də
futbolçu kimi meydana çıxıram. Çoxdandır ki, futbolçu kimi çıxış etmək
istəyirdim. Bir ay məşq etdikdən sonra meydana çıxdım. Komandamız bir o qədər
də güclü olmayan, gənclərdən ibarət kollektivdir. Rəhbərliklə danışmışıq,
komandanı peşəkar liqaya çıxaracağıq. May ayından etibarən yeni kollektiv
formalaşdıracağıq.

– “Kəpəz” komandasının Azərbaycan Premyer Liqasında çıxışı bir gəncəli
mütəxəssis olaraq sizi qane edir?

– Vəziyyət o qədər də xoşagəlməz deyil. Gəncə klubuna sponsor lazımdır. Gəncə
veteranları, azarkeşlər, rəhbərlik daim komandaya dəstək olurlar. “Kəpəz”i
Premyer Liqada saxlamağa çalışırıq. Mart ayından sonra klubun sponsorunun
olacağı gözlənilir. Bununla bağlı danışıqlar aparılır. Komandaya dəstək
olmalıyıq ki, ilk 5 yerdən birini tuta bilsin.

– “Kəpəz”də baş məşqçi dəyişikliyi baş verdi, üstəlik, öz meydanında oynaya
bilmir. Bu məqamlar komandanın çıxışına necə təsir göstərir?

– İstərdik ki, ev oyunlarımız Gəncədə baş tutsun. Stadionumuzun yenidən
qurulması dövlətimizin qərarıdır. Buna görə dövlət başçısıİlham Əliyevə öz
təşəkkürümü bildirirəm. Gəncədə akademiya istifadəyə verildi. Stadion da hazır
olandan sonra hər şey yaxşı olacaq. Başqa komandanın stadionunda çıxış etmək
bizi qane etmir. Biri var Gəncə stadionuna 3-4 min azarkeş gəlsin, biri də var
cəmi 2 avtobus azarkeş başqa bir klubun stadionuna “Kəpəz”ə azarkeşlik etmək
üçün getsin. Bununla belə, “Kəpəz” Qəbələdə çıxdığı ev matçlarında olduqca
baxım futbol oynayır. Hətta əsas rəqiblərimizdən “Qəbələ”ni məğlub edə bildik.

– “Kəpəz”in cari mövsüm 9-cu pillədə olmasının əsas səbəbkarı kimdir?

– Sponsorun olmaması və zəif maliyyələşmə bu cür nəticələrə gətirib çıxarıb.
Komandaya futbolçu gətirmək mümkün deyil. Heyətdəki oyunçular bütün güclərini
ortaya qoyurlar. Amma istərdik ki, gələn futbolçular onlardan daha güclü
olsunlar.

– “Kəpəz”lə 3 dəfə Azərbaycan çempionu, həmçinin çempionatın bombardiri
olmusunuz. Hazırda azərbaycanlı futbolçuların bombardirlər yarışında ön planda
olmamasının səbəbini nədə görürsünüz?

– Azərbaycan futbolunda hücumçu çatışmazlığı var. Yerli futbolçular həddindən
artıq zəif çıxış edirlər. Uşaq futbolunda inkişaf yoxdur. Durum ürəkaçan deyil.
Sponsor və şərait olandan sonra Gəncədə yaxşı hücumçular yetişəcək. Yerli
futbolçuların bombardir olmasını mən də istərdim. Hara baxırsan, legionerlər
qol vurur, bombardir olurlar. Nə edə bilərik? Yəqin ki, gələcəkdə klublarımız
uşaq futbolunun inkişafına daha çox diqqət edəcəklər.

– Azərbaycan Premyer Liqasında cari mövsümü necə dəyərləndirirsiniz?

– “Qarabağ”ı nəzərə almasaq, digər klublar arasında güclü rəqabət var.
“Qarabağ” hazırda Azərbaycanın bir nömrəli klubudur. Digər komandalar arasında
3-4 xal fərq var. Çempionatımız çox maraqlı davam edir. Gələcəkdə bundan da
maraqlı olmasını istəyirəm. Çempionatda 10 yox, 12-13 komandanın olmasını
istərdim.

Source link