Xaricə ixrac etdikləri 578 milyon manat dəyərində kənd təsərrüfatı məhsulundan
əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmayan vəzifəli şəxslər ifşa ediliblər.
Cixisyolu.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat
yayıb.
Bildirilib ki, xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq
subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycan
Respublikasına qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən Baş Prokuror
yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş materiallar
əsasında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
İstintaqla Tərlan Firuddin oğlu Məmmədov, Gündüz İsmayıl oğlu Hüseynov, Hafiz
Malik oğlu Rezzahnicat, Elşən Bayram oğlu Əmrahov, Röyal Mahir oğlu İmanov,
İntiqam Feyruz oğlu Nəsirov, Nicat Kərim oğlu Əlimərdanov və qeyrilərinin
cinayətkar niyyətlə təsis etdikləri “Xaçmaz Aqro”, “Natural Fruit”, “Fresh
Fruits Group”, “Global Trade Group”, “Garden Store” və digər məhdud
məsuliyyətli cəmiyyətlərlə xarici ölkələrdə fəaliyyət göstərən şirkətlər
arasında müxtəlif növ kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair
müqavilələr bağlayaraq əldə olunan ümumilikdə 340 milyon ABŞ dollarından artıq
məbləğdə pul vəsaitini (müvafiq dövrün məzənnəsi ilə 578 milyon manatdan artıq)
vəzifə səlahiyyətlərindən sui-istifadə edib Azərbaycan Respublikasında müvəkkil
edilmiş bankın hesabına qaytarmamalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında həmin şəxslərə Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 308.2 (ağır
nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər
maddələri ilə ittiham elan edilib.
Tərlan Məmmədov, Gündüz Hüseynov və Hafiz Rezzahnicat barəsində istintaq
orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən
prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs,
Röyal İmanov, Elşən Əmrahov, İntiqam Nəsirov, Nicat Əlimərdanov barəsində isə
istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan
tədbiri seçilib.
Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar
üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan
Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində
prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və
zəruri tədbirlər icra olunur.
Qeyd edək ki, dünən də eyni faktlar üzrə bir neçə şəxs həbs edilib.