3ab577bd-bdb0-44b2-b863-5975c9e1635f.webp

6 min manat müavinət kimlərə veriləcək?

Baxış sayı: 333 dəfə baxılıb.

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial
müdafiəsi haqqında” Qanuna təklif edilən dəyişikliklərə əsasən, bu kateqoriya
vətəndaşlarımıza ilk dəfə işə düzələn zaman 6 min manat birdəfəlik müavinət
veriləcək.

Cixisyolu.com xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət
komitəsinin üzvü Vüqar Bayramov “Facebook” hesabında paylaşım edib.

Deputat qeyd edib ki, dəyişikliklər layihəsi Milli Məclisin Əmək və Sosial
Siyasət Komitəsinin bu gün keçirilən iclasında müzakirə olunaraq plenar iclasa
tövsiyə olunub:

“Mövcud qanunvericiliyə əsasən, sözügedən kateqoriyadan olan uşaqlar, habelə
onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman orta aylıq
əməkhaqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə (5017,5
manat), eləcə də paltar, ayaqqabı, yumşaq ləvazimat, avadanlıq və ya öz
arzularına əsasən, onların əvəzinə verilən pul kompensasiyası ilə (265 manat)
təmin olunurlar. Daha səmərəli sosial təminat məqsədi ilə pul kompensasiyasının
da sözügedən müavinətin tərkibinə daxil edilməklə məbləğin 6 min manat müəyyən
edilməsi təklif edilib”.

Onun sözlərinə görə, bu hüquq valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş şəxslər, habelə onların arasından olanlara şamil olunur:

“Onlar ilk dəfə işə düzəldikdə artıq bu müavinətin alınması üçün müraciət
etmək hüququna malik olurlar. Bu müavinəti almaq hüququ olan vətəndaşlarımız
yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST”
mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış
hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə
vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.

Bu zaman aşağıdakı sənədlər tələb olunur:

– şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsinin surəti;

– əmək kitabçasının surəti;

– valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Ədliyyə
Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı.

Deməli, bu vətəndaşlarımız işə düzələndən sonra müvafiq sənədlər ilə müraciət
edib həmin müavinəti ala bilərlər.

Bütün bunlar ilə yanaşı bir sıra müavinətlərlə bağlı məlumatlılığın nisbətən
az olduğunu nəzərə alsaq, belə ödənişlərin proaktiv təyin olunması vacibdir.
Yəni, hər hansı sənəd tələb olunmadan elektron müavinətin hesablanması və təyin
olunması daha məqsədəuyğundur”.

Source link