2e0d02c2-3c88-4027-bec2-bd1c2e820d38..jpg

60 min insanın 50 milyon manatlıq ümidi: Xərçəng xəstələrinin büdcədən gözləntiləri doğrulacaqmı? – FOTO

Baxış sayı: 705 dəfə baxılıb.

60 min insanın 50 milyon manatlıq ümidi: Xərçəng xəstələrinin büdcədən
gözləntiləri doğrulacaqmı? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda rəsmi qeydiyyata alınmış təxminən 60 min onkoloji xəstə var.
Ölkədə daha çox qadınlarda süd vəzisi xərçənginə (2022-ci ildə – 2 565
nəfərdə), kişilərdə – ağciyər xərçənginə rast gəlinir, ümumilikdə isə mədə
xərçəngi də artır. Xərçəng xəstəliyinin yalnız 15 faizi genetikdir.

2024-cü ilin dövlət büdcəsindən onkoloji xidmət üçün 50 milyon manat pul
ayrılacaq. Bəs 50 milyon manat 60 min onkoloji xəstə nisbətində yetərlidirmi?

Cixisyolu.com xəbər verir ki, bununla bağlı şübhələr kifayət qədərdir.

Həkim-radioloq Aydın Əliyev bildirib ki, ayrılan bu məbləğə onkoloji
xəstələrin müayinəsi, diaqnostikası, müalicəsi, onkoloji klinikaların
maddi-texniki bazasının inkişafı və digər xərclər daxildir.

“Bir xəstənin müayinə, diaqnostika və müalicəsi üçün təqribən 800 manat
hesablanıb. Bu məbləğ bu xəstələr üçün çox kiçik rəqəmdir. Mən evini satıb,
bankdan kredit götürüb, onkoloji xəstəliyinin müalicəsinə xərcləyən insanlar
tanımışam. Hətta pulu çatmayıb, sosial şəbəkələrdə bank hesabını paylaşıb,
insanlardan pul toplayaraq, onkoloji xəstəliyini müalicə etdirmək istəyən və
buna nail ola bilməyib, həyatını itirən xəstələr də görmüşəm. Bu sahəyə daha
çox vəsait ayrılmalıdır. Onkoloji xəstəliklər rastgəlmə tezliyinə görə ilk
üçlükdədir”.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov da bu məbləğin
onkoloji xəstəliklərin müalicəsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üçün
az olduğunu vurğulayıb.

Xərçəng xəstəliyinin növləri çoxdur və növünə görə də müalicəsi, çəkilən xərc
dəyişir. Hətta bəzən bu xərc fantastik həddə çata bilir. Bədxassəli böyrək
xərçəngindən əziyyət çəkənRəşad Qarayevin müalicəsi kimi. Onun Cixisyolu.com-a
bildirdiyinə görə, bu xəstəlikdən müalicə almaq üçün bir aya 10 min manat xərci
çıxır:

“Düzü, mən Azərbaycanda müalicə almıram. Müayinə və müalicələrim üçün
Türkiyəyə gedirəm. Orada, sadəcə, bir aparatla yoxlanmağım min manata başa
gəlir. Mənim böyrəyim götürüldü. Bu əməliyyatım isə xəstəxana xərclərimlə
birlikdə 45 min manata başa gəldi. Bundan sonra həkim mənə müalicənin davamı
üçün iynə və kapsul məsləhət gördü. Üç aydan bir gedirəm Türkiyəyə. Üç aylıq
həmin iynə və kapsullar üçün xərcim 23 min manat tutur. Üstəgəl, hər dəfə
gedəndə də şişlərin müəyyən edilməsi üçün xüsusi aparatdan keçirəm. Bir aylıq
xərcim isə haradasa 10 min manata başa gəlir”.

Süd vəzisi xərçəngindən əziyyət çəkən başqa bir respondentimiz isə
Azərbaycanda müalicə aldığını, aylıq 1 000 manatdan çox xərcinin çıxdığını
deyir. Bu məbləğə kimyaterapiya, analizlər, həkim yoxlanışı, dərmanların
alınması daxildir.

Xərçəng xəstəliyi tək Azərbaycanda deyil, bütün dünyada getdikcə daha çox
yayıldığından bəzi insanlarda belə təsəvvür yaranıb ki, əslində, bu xəstəlikdən
tam sağaldan dərmanı var, amma daha çox pul qazanmaq naminə bazara buraxılmır.

Onkologiya uzmanı Nicat Xanməmmədov Cixisyolu.com-a açıqlamasında bunun mümkün
olmadığını deyir:

“Son illərdə cəmiyyətdə belə bir düşüncə yaranıb ki, xərçəngin müalicəsi var,
amma gizlədilir. Əslində, biz xərçəng xəstəliyini yeni-yeni öyrənməyə
başlamışıq. Bu, bizim son 50 ildir öyrənməyə çalışdığımız, son 15 ildə hansısa
xüsusiyyətlərini dəqiqləşdirdiyimiz bir xəstəlikdir. İnsan vücudunda 150-200
növə yaxın xərçəng növü, bunların da hamısının ayrı-ayrı müalicə üsulları var.
2000-ci ilə qədər dünya üzrə üç xərçəng xəstəsindən ikisi tamamilə sağlamlığına
qovuşub. Dərman istehsalçıları son illər xərçəng xəstəliyi ilə bağlı böyük
nailiyyətlər qazanıblar. Amma digər tərəfdən də, ən çox belə firmaların iflas
etdiyinin şahidi oluruq. Çünki bir dərmanın sıfırdan hazırlanması milyardlarla
dollara başa gəlir. Bu qədər xərc, bu qədər güc, zaman sərf edilib, sonradan
dərmanın insanlardan gizlədilməsi mümkün deyil”.

Qeyd etmək lazımdır ki, xərçəng xəstələrinin dövlət təminatına alınması heç də
hər ölkədə mümkün deyil.

Bu yaxınlarda belə bir məlumat yayıldı ki, “BionTech” şirkətinin təsisçiləri,
türkiyəli alimlər Uğur Şahin və Özlem Türeci xərçəng xəstəliyinə qarşı
hazırladıqları vaksinin uğurlu nəticələr verdiyini açıqlayıblar.

Türkiyəli onkoloq Suna Çokmert ölkələrində istifadə olunan xərçəng əleyhinə
vaksinlərlə bağlıCixisyolu.com-a açıqlamasında bildirib ki, hazırda Türkiyədə bir neçə
belə peyvənd var:

“Türkiyədə ağciyər xərçəngi üçün Kubanın “Racotumomab” vaksini istifadə
olunur. Bundan əlavə, melanoma adlandırdığımız dəri xərçəngi üçün “Imlygic”,
prostat xərçəngi üçün isə “Provenge” adlı vaksinlər, FDA (ABŞ-nin Qida və Ərzaq
Administrasiyası – red.) təsdiqi alsa da, Türkiyədə satışı olmadığından
xaricdən gətirilərək istifadə olunur”.

Onu da qeyd edək ki, bu vaksinlər çox bahalıdır. Suna Çokmertin sözlərinə
görə, Türkiyədə bunu hələ tam şəkildə dövlət qarşılamır:

“Xərcin ödənilməsi üçün Səhiyyə Nazirliyinə müraciət edilir. Təsdiq gələrsə,
ödənilmə prosesi qanuna müvafiq qaydada həyata keçirilir. Onu da deyim ki, bu,
ancaq Türkiyə vətəndaşlarına aiddir. Əcnəbilər üçün bunlar ödənişlidir”.

Araşdırmalara görə, dünyada xərçəngə qarşı 300-dən çox dərmandan istifadə
edilir. Effektli, amma çox baha olduğu üçün, həmçinin ölkəmizdə xərcləri dövlət
tərəfindən qarşılanmadığından bu dərmanları insanların çoxu əldə edə bilmir.

İcbari Tibbi Sığorta Agentliyindən Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirilib
ki, Azərbaycanda xərçəng xəstəliyi İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə
daxil deyil. Yalnız xoşxassəli beyin şişlərinin çıxarılması ilə bağlı
cərrahiyyə əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata
alınıb.

Bəs dövlət təminatı hansı dərəcədə mümkündür? İqtisadçı Eldəniz Əmirov Cixisyolu.com
-a açıqlamasında bu istiqamətdə büdcənin artırılmasının ağlabatan olduğunu
deyir:

“2024-cü ilin dövlət büdcəsində ümumi səhiyyə xərclərinin bir milyard 871
milyon olduğunu nəzərə alsaq, bu məbləğin dövlət büdcəsi xərclərinin 5,09 faizi
qədər olduğunu görərik. Yəni səhiyyəyə ayrılmış vəsait ümumi büdcə xərclərinin
təxminən beş faizini təşkil edir. Amma xərçənglə mübarizəyə sərf edilən məbləğ
isə məhz səhiyyə xərclərinin 2,6 faizi edir. Bu istiqamətdə vəsaitin
artırılması məqsədəuyğundur. Onu da qeyd edim ki, vəsaitin artırılmasından da
vacib olan – vəsaitin düzgün xərclənməsidir”.

Aytac Qasımova

Source link