60 min manatı dollara çevirmək istədi, dələduzluğun qurbanı oldu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda 60 min manat pulu dollara çevirmək istəyən şəxs dələduzluğun qurbanı
olub.
“Qaynarinfo”nun məlumatına görə, avtomobil alqı-satqısı ilə məşğul Nicat
Əliyev (soyad şərti) dollar almaq üçün limiti dolduğundan Elməddin adlı tanışı
vasitəsi ilə tanıdığı Qabil, İsmayıl və Ramin adlı şəxslərin hər birinə 20 min
manat verib. Həmin şəxslər banklardan birində pulu dollara çevirməli, əvəzində
Nicat hər birinə 20 manat pul verməli imiş.
Onlar birlikdə Xalqlar dostluğu metrostansiyasının yaxınlığında yerləşən banka
gediblər. Nicat Elməddinlə birlikdə bankın qarşısında gözləyib. Əvvəlcə Qabil
bankdan çıxaraq 11.750 dolları ona verib. Bir qədər sonra İsmayıl da eyni
məbləği təqdim edib. Nicatın Ramin kimi tanıdığı şəxsin isə bankdan qaçdığı
məlum olub.
Keçirilən əməliyyat zamanı pulu oğurlayan şəxs saxlanılıb. Aparılan araşdırma
zamanı məlum olub ki, özünü Nicata Ramin kimi təqdim edib, 20 min manatını alan
şəxsin əsl adı Yaşardır. Onun oğurluğu əvvəlcədən Qabil və İsmayıl adlı
tanışları ilə razılaşdıraraq planlaşdırması məlum olub. Plana əsasən, onlar
Nicatın verdiyi 60 mindən 40 mini dollara çevirərək qaytarmalı, qalan 20 min
manatı isə oğurlayaraq aralarında bölməli imişlər.
Məhkəmə dövrünə qədər dəymiş ziyan ödənildiyindən Yaşar Zamanova (soyad şərti)
iki il, Qabil Vəliyevə (soyad şərti) və İsmayıl Qəşəmova (soyad şərti) 1 il 11
ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəza təyin edilib. Onlar
Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli biliniblər.