344a698b-2b7b-4f77-aa8e-e2dd895c19a8..jpg

84 yaşlı kinoşünas: “Qohumunu, ya sevgilisini gətirir ki, bunu baş rolda çəkəcəksən” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 674 dəfə baxılıb.

84 yaşlı kinoşünas: “Qohumunu, ya sevgilisini gətirir ki, bunu baş rolda
çəkəcəksən” – MÜSAHİBƏ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onu Azərbaycan kinosunun ən gözəl bilicisi, canlı tarixi adlandırırlar.
Kinoşünas kimi qələmə verilməsini xoşlamasa da, adının kinodan ayrı
səsləndirmək də mümkün deyil. Milli kino tariximizin 1916-cı ildən deyil,
1898-ci ildən başlanması faktının üzə çıxarılıb sübuta yetirilməsində, nəticədə
avqustun 2-sinin Kino İşçiləri Günü elan edilməsində əvəzsiz rolu olub.
Müsahibimiz “Kino” qəzetinin və “Film” jurnalının baş redaktoru, Azərbaycan SSR
Dövlət Kinematoqrafiya Komitəsi məlumat-reklam bürosunun direktoru, AzTV-də
dublyaj şöbəsinin müdiri, “Azərkinovideo” İstehsalat Birliyində reklam
şöbəsinin müdiri, Azərbaycan Kino Ensiklopediyasının baş redaktor müavini,
icraçı direktoru, Dövlət Film Fondunun direktor müavini və baş mütəxəssisi
vəzifələrində çalışmış jurnalist Aydın Kazımzadədir.

Azərbaycanda kino mətbuatının yaradıcısı bu gün 84 yaşını qeyd edir.

“Report” A.Kazımzadə ilə müsahibəni təqdim edir:

– Aydın müəllim, 84 yaşınız tamam olur. Bu doğum gününüzü necə
qarşılayırsınız? Hələ də unuda bilmədiyiniz doğum günü təbriki olubmu?

– Mənim üçün ailə ilə birlikdə qeyd olunan ad gününün heç bir əvəzi yoxdur.
Divarda gördüyünüz şəkildə (divardan asılmış ailəvi fotonu göstərir – red.)
bütün ailəm, həyat yoldaşım da yanımdadır. Onlarla birlikdə olan doğum
günlərini heç nə əvəzləyə bilməz. Ancaq indi vəziyyət dəyişib, həyat yoldaşım
artıq bu dünyadan köçüb, yanımda yoxdur. Ailəmin bütün üzvlərinin yanımda
olduğu heç bir ad günü yadımdan çıxmır. O vaxtlar kimim vardısa, hamısı yanımda
idi, indi artıq dağınıqdır. Kimisi xaricdə təhsil alır, kimisi də öz
işində-gücündə. Hamının olduğu günlər isə sadəcə fotolarda qalıb.

– Sizinlə müsahibə üçün danışanda dediniz ki, insan atadan-anadan yox, həyat
yoldaşı dünyadan köçəndə yetim qalır.

– Hə, onun yoxluğu çox ağrılıdır. 56 il bir yerdə yaşadıq. Sizə az gəlməsin.
Əgər sağ olsaydı, evliliyimizin 60 illiyini qeyd edəcəkdik. 50 illiyimizi qeyd
etmişdik.

– Xanımınızla sevib ailə qurmuşdunuz?

– Sevmək deyəndə ki, xoşuma gəldi. O vaxt həyat yoldaşımla bacısı xalamın
evində kirayə yaşayırdı. Amma mən gəlib-gedəndə heç bunları görməmişdim. Elə
ki, mən gəlirdim onlar otağa keçirdilər, mən gedənə qədər də çıxmırdılar. Xalam
o vaxt dedi ki, anan xəstə qadındır, artıq həm də vaxtdır, gəl evlən. Dedim, ay
xala, qız var, necə evlənim? Dedi, elə gözümüzün qabağında bizdə qalan qızlar.
Bir bax gör, bəlkə bəyənəcəksən. Bir dəfə dedim görüm bu qızları, onda da evdə
deyildilər. Xalam söylədi ki, qızların sənədləri evdədir. Dedim sənədləri gətir
bir baxaq. Onda sənəddə bir balaca şəklinə baxdım. Elə o vaxtdan surətpərəst
olmuşam. Qızı gördüm, xoşuma gəldi. O xoşuma gələnlə evləndik. 56 il birlikdə
çox xoşbəxt yaşadıq. Amma indi onsuz çətindir.

– Siz həmişə demisiniz ki, mən kinoşünas yox, jurnalistəm. Bəs kino sahəsində
gördüyünüz bu qədər işlər necə?! Hətta milli kino tariximizin 1916-cı ildən
deyil, 1898-ci ildən başlanması faktının üzə çıxarılması da sizin adınızla
bağlıdır…

– Bəli, mən jurnalistəm, kinoşünas Ayaz Salayevdir. Rusiyaya gedib təhsilini
də alıb. Mən jurnalistika ixtisasını bitirmişəm. Sonra təsadüfən iş
axtara-axtara gəlib kinoya çıxmışam. Onda düşünürdüm ki, sonra gedib fərli bir
iş taparam. Hətta o vaxtı yaxşı bir iş təklifi də gəldi. Amma gedə bilmədim,
ona görə ki, kinoya gələndən sonra “Azərbaycanfilm” kinostudiyasında Muxtar
Dadaşov, Tofiq Tağızadə, Məmməd Əlili kimi bu işi bilən sənətkarlara rast
gəldim. Onlarla qısa bir vaxt ərzində elə doğmalaşdım ki, sonra ayrıla
bilmədim. Həm də mən atamı görməmişəm. O, 1943-cü ildə İkinci Dünya
müharibəsində Ukraynada həlak olub. Sadaladığım adamlarda isə özümə qarşı
məhəbbət görmüşəm. Məsələn, rejissor Niyazi Bədəlovla çox yaxın olmuşam. O,
öləndə hətta onun yuyulmasında belə iştirak etmişəm. Məmməd Əlili ilə çox yaxın
idik. Hətta o oğlu Qorxmaz Əliliyə demişdi ki, mənim haqqımda kitab yazmaq
fikrinə düşsən, ancaq Aydına de, çünki onun qədər kinoda məni tanıyan yoxdur.
Bəli, mən onlarla çox yaxın olmuşam və beləcə kinodan da gedə bilməmişəm.

– Hazırda Jurnalistlər Birliyi, Mətbuat Şurası ilə əlaqələriniz necədir?

– Bu yaxınlarda Azərbaycan Jurnalistlər Birliyinə getmişdim. Getdim ki, qapıda
bir nəfər oturub, elə qapını açıb bağlamaqla məşğuldur. Dedim ki, a kişi mənim
bu jurnalist kitabçam köhnəlir, gəl bunu yeniləyək. Dəyişdi. Bununla da
fəaliyyət bitdi. Birliyin sədri Elçin Şıxlıya hörmətim çox böyükdür, amma belə
olmaz, fəaliyyət göstərmək lazımdır. Mən belə baxıram sabah mən ölsəm, heç
basdırılanda da onların xəbəri olmayacaq. Əflatun Amaşov Mətbuat Şurasının
sədri olan vaxtı ona dedim ki, mən jurnalistəm, niyə məni tədbirlərə dəvət
etmirsiniz, qoymusunuz kənarda?! İndi işlədiyim kino ilə bağlı qəzet və jurnal
bağlandı, amma mən jurnalist olaraq qalıram axı, bu çap olunan kitablar ki var,
hamısı jurnalist işidir. Yaşlı adamam, bir itirib-axtarın da. Qorxurlar ki,
birdən ev istəyərəm. AllahHeydər Əliyevə rəhmət etsin, Prezident İlham Əliyevə
də cansağlığı versin. Onsuz da onlar nə diqqət lazımdır mənə göstəriblər. Ad da
veriblər, ev də. Mükafatlarım da ordadır (Əli ilə şkafın üstündə düzülmüş
mükafatları göstərir – red.).

Şkafın üstündə aktrisa Şəfiqə Məmmədova ilə foto diqqətimi çəkir. Elə ağlımdan
sual vermək keçir ki, Aydın müəllim söhbətə davam edir.

– Hə, yəqin şkafın üstündəki bu foto ilə bağlı da sualınız olar, düşünə
bilərsiniz ki, niyə ailəmlə yox, məhz Şəfiqə Məmmədova ilə şəklimiz var. Ona
görə ki, onun mənim həyatımda rolu çox böyük olub. Heç vaxt məndən dəstəyini
əsirgəməyib. Şəfiqə həmişə deyir ki, kino ilə bağlı əlimi nəyə atıram, Aydının
kitablarında hazır çıxır.

– Şəfiqə xanımdan söz düşmüşkən, bir müddət əvvəl Azərbaycan Kinematoqrafçılar
İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ)
birləşdirildi. Amma sədr hələ bəlli deyil. Necə düşünürsünüz, ittifaqların
birləşməsi uğurlu addımdır?

– Birləşməni uğurlu hesab edirəm. Amma burada bir məsələ var ki, çəkişmə
gedir. Şəfiqə xanım sakit oturub, heç nəyə qarışmır. O, böyük sənətkardır.
Şəfiqə xanım kişi qızıdır ki, parlayan vaxtı teatrdan, zirvədə durduğu bir
zamanda isə kinodan getdi. İndi də gözləyir görsün ki, bu ittifaq məsələsinin
axırı necə olacaq. Qarşı tərəf də yoldaşlarımızdır, amma belə olmaz. Dayanmadan
barələrində verilişlər gedir. Ancaq Şəfiqə xanımda elə xarakter var ki, mən
kinoda heç kimdə görməmişəm. O ki qaldı ittifaqların birləşməsini niyə uğurlu
hesab edirəm, ona görə ki, çəkişmələr dayanacaq, yalandan cürbəcür tədbirlər
olmayacaq. Yadıma gəlir 70 yaşım olanda Rasim Balayevin yanına getdim ki, bəs
mənim 70 yaşım olur. Dedi ki, pulumuz yoxdur. Heç ağzımı açmağa qoymadı. Axı
mən heç pul üçün getməmişdim. Dedi ki, sən bir kafedə qonaqlıq ver, gələk orda
danışaq. Məgər, mənim danışmağa, qonaqlığa ehtiyacım vardı?! Heç nəyə ehtiyacım
yoxdur. Mən az iş görməmişəm axı, təkcə qəzet, jurnal çapı ilə məşğul
olmamışam. Azərbaycanda yeganə adamam ki, o vaxtı aktyor, rejissor heyətini
yığıb, Sovet İttifaqının bütün kəndlərində, şəhərlərində, vilayətlərində
Azərbaycanın kino festivalını keçirirdik. Qərbi Sibirin elə yeri yox idi ki,
biz ora getməyək, festival keçirməyək.

– Bu qədər ölkələrə səfərlər edib, tanınmış kino adamları ilə həmsöhbət
olmusunuz. Bu səfərlər zamanı, yəqin ki, maraqlı söhbətlər, hadisələr olub…

– Leyla Bədirbəyli ilə, yalan olmasın, bütün SSRİ-ni gəzmişəm. Bir dəfə
birlikdə Türkmənistanda idik. Orada olduğumuz axırıncı gün bizə qonaqlıq
verdilər. Məclisdə isə bizim nümayəndələr və Türkmənistanın kino işçiləri
iştirak edirdilər. Azərbaycanın kino xadimi, jurnalist Azad Şərifov da bizimlə
idi. Onda birdən Türkmənistanın Kino Komitəsinin sədri dedi ki, Azad müəllim,
istəyirik ki, məclisin aparıcısı siz olasınız. O qayıtdı ki, yox. Bəs bizim
aramızda gözəl bir xanım var – Leyla Bədirbəyli, bütün dünyada məşhurdur.
İstəyirəm ki, o olsun. Leyla xanım durdu ayağa. İlahi…

Başladı Türkmənistanın kino tarixindən danışmağa. Sən demə o hara gedirdisə, o
ölkə haqqında əvvəlcədən oxuyub, öyrənirmiş. O cümlədən, həmin ölkənin kino,
teatr tarixi və adamları haqqında araşdırma aparırmış. Söhbətin bu yerində
birdən bir aktyor qayıtdı ki, xahiş edirəm nə qədər ki, Leyla xanım danışır,
mən söz demək istəyirəm. Bilirsiniz, Leyla xanım, mən “Arşın mal alan” filminə
baxandan sonra qarşıma məqsəd qoydum ki, aktyor olacağam və sizin Rəşid
Behbudovla oynamağınız məni elə tutdu ki, onda dedim vaxt olacaq mən gedəcəyəm
bu xanımın qarşısında diz çökəcəyəm. Amma həyat elə gətirdi ki, siz
buradasınız. İnanırsınız, o boyda kişi sözünü bitirib durub gəldi Leyla xanımın
qarşısında baş əydi. Mən həm də fotoqraf idim axı, şəkillər çəkirdim, amma
aparat o anda yanımda deyildi ki, bunu çəkim, qaldım baxa-baxa. Biz heyran
qaldıq. İndi siz görün Leyla Bədirbəyli necə qüdrətli bir sənətkardır. Həmin
aktyor SSRİ Xalq artisti Baba Annanov idi. Hə, Leyla Bədirbəyli ilə bağlı bir
maraqlı məsələni də deyim sizə. Dedim axı onunla çox səfərdə olmuşuq. Bir sarı
çamadanı vardı. Mən daşıyırdım, həmişə çox ağır olurdu. Deyirdim, ay Leyla
xanım, bunun içində nə var? Deyirdi ki, açanda görərsən. Görürdün ki, burada
görüşəcəyi hər kəs üçün hədiyyə yığıb gətirib. O qədər də diqqətli idi.

– Ermənistanda da bu kimi görüşləriniz olub?

– Onda Həzi Aslanovla bağlı “Sizi dünyalar qədər sevirdim” film çəkilirdi. O
vaxtı kinorejissor Rasim İsmayılov, operator Valeri Kərimov, baş rolu oynayan
Ramiz Novruzov və mən Gürcüstana, oradan da Ermənistana getdik. Bizi sərhəddə
qarşıladılar və mehmanxanaya yerləşdirdilər. Birdən pəncərədən baxanda gördük
ki, uzun bir xatirə memorial kompleksinə bənzəyən nəsə görünür. Bizi müşayiət
edən erməni də yanımızda idi. Soruşduq ki, bəs o nədir? Dedi ki, bu, türklərin
ermənilərə qarşı törətdiyi “soyqırımı”na həsr olunan abidədir. Qayıtdı ki,
baxmaq istəyirsinizsə, apara bilərik, çox qəribədir, onda sanki tanrı bizə
dirijorluq etdi. Hamımız bir ağızdan, xorla, eyni anda “Yox, getmirik!” dedik.
Bu, ermənilərin xoşuna gəlmədi. Bu, birinci zərbə idi. Axşam filmin
təqdimatında olduq. Kinoteatr dolu, ermənilər hamısı oturub filmə baxır. Biz də
birinci sırada əyləşmişik. Filmdə də erməni adları gedir. Hər erməni adı
getdikcə zal alqışlamağa başlayır. Orada belə bir səhnə var ki, Həzi Aslanov
erməni əsgərdən soruşur: “Sənin adın nədir?” Erməni deyir ki, Akop. Həzi
Aslanov qayıdır ki, bəs sən bilirsən Akop nədir? Adımdır da, deyir. Onda cavab
verir ki, yox, bu səngərdir. Deyəsən, sonradan həmin hissəni ekran əsərindən
çıxarıblar. Bu cavab səslənəndə zaldan səs çıxmır. Onda dedim ki, Rasim, indi
ya aləm qarışacaq, ya sakitcə çıxıb gedəcəyik. Elə ki, film bitdi, o bizi
qarşılayan, qonaqlayan, “Azərbaycan kinosu ay elə, ay belə” deyən adamlar yoxa
çıxdılar. Birdən sürücü gəldi, lenti qoydu qabağımıza, kinomexanik qayıdıb ki,
apar ver özlərinə, qoy rədd olsunlar. Bizi gətirdi mehmanxanaya, dedi ki, sabah
8-də hazır olun, gəlib sizi aparacağam. Halbuki, biz hava limanında saat 1-də
olmalı idik. Onda dedik ki, bəs saat 8-də bizim orada nə işimiz var? Cavab
verdi ki, mən bilmərəm, işlərim var, mənə deyilib ki, sizi saat 8-də hava
limanına aparım. Səhər açıldı, o sürücü saat 8-də bizi gətirdi hava limanına
qoydu, amma nə sağollaşdı, nə də başqa bir şey. Bax, qızım, ermənilərin
əvvəldən xisləti bu olub, onlar elə əvvəldən həqiqəti qəbul etməyiblər. Bax
belə maraqlı hadisələr olub.

– 20 ilə yaxın Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi fəaliyyət
göstərmisiniz, amma müsahibələrinizin birində demisiniz ki, universitet heç
bilmir ki, bu gün sizin yubileyinizdir. Sizcə, bu qədər mədəniyyət
nümayəndəsini yetişdirən bir universitetin öz incəsənət xadiminə biganə
yanaşması nə ilə bağlıdır?

– O vaxt orada rüşvətxor müəllimlər vardı. Mən də açıqsözlü adam. Sözümü
deyirdim. Sonra gördüm danışdıqca mənə qarşı münasibət də dəyişdi. Sonra da
ərizə yazıb işdən çıxdım. Amma rektor Timuçin Əfəndiyevin vaxtında vəziyyət
başqa idi. Onun dövründə 70 illiyim də universitetdə təntənəli şəkildə qeyd
olunmuşdu.

– Aydın müəllim, bu gün universitetdə 200 balla qəbul olunan tələbələr təhsil
alırlar. Səbəb kimi isə əlavə qabiliyyət imtahanının olması göstərilir. Siz
universitetin keçmiş müəllimi və bu sahənin adamı kimi belə yanaşmanı doğru
hesab edirsinizmi?

– Mən auditoriyaya girəndə tələbələrdən soruşurdum ki, aranızda “kinoşünas”
sözünü eşidib gələn varmı? Səs çıxmırdı. Deyirdilər ki, imtahan verdik, Xarici
Dillər Universitetinə, yaxud, başqa yerə düşə bilmədik və gəldik bura. Sonra
soruşurdum ki, kim şeir yaza bilir? Bir nəfər ola, ya olmaya. Soruşurdum ki,
bəlkə aranızda qısa hekayə, filan yazan var? Yenə səs çıxmırdı. Bax bunlar
yoxdursa, necə kinoşünas olmaq olar?! Ona görə mən də yönlədirmə edirdim,
deyirdim ki, yaxşı onda jurnalistikaya meyil edin. Amma müəllimlərinizdən
kinoşünaslığın texnikasını öyrənin. Hərçənd, orada elə müəllimlər vardı ki, kal
idi, bu da başqa mövzudur.

– Hər il yüzlərlə tələbə sözügedən universitetdən məzun olur. Amma onların
arasından keyfiyyətli rejissor və aktyor barmaqla sayılacaq qədərdir. Sizcə,
təqsir kimdədir – universitet heyətində, tələbədə, yoxsa ortada başqa amil var?

– Hamı günahkardır. İnsan harasa gedəndə bilməlidir ki, ora niyə gedir, sonda
nə olacaq. Amma bir məsələ də var ki, axı 30 nəfər rejissor yetişdirmək mümkün
deyil?! Uzağı 10 nəfər yetişər də. Yoxsa 30 nəfər yığışır auditoriyaya, ağız
deyəni qulaq eşitmir. İndi mənim dərsimdə sakit otururdular, çünki mən kino ilə
bağlı elə şeylərdən danışırdım ki, onlara maraqlı idi.

– “Milli seriallarımız tamaşaçıların zövqünü tamamilə korlayacaq, bu cür
seriallar yayımlanmamışdan əvvəl ilk olaraq mövzularına diqqət yetirilməlidir”
– müsahibələrinizin birində bu fikri səsləndirmisiniz. Hazırda Azərbaycan
seriallarının əksəriyyəti ailə-məişət mövzusundan kənara çıxmır. Buna tələb
var, yoxsa mövzu qıtlığı yaşayırıq?

– Rusların belə bir məsəli var – “musiqini kim sifariş verirsə, o da oynayır”.
Mən o vaxt bu fikri səsləndirmişəm, amma sonra düşündüm ki, yanılıram. Çünki
dövlət kino çəkmir, kino çəkənlər onu çəkmək üçün pul axtarırlar, tapırlar.
Deməli bu pul tapıbsa, serial, ya kino çəkirsə, onda ona “sağ ol” demək
lazımdır. Tələb də belədir. Mövzunu isə pulu verən adam deyir. Sonra da gedir
nə bilim qohumunu, ya sevgilisini gətirir ki, bunu baş rolda çəkəcəksən, filan
səhnədə də bunu edəcəksən.

– Belə olan halda biz hansı keyfiyyətdən danışa bilərik?

– Hə, burada keyfiyyət söhbəti yoxdur. İndi keyfiyyətli iş deyəndə Rövşən
İsaxın adını çəkə bilərəm. Mən ona valehəm, onun serialları əvəzsizdir.

– “Vicdan haqqı” serialı yaxşı idi. Amma o da ailə-məişət mövzusunda idi axı…

– İstənilən mövzuda serial çəkə bilərsən. Amma nə cür çəkəcəksən – məsələ
budur. İndi “Yuxu kimi” serialı gedir, camaat həftəsonunu gözləyir. Mən
rejissorun özü ilə görüşdüm. Dedim ki, qardaş, sən Azərbaycan üçün böyük
tapıntısan. Əgər ona dövlət film sifariş versə, gör o, nələr edər. Amma o, pulu
özü tapır. Pulu isə ona görə tapır ki, çünki işləri baxılır.

– Türkiyə istehsallı seriallar azərbaycanca tərcümə olunaraq
telekanallarımızda təqdim olunur. Bu barədə nə düşünürsünüz?

– Tərcümə olunmalıdır. Axı biz tam olaraq başa düşmürük, məsələn, mən baxanda
birini başa düşürəm, ikisini düşmürəm. Özü də fikir vermisiniz, türklər
Azərbaycana gələndə öz dillərində danışırlar, biz gedən kimi, dərhal
danışığımızı dəyişirik. Ona görə tərcümə olunması doğrudur.

– Vaxtilə Azərbaycanda kino ilə bağlı jurnallar çıxırdı, indi bu istiqamətdə
işlər azalıb. Ümumiyyətlə, hazırda hansısa kino jurnalını izləyirsiniz və ya
bəyənirsiniz?

– Azərbaycan Kinematoqrafçılar İttifaqının “Rakurs” jurnalı var. Xalis kino
jurnalıdır, orada çox savadlı və sanballı yazılar gedir. Onu izləyirəm.
Tələbələr əgər onu alıb oxusalar, bu onlar üçün həm də yaxşı vəsaitdir.

– Gənc kinoşünasların – Aygün Aslanlı, Sevda Sultanova və s. yazılarını
oxuyursunuz? Gənclərin kinoya yanaşması, baxış bucağını bəyənirsiniz?

– İkisi də savadlıdır. Aygün mənim tələbəm olub. Adını çəkdiyiniz hər iki
nəfər ciddi şəkildə bu işin içindədir. Sevda Sultanovanı şəxsən tanımıram, amma
yazılarından bilirəm ki, hədəf obyektini çox vurur, yəni çox sərt şəkildə
tənqid edir. Mən bir dəfə axmaq bir hərəkət etdim. Bir film haqqında çox sərt
çıxış etdim, əslində o qədər pis film də deyil. Amma tənqid etdim. Əslində
olmaz, bütün hallarda ortada zəhmət var. Yaxşı tərəfi də görmək lazımdır. Bir
var başı sığallayıb vurasan, biri də var qapazı ilişdirəsən.

– Azərbaycan kino tarixindən sadəcə bir film seçmək imkanınız olsaydı, hansını
seçərdiniz?

– Bir əhvalatı danışım, onda siz görəcəksiniz ki, niyə bir film adı çəkə
bilmirəm. O vaxtı Polad Bülbüloğlu nazir olanda, mən Dövlət Film Fondunda
işləyirdim. O, məni işlərimdən, yazılarımdan tanıyırdı. Bəzən nəsə olan kimi
birbaşa mənimlə əlaqə saxlayırdı. Bir gün zəng etdi ki, UNESCO məktub göndərib
ki, onların kataloqu çıxacaq, onun üçün hər respublikadan 3 film istəyirlər, 3
film adı deyə bilərsən? Dedim ki, Polad müəllim, 3 saniyə içərisində deyərəm,
amma uyğundursa, sabah yığın kinostudiyanın direktorunu, İttifaqdan da adam
gəlsin, sizin kino şöbəsinin müdiri də həmçinin, Ayaz Salayevi və bir neçə belə
adamla birlikdə müzakirə edək. Razılaşdı. Sonra kimsə kənarda qalacaq deyəcək,
məgər mənim filmin əskikdir, niyə mənim filmim göndərilməyib?! Yığışdıq.
Birinci adını çəkdim “Arşın mal alan” filminin – ona görə ki, Azərbaycanın
inqilabdan əvvəlki vəziyyəti orada əks olunub. İnsanların necə yaşadığı orada
öz əksini tapıb. İkinci filmi “Bir cənub şəhərində” dedim. Gördüm bunu deyəndə,
yoldaşları bu təklifim tutdu. Dedim ki, biz özümüz də qəbul etmişik ki, bu,
Azərbaycan kinosunda dönüş yaratdı. Kinomuzda pafos bununla da yox olub getdi.
Bu film sovet hökumətinin astarını göstərir. Üçüncü üçün isə iki variant vardı:
“Nəsimi” və ya “Babək”. “Nəsimi” gözəl işdir, aktyor, rejissor işi, hər şey
əladır, Rasim Balayevin də oyununa söz yoxdur, bu, bir tarixdir, amma sonda
Nəsimin dərisinin soyulması məqamı ki var, film kataloqa salınanda göstəriləcək
ki, o cür şairin dərisini soyurlar. İnsanlar bunu yaxşı qəbul etməyəcək ki,
insanın da dərisini soymaq olar?! Bu adamlıq deyil, amma “Babək” filmində
sərkərdə 22 il atın belində ərəblərə qarşı vuruşub. Biz bu filmlə göstəririk
ki, Azərbaycan xalqı igiddir və öləndə də kişi kimi ölür. Amma bir məsələ də
var ki, bu filmin bəstəkarı Polad Bülbüloğludur. İndi qoy yoldaşlar seçsin.
Sonra deməsinlər ki, Aydın yaltaqlıq edir. Hamısı qayıtdı ki, “Babək” filmi
olsun. Elə o da oldu. Bu üç film yollanıldı. Ona görə də, bir film adı çəkmək
çətindir.

– Cəfər Cabbarlı, Elmira Şabanova haqqında yazdığınız kitabların çap prosesi
ilə bağlı məsələ nə yerdədir?

– Cəfər Cabbarlının kitabı hələ ki, durur, ömür vəfa etsə, çap etdirəcəyəm,
redaktə işi qalıb, Elmira Şabanova ilə bağlı kitab isə mətbəədədir.

– İkicildli “Azərbaycan Kino Salnaməsi”nin birinci hissəsini çap etmisiniz.
Bildiyimə görə, ikinci cild üzərində işləyirsiniz?

– Bəli, kitabın birinci cildi çapdan çıxıb. Növbəti cildlə bağlı bütün işlər
yekunlaşıb, Film Fonduna vermişəm. Qızım, mən dayanmıram, evdə belə, hazırda
qrafikli çalışan adamlardan çox işləyirəm. Məni nərd, domino oynayan
görməzsiniz. Heç vaxtım da yoxdur. Ömür vəfa edənə qədər çalışacağam.

Source link