“ABB-Moskva”nın adı “Rosqvardiya” ilə qalmaqalda

“ABB-Moskva”nın adı “Rosqvardiya” ilə qalmaqalda

Baxış sayı: 3. 289 dəfə baxılıb.

“Azərbaycan Beynəlxalq Bankı”nın adı iş adamı Nazim Mirzalıyevə məxsus “BazisTikintiLayihə”  şirkəti ilə qalmaqalda hallandırılır. 

ÇıxışYolu.Com Rusiya mətbuatına istinadən xəbər verir ki, “BazisTikintiLayihə” şirkəti Yekaterinburqda hərbçilər üçün çoxmənzilli binanın podratçısı olub. 

Lakin bir müddət sonra dövlət layihəsinin realizasiyasından imtina edib. 

“ABB-Moskva”nın adının bu işdə hallandırılması isə “BazisTikintiLayihə”nin əsas zəmanətçisi kimi çıxış etməsi ilə bağlıdır. Hansı ki, nəticədə müqavilənin pozulması və podratçının işləri yarımçıq buraxması səbəbindən cərimə ödəmək məcburiyyətində qalıb. 

Xatırladaq ki, “BazisTikintiLayihə” 2016-cı ildə sifarişçisi “Rosqvardiya” olan, Soboleva küçəsi, 10 ünvanında hərbçilər üçün çox mənzilli binanın tikintisi ilə bağlı tenderin qalibi olub.

Tikinti çərçivəsində podratçının 175 milyon rubl alması nəzərdə tutulurdu. Lakin  “BazisTikintiLayihə” işlərin cəmi 15 faizini reallaşdırdıqdan sonra öhdəliyini icra etməyib. Nəticədə 129 hərbçi ailəsi bir ilə yaxın mənzilsiz qalıb.

“Rosqvardiya” rəhbərliyi 148 milyon rubl dəyərində tikinti işlərinin başa çatması üçün müqaviləni “Alfastroy” şirkəti (Çelyabinsk Dumasının deputatı Oleq İvanova məxsusdur) ilə yeniləyib. Şirkət təyin edilən vaxtda işləri başa çatdırıb. 2018-ci ildə hərbçilər yeni mənzillərinin açarlarını təhvil alıblar. 

Sifarişçi həmçinin “ABB-Moskva”nın verdiyi zəmanət səbəbindən itkilərini bərpa edib. Belə ki, bank podratçının dövlət sifarişinin realizasiyası ilə bağlı öhdəliyini icra etmədiyinə görə 17 milyon rubl təzminat ödəyib.

Rusiya mətbuatı yazır ki, hazırda bank Mirzalıyev ailəsinə kredit şəklində verdiyi 120 milyon rublu geri qaytarmağa çalışır. 

“ABB-Moskva” “BazisTikintiLayihə”yə qarşı maliyyə iddiası qaldırsa da, bazar iştirakçıları şirkətin milyon rubldan çox krediti qaytaracağına şübhə edirlər. Çünki 2017-ci ilin sonunda “BazisTikintiLayihə”yə qarşı iflas prosesi başlayıb.

Aktivlərin invertasiyası prosesində məlum olub ki, sabiq podradçının mülkiyyətində cəmi  dörd avtomobil var. Onların da ümumi dəyəri 380 min rubldur. 

.
www.ÇıxışYolu.Com